Saytımızı qiymətləndirin


 
 

Paris reallığı qəbul etdi - Fransa Azərbaycanla barışır
Tarix: 03-10-2025 | Saat: 17:44
Bölmə:Karusel / Dünya | çapa göndər

Paris reallığı qəbul etdi - Fransa Azərbaycanla barışır

 

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron arasında diqqətçəkən görüş baş tutub.

İki ölkə arasında münasibətlər son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Fransa tərəfinin sərgilədiyi siyasət və təxribatçı bəyanatlar səbəbindən gərginləşmişdi. Parisin erməni lobbinin təsiri altında atdığı addımlar, beynəlxalq müstəvidə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi əlaqələrin uzun müddət gərgin qalmasına səbəb olub.

Buna baxmayaraq, Kopenhagen görüşü tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyi ehtimalını gündəmə gətirib. Emmanuel Makron görüş zamanı Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan nəticələr münasibətilə İlham Əliyevi təbrik edib.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair də fikir mübadiləsi aparılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Fransa-Azərbaycan münasibətlərində çox ciddi və dönüş nöqtəsi olan dövr başlaya bilər:

"Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin toplantısının əvvəlində, öz çıxışında və nəhayət ikitərəfli görüşdə cənab Prezident İlham Əliyevi təbrik etdi. Bu elə belə ola bilməz. Çünki artıq Azərbaycanın apardığı siyasət tam şəkildə öz reallığını və düzgünlüyünü sübut edib. Bunu inkar etmək mümkün deyil. Bu nöqteyi-nəzərdən Fransa-Azərbaycan münasibətlərində çox ciddi və dönüş nöqtəsi olan dövr başlaya bilər.  Fransa Azərbaycanın yaratdığı reallığı göründüyü qədərilə artıq qəbullanmağa başlayır. 

Fransa hakimiyyəti ətrafında olan erməni lobbisinin təsirini kənara qoyub, real və normal ikitərəfli, qarşılıqlı hörmətə, maraqlara uyğun münasibətləri  təşkil etmək niyyətində və gücündədirsə, regionda dağıdıcı, destruktiv qüvvələri yox, konstruktiv və gələcəyə işləyən qüvvələrlə əməkdaşlıq etməyə hazırdısa, biz bu istiqamətdə qapıları bağlamamışıq. Fransa özü özünü regionda dağıdıcı qüvvə kimi göstərib".

Komitə sədri vurğulayıb ki, Fransa ilə əlaqələri qurmağa başlamaq olar:

"Biz əlaqələrimizi qurmağa niyə də başlamayaq?! Hamıya bəllidir ki, Azərbaycanla Fransa arasında Parlamentlərarası İşçi Qrupu hazırda yoxdur. Bu istiqamətdə ilk addımı atan tərəf Fransa olub, onların davranışına uyğun olaraq biz də işçi qrupunu ləğv etmişdik. Ona görə ki, Azərbaycanın mövqeyi, apardığı siyasət və davranışı özünə hörmət tələb edir. Fransa bu məsələləri yerinə yetirib, normal davranış sərgiləyəcəksə hər şey normallaşa bilər. Fransanın, artıq bu istiqamətdə hərəkətə başladığı görünür. Fransanın ölkəmizə yeni səfiri təyin edilib. Fransa Prezidenti cənab Prezidenti bir görüşdə 3 dəfə təbrik edib. Bu o deməkdir ki, onlar Azərbaycanın yaratdığı reallığı qəbul etmək niyyətindədirlər. Azərbaycanla Ermənistan arasında olan münasibətləri bizim təklif etdiyimiz formada qəbul edirlər. Bu isə müsbət qiymətləndirilə bilər. Ancaq yenə ətraflarında olan diasporun zəhərini qəbul edəcəklərsə, regiona bizim yaratdığımız şərait əsasında yox, başqa cür müdaxilə etmək istəsələr, bu, mümkün olmayacaq".



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər