Saytımızı qiymətləndirin


 
 

“Laçın yolunda Azərbaycan əsgəri olmamalıdır” deyən Paşinyana Bakıdan cavab: “Bisavaddır”
Tarix: 27-04-2023 | Saat: 16:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Laçın yolunda Azərbaycan əsgəri olmamalıdır” deyən Paşinyana Bakıdan cavab: “Bisavaddır”“Ermənistanın Baş naziri Nikol Paşinyanın Laçın yolunda sərhəd-buraxılış məntəqəmizin qoyulması ilə bağlı çıxışları ilk belə bəyanat deyil. Biz dəfələrlə Ermənistan tərəfindən bu cür bəyanatları eşitmişik və eşitməkdə də davam edəcəyik”. 

Qarabaginfo.az xəbər verir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Laçın yolu üzərində Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsi barəsində söylədiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni Baş nazir hökumətin bugünkü iclasında söyləyib ki, Laçın yoluna yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir və Azərbaycanın həmin yolda NBM qurması guya ki, qanunsuzdur və 10 noyabr üçtərəfli bəyanatının tələblərini pozur. 

O.Qasımov xatırladıb ki, bu fikirlərin bizim üçün qara qəpik qədər də əhəmiyyəti yoxdur: 

“Əvvəla, Paşinyan özünü bisavad yerinə qoyaraq, guya 10 noyabr anlaşmasında belə bir bənd olmadığını söyləyir. Amma reallıq odur ki, Azərbaycan müstəqil ölkədir və özünün suveren sərhədlərindəki istədiyi nöqtədə sərhəd-keçid məntəqəsi qurmaq hüququ var. Bunlar beynəlxalq hüquqla dövlətlərin malik olduğu hüquqlardır. 

İkincisi, baş nazirin istinad etdiyi 10 noyabr anlaşması sazişi imzalayan ölkələrin Konstitusiyasından və beynəlxalq hüquqdan yüksəkdə duran bir sənəd deyil. 

Üçüncüsü isə 10 noyabr razılaşmasında həmin ərazidə sərhəd-keçid məntəqəsinin qurulmayacağı ilə bağlı heç bir fikir yoxdur”.

Analitik sual edib ki, əgər Paşinyan və Ermənistan hakimiyyəti 10 noyabr üçtərəfli bəyanatına bu qədər önəm verirsə, onda niyə Ermənistan bu bəyanatın şərtlərini yerinə yetirmir və Azərbaycan ərazisində hələ də saxladığı 10 mindən artıq Ermənistan ordusuna mənsub hərbi birləşmələri torpaqlarımızdan çıxarmır? 

“Hansı ki, həmin bəyanatın 4-cü bəndində açıq şəkildə göstərilir ki, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi ilə paralel olaraq, həmin qüvvələr ərazidən çıxarılmalıdır. Amma Ermənistan bunu etməyib. 

Laçın yolu ilə Zəngəzur dəhlizinin statuslarına gəldikdə isə üçtərəfli bəyanatda bu 2 yola eyni prinsiplər tətbiq edilmişdi. Azərbaycan isə 2 il yarım müddətində Qarabağ ermənilərinin Ermənistana sərbəst gediş-gəlişlərinə və onların təhlükəsizliyinə təminat vermişdi və sülhməramlılar da bu prosesə nəzarət edirdilər. 10 noyabr anlaşmasında isə yalnız mülki şəxslərin və humanitar yüklərin daşınması və hərəkəti nəzərdə tutulurdusa, biz bunun tamamilə əksini gördük. Ərazidən silah-sursat minalar daşındı, İran və digər ölkələrdən olan terrorçular əraziyə gətirildi. Bununla da üçtərəfli bəyanatın şərtləri pozuldu. Hətta Azərbaycanın təbii sərvətləri talan olunaraq, Ermənistana daşındı”. 

“Bununla bərabər, Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasını əngəlləyir və onu açmaq niyyəti yoxdur. Zəngəzur dəhlizi ilə bağlı Baş nazir Paşinyan və ətrafındakılarının bəyanatına diqqət yetirsək, görərik ki, burada hansısa dəhlizdən söhbət getməməsi ilə bağlı fikirlər irəli sürüldü və həmin ərazilərdə Ermənistanın suveren hüquqları önə çəkildi. Hətta bu dəhlizin giriş-çıxış hissələrində beynəlxalq gömrük hüququnun tətbiq olunacağı söylənildi. Çox gözəl, əgər belədirsə, eyni tələbləri Azərbaycan irəli sürdü. Ona görə də istər Paşinyanın, istərsə də hansısa digər bir “yan”ın bu mövzuda söylədiklərinin bizim üçün xüsusi bir əhəmiyyəti yoxdur” – yekunlaşdırıb.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər