Tarix: 30-10-2026 | Saat: 15:55
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan müxalifət fraksiyalarını yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına imkan yaratmağa, eyni zamanda sənədin əleyhinə kampaniya aparmaq hüquqlarını qorumağa çağırıb.
“Armenpress” xəbər verir ki, bu barədə Rubinyan brifinqdə jurnalistlərə deyib.
“Onlara parlamentdə bu sənədin sırf texniki baxımdan irəliləməsi və xalqın qərar verməsinə imkan yaradılması üçün lazımi sayda səs toplamağa nə mane olur? Tutaq ki, onlar haqlıdırlar və bu, həqiqətən də çox pis Konstitusiyadır. Elə isə onun xalqın mühakiməsinə çıxarılmasına imkan versinlər. “Əleyhinə” kampaniyasına rəhbərlik etsinlər, mövqelərini vətəndaşlara izah etsinlər, qərarı isə xalq özü versin”, – parlamentin spikeri bildirib.
Rubinyanın sözlərinə görə, müxalifət Konstitusiya layihəsinə qarşı olduğunu bəyan edə, öz arqumentlərini təqdim edə və bununla yanaşı, seçiciləri də daxil olmaqla, vətəndaşların qərar verməsinə şərait yarada bilər.
“Onlar kifayət qədər səs verə, siyasi qüvvə kimi Konstitusiya mətninin əleyhinə olduqlarını bildirə, narazılıqlarını əsaslandıran arqumentlər səsləndirə və eyni zamanda xalqa qərar vermək imkanı yaratdığımızı bəyan edə bilərlər”, – Rubinyan vurğulayıb.
Spiker dərc olunmamış Konstitusiya mətninin rədd edilməsinə yönələn yanaşmanı da tənqid edib. O bildirib ki, sənədin məzmunu ilə tanış olmadan ona qiymət vermək düzgün deyil.
Müstəqillik Bəyannaməsinə istinad məsələsinə toxunan Rubinyan qeyd edib ki, söhbət qüvvədə olan Konstitusiyadan hər hansı müddəanın çıxarılmasından getmir, çünki yeni Konstitusiya sıfırdan hazırlanır.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Digər xəbərlər



















