Tarix: 03-10-2025 | Saat: 12:57
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır və bu baxımdan Almaniya Aİ-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsinə böyük önəm verir.
Bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann APA-ya müsahibəsində deyib.
Diplomat bildirib ki, Almaniya Avropa İttifaqında ən böyük iqtisadiyyata malikdir: “Yaxın əməkdaşlıq bizim iqtisadi maraqlarımıza xidmət edir. Azərbaycan Aİ üçün mühüm enerji tərəfdaşıdır və gələcəkdə blok üçün bərpaolunan enerji təminatçısı kimi əhəmiyyətli rol oynaya bilər. Azərbaycanın COP29-a uğurlu ev sahibliyini, Aİ və onun beynəlxalq iqlim səylərində liderlik edən üzv dövlətlərini nəzərə aldıqda, bu sahələr əməkdaşlıq üçün çoxlu fürsətlər yaradır. Aİ və Azərbaycan birlikdə hər iki regionda yaşıl keçidi sürətləndirə bilər. Bundan əlavə, nəqliyyat və konnektivlik Aİ-nin böyük təcrübə təqdim edə biləcəyi sahələrdir. Azərbaycan artıq Aİ-nin Qlobal Keçid Təşəbbüsündə iştirak edir. Hansı ki, burada Orta Dəhliz vacib komponentdir”.
Səfir xatırladıb ki, Avropa və Azərbaycan arasındakı əlaqələr 1999-cu ildə əldə olunmuş Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşması vasitəsilə idarə olunur: “Almaniya ticarət üçün daha ətraflı mexanizmin qurulmasını nəzərdə tutan yeni tərəfdaşlıq razılaşmasının əldə olunması üçün 2017-ci ildə başladılan danışıqları müsbət qarşılayır. Yeni razılaşmanın Aİ və Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmaq potensialı var. Buna görə də, Almaniya danışıqlar prosesini dəstəkləməyə davam edir. Aİ-dən olan tərəfdaşlarımızla birlikdə qarşılıqlı olaraq razılaşdırılmış məqsədlərin həyata keçirilməsinə razıyıq”.
Digər xəbərlər