Tarix: 24-06-2023 | Saat: 18:00
Bölmə:Karusel / Siyasət | çapa göndər
Vaşinqtonda Türkiyə-ABŞ Strateji Mexanizm Dialoqunun beşinci toplantısı keçirilib.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib. Tərəflər iclasın nəticələrinə dair ortaq bəyanat yayıb.
Qeyd olunub ki, Türkiyə xarici işlər naziri müavini Burak Akçapar və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulandın sədrliyi ilə keçirilən görüş zamanı Türkiyə və ABŞ, NATO üzvləri və tərəfdaş ölkələr kimi, qarşılıqlı maraq doğuran sahələrdə güclü əməkdaşlığı daha da dərinləşdirməyə sadiq olduqlarını bir daha bəyan ediblər.
“Tərəflər bütün səviyyələrdə ikitərəfli siyasi, müdafiə və təhlükəsizlik məsləhətləşmələrini genişləndirmək və hər iki ölkənin strateji maraqlarına uyğun olaraq hərtərəfli tərəfdaşlığı gücləndirmək öhdəliyi götürüblər. Tərəflər Türkiyə-ABŞ müdafiə və təhlükəsizlik əməkdaşlığının regional sülhə töhfə verdiyi barədə razılığa gəliblər və Türkiyənin F-16 qırıcılarının modernləşdirilməsi tələbi ilə bağlı irəliləyişi müzakirə ediblər”.
Bundan əlavə, nümayəndə heyətləri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti Sammitinə hazırlıq işlərini nəzərdən keçirib, NATO-nun Açıq Qapı Siyasətinə güclü dəstəyini təsdiqləyib.
Türkiyə və ABŞ, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini qəbuledilməz hesab etdiklərini təsdiqləyib: “Tərəflər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə güclü dəstəklərini bir daha bəyan ediblər, BMT Nizamnaməsinin prinsipləri əsasında Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün birgə işləyəcəklərinə dair öhdəlik götürüblər. Birləşmiş Ştatlar Türkiyənin BMT ilə əməkdaşlıq çərçivəsində bütün dünyada ərzaq qiymətlərinin sabitləşməsinə kömək edən Qara Dəniz Taxıl Təşəbbüsünü genişləndirmək səylərini yüksək qiymətləndirib” .
Regional məsələlər, enerji böhranı və terrorla mübarizə kimi məsələlərin müzakirə olunduğu iclasda Strateji Mexanizm çərçivəsində xarici işlər nazirlərinin görüşünə hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər