“Əbu-Dabidə prezident İlham Əliyev və Baş nazir Paşinyanın görüşünü tarixi adlandırmaq olar. Çünki Ermənistan-Azərbaycan münaqişəsi başladığı nöqtəyə qayıdıb”.
Qarabaginfo.az bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Əbu-Dabi görüşünün nəticlərini şərh edərkən qeyd edib.
Sabiq nazir deyib ki, görüşün ilkin nəticələri onu göstərir ki, faktiki paraflanmış sülh sazişinin imzalanması Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü şərtdən asılıdır.
T.Zülfüqarovun fikrincə, kommunikasiyalar mövzusu, o cümlədən Zəngəzur dəhlizi mövzusu Sülh Sazişinin mətnindən çıxarılsa da, yuxarıda qeyd olunan iclasda əsas müzakirə mövzusu olub.
“Azərbaycan və Rusiya arasında gərginliyin səbəblərindən biri odur ki, Moskvanın 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin icrasını təmin etmək istəməməsi fonunda həm Ermənistan, həm də Azərbaycan üçüncü tərəfin (bəlkə də ABŞ-ın və ya Türkiyənin) təhlükəsizliyinin təminatçısı kimi iştirakının mümkünlüyünü müzakirə etmək barədə razılığa gəliblər“-deyə T.Zülfüqarov vurğulayıb.
Sabiq nazirin sözlərinə görə, çox guman ki, ABŞ-la İran arasında aparılan danışıqlarda Zəngəzurla bağlı “İran qırmızı xətləri” məsələsi aradan qaldırılıb.
“Bu görüş ehtimal etmək olar ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti olmadan işləməsi məsələsini müzakirə edən ilk görüşlərdən biridir. Əgər mənim fərziyyələrim doğrudursa, bu görüşü tarixi adlandırmaq olar. Çünki Ermənistan-Azərbaycan münaqişəsi başladığı nöqtəyə qayıdıb. Bu gün az adam xatırlayır ki, ilk azərbaycanlı qaçqınlar 1987-ci ilin payızında Qafanda peyda olub və erməni millətçilərinin hücumuna məruz qalan ilk nəqliyyat xətti Azərbaycan Dəmir Yolları İdarəsinin Meğri hissəsi olub”.