Tarix: 02-08-2023 | Saat: 11:26
Bölmə:Karusel | çapa göndər
Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa vilayətinə zərbələr endirib.
Qarabaginfo.az yerli rəsmilərə və mediaya istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələr nəticəsində Odessanın cənubunda yerləşən limana və taxıl anbarlarına ziyan dəyib.
Odessa qubernatoru Oleq Kiper hücumun dəqiq yerini açıqlamayıb və itkilər barədə hələlik məlumat olmadığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında ölkənin cənubuna ciddi ziyan dəydiyini yazıb: "Rusiya terrorçuları növbəti dəfə limanlara, taxıllara, qlobal ərzaq təhlükəsizliyinə hücum ediblər".
Ukrayna ordusunun rəsmisi Sergey Bratçuk bildirib ki, Rusiya Ukrayna taxılını məhv etməyə çalışır, sənaye və liman infrastrukturuna hücum edir. "Təəssüf ki, zərbələr var, təəssüf ki, silos zədələnib və ərazidə yanğınlar başlayıb", - o qeyd edib. Yerli mətbuatın məlumatına görə, PUA-lar Qara dənizdən keçərək, Ukrayna taxılının Rumıniyanın Qara dənizdəki Konstansa limanına daşınması üçün istifadə edilən İzmail limanına doğru hərəkət edib.
Rusiya ordusu PUA-larla Kiyev şəhərinə də zərbələr endirib. Zenit bölmələri Kiyevə hücum edən PUA-ları vurmağa çalışıblar. Kiyev meri Vitali Kliçko deyib ki, PUA-ların qalıqları Kiyevin üç rayonuna düşüb, lakin xəsarət alan olmayıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 2-nə keçən gecə Rusiya İran istehsalı "Şahed-136/131" PUA-ları ilə hücum edib. Məlumata görə, ümumilikdə 23 PUA məhv edilib.
Digər xəbərlər