“Ukrayna 2024-cü ildə Alyansın yay sammiti çərçivəsində NATO-ya üzv ola bilər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov CNN-ə müsahibəsində deyib.
Reznikov Ukraynanın yalnız qələbədən sonra bloka qoşula biləcəyini təsdiqləyib. “Müharibənin gələn yaya qədər bitəcəyini düşünürsünüzmü” sualına o, belə cavab verib: “Bəli. Biz bu müharibədə qalib gələcəyik”.
ABŞ və digər NATO ölkələri müharibə davam etdiyi üçün Ukraynanı hazırda Alyansa qəbul edə bilməyəcəklərini bəyan ediblər. Əks halda Şimali Atlantika Müqavilənin 5-ci maddəsi qüvvəyə minəcək. Bu, NATO-nun bir üzvünə hücumun bütövlükdə NATO-ya hücum olduğunu və alyansın bütün üzvlərinin reaksiyasına səbəb olmasını nəzərdə tutur.
Müdafiə nazirinin sözlərinə görə, Alyansa qoşulmağın faydaları yalnız müharibədən sonra artacaq: “Qələbədən sonra bu, NATO-nun maraqlarına uyğun olacaq, çünki biz NATO-nun əsl şərq sipərinə və ya Avropanın şərq sipərinə çevrilmişik. Ukrayna NATO standartlarına uyğun silahlardan istifadə etməklə əsl döyüş təcrübəsi qazanıb”.
Reznikov həmçinin Co Bayden administrasiyasının Ukraynanı müharibə başa çatdıqdan dərhal sonra NATO-ya qəbul etməkdən imtina etməsini mühüm maneə hesab etməməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna üçün nizamlı qəbul proseduru tətbiq olunacaq və bu zaman ölkə lazımi islahatlar üzərində işləməyə davam edəcək.