Saytımızı qiymətləndirin


 
 

"Proses bununla dayanmayacaq. Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir"
Tarix: 17-05-2023 | Saat: 13:11
Bölmə:Karusel / İqtisadiyyat / Yazar | çapa göndər

 

Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlandı. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib.

Məlumat üçün bildirim ki, “Günay Bank” ASC 1992-ci ildə yaradılıb. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır. Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

“Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşdü.

Qısaca qeyd edim ki, proses bununla dayanmayacaq. Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir.

Samir Əliyev
İqtisadçı ekspert



Xəbəri paylaş

1845 dəfə oxunub.

Digər xəbərlər