Tarix: 27-08-2021 | Saat: 14:34
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın Azərbaycana qarşı davam edən hərbi və siyasi təxribatlarına, daha dəqiq desək, iki erməni hərbçinin azərbaycanlı əsgərə hücum edərək onu bıçaqlamasına cavab olaraq ötən gün Azərbaycan Ordusunun əsgərləri Gorus-Qafan yolunu bağlayıb. Bundan sonra Rusiyanın vasitəçiliyi isaə tərəflər arasında danışıqlar baş tutub. Bu gün isə erməni mətbuatının yazdığına görə, danışıqlar çərçivəsində rəsmi Bakı Gorus-Qafan yolunun açılmasına qarşılıq Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb edib.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını əlində Azərbaycana təzyiq vasitəsi kimi saxlamaq istəyir:
“Nə qədər söyləsələr də ki, Zəngəzur dəhlizinin açılması onlar üçün xeyirli deyil, bu, yalandır. Hətta içərilərində də belə bir sakitlik var ki, bu yol Ermənistanı blokadadan çıxara bilər. Amma hazırda naz edirlər və Azərbaycandan güzəştlər qoparmağa çalışırlar. Bu güzəştlər həm sərhəd, həm də Qarabağın dağlıq hissəsi ilə bağlı məsələlərdədir.
Onlar nəyəsə nail ola biləcəklərinə ümid edirlər. Amma Azərbaycanın bu məsələlərin heç birində kompromisə getmək fikri yoxdur. Hələ ki Qafan-Gorus yolunu bağlamaqla işə başlamışıq. Azərbaycanın qarşısında duran ən mühüm məsələ Gorus-Qafan yolu ilə Ermənistanı sınağa çəkib onu Zəngəzur dəhlizi məsələsində güzəştlərə gətirməkdir”.
Politoloq vurğulayıb ki, əgər bu addım bir nəticə verməsə, növbədə Laçın koridorunun bağlanması məsələsi var:
“Azərbaycan ən ifrat addım kimi Laçın koridorunu da bağlaya bilər. Yəni növbəti həmlələr daha qəti, daha sərt olacaq, həm Rusiyanin maraqlarına toxunacaq, həm də Ermənistanı büsbütün dizi üstə qoya biləcək. Bu gedişlə Laçın koridoru üzərində nəzarəti öz üzərimizə götürəcəyik.
Düzdür, Gorus-Qafan yolunu bağlamaq da Ermənistan üçün ciddi təhdiddir, amma ola bilər ki, nəticə verməsin. Onlar başqa sahələrdə güzəştə getməklə Azərbaycanı yayındırmağa çalışa bilərlər.
Amma dediyim kimi, Azərbaycanın bu məsələdə tutduğu mövqe qətidir. Artıq bölgədəki geosiyasi vəziyyətin dəyişdiyini görürük. Füzuli aeroportu açıldıqdan sonra Azərbaycanın sözü daha təsiredici olacaq və istədiklərimizi həyata keçirəcəyik. Ermənilər Zəngəzur dəmir yolunu həmişə qapalı saxlaya bilməzlər, bu, mümkün deyil. Bu Azərbaycanın Ermənistana qarşı yeni ərazi iddiaları və sərhəd toqquşmalarına, hətta ölkəmizin Zəngəzur uğrunda mübarizəyə başlamasına gətirib çıxara bilər. Azərbaycanda bu siyasi iradə var, güman edirəm ki, belə də olacaq”.
Digər xəbərlər