Tarix: 05-08-2021 | Saat: 10:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən gün bir qrup feminist fəal əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı Xəzər rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar.
Qarabaginfo.az xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətin şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, hadisə zamanı saxlanılan olmayıb.
Polis İdarəsinin qarşısına toplaşan fəalların iddiasına görə, onlar daha sonra inzibati binaya çağırılaraq zorakılığa məruz qalıblar. Sözügedən İdarənin Elmir İbrahimov və Pərviz adlı polis əməkdaşlarından şikayətçi olan qadınlar döyüldüklərini və şəxslərinə qarşı təhqiredici ifadələrə yol verildiyini iddia ediblər.
Elşad Hacıyev bu iddialara da münasibət bildirib: “Sözügedən şəxslərin iddiaları əsassızdır və həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.
Xatırladaq ki, avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində çoxsaylı bıçaq zərbələri nəticəsində öldürülüb. Hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı.
Ötən gün DİN növbəti dəfə açıqlama yayaraq bu məsələdə polisin daha çox müzakirə edilməsinə aydınlıq gətirmişdi. Elşad Hacıyev hadisəni ağır, faciəvi adlandıraraq bu halın baş verməməli olduğunu qeyd etmişdi.
Digər xəbərlər