Saytımızı qiymətləndirin


 
 

“Putinin Qarabağ barədə son açıqlaması da  bizim xeyrimizədir...”
Tarix: 01-07-2021 | Saat: 15:13
Bölmə:Karusel / Region | çapa göndər

“Putinin Qarabağ barədə son açıqlaması da  bizim xeyrimizədir...”
“Onun artıq neçənci dəfə  keçmiş müttəfiq respublikalarının ərazisini “tarixi Rusiya torpaqları” adlandırması daxili vəziyyəti ağırlaşan bir çox ölkələrdə işlənən siyasi metodun təzahürüdür…”
 
Xəbər verildiyi kimi,  dünən iyunun 30-da Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik suallara birbaşa cavabları zamanı Sovet İttifaqını yenidən qurmağın mənasız və praktik olmadığını dilə gətirib. Bir sıra analitiklər hesab edir ki, şimal qonşumuzun dövlət başçısı artıq keçmiş sovet imperiyasının bərpası ideyasına nöqtə qoyub. Lakin V.Putinin çıxışındakı bəzi nüanslar diqqəti cəlb edir. Birincisi, o, artıq dəfələrlə dediyi fikri bir daha təkrarlayıb və hazırda hər biri müstəqil dövlət sayılan keçmiş müttəfiq respublikalarının ərazisini birbaşa olmasa da, dolayısıyla “tarixi Rusiya torpaqları” adlandırıb. Halbuki,  XVIII-XX əsrlərdə  həmin ərazilər işğal olunub.  Yəni bu fikirdən belə nəticə çıxır ki, Azərbaycan Respublikası və o cümlədən hazırda Rusiya qoşunlarının yerləşdiyi keçmiş Dağlıq Qarabağ ərazisinin bir  hissəsi də, eləcə Gürcüstan da onun Abxaziya, Cənubi Osetiya kimi əraziləri də və s. “tarixi Rusiya torpaqları”dır… İkincisi də Putin Azərbaycanın bəhs edilən ərazisini, sovet dövründə olduğu kimi, “Dağlıq Qarabağ” adlandırır və Azərbaycanla Ermənistan arasındakı sovet dövründəki sərhədlərin bərpasından danışır… 
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bunları söyləyib: 
“Əvvəla, Putin Azərbaycanın və ya keçmiş Dağlıq Qarabağın tarixi Rusiya ərazisi olduğunu birbaşa söyləməyib.  Odur ki, onun keçmiş SSRİ ərazisini  “tarixi Rusiya torpaqları” hesab etməsindən narahat olmağa dəyməz. İkincisi də əsas Rusiya liderinin Qarabağ haqqında son fikirlərinə diqqət etmək gərəkdir. Putin deyib ki, məsələ həll olub, qalıb Azərbaycan və Ermənistan arasındakı sərhədləri bərpa etmək. Yəni o, çıxışında vurğulayır ki, sovet dövründə iki respublika arasında inzibati sərhədlər olub və bunlar bərpa olunmalıdır... Biz də eyni şeyi deyirik. Sadəcə, ermənilər qəbul etmir. Odur ki, əslinə qalsa, Putinin Qarabağ barədə son açıqlaması da  bizim xeyrimizədir...”
 
Politoloq  Rusiya Prezidentinin  son çıxışlarının adətən daxili auditoryaya hesablandığını da qeyd edib.
 
“Rusiya başçısının keçmiş müttəfiq respublikaların ərazilərinin “tarixi Rusiya torpaqları” olması haqqında fikirlərinə gəldikdə, bunlar siyasi çəkisi olmayan  ifadələrdir. Birincisi, hamı bilir ki, artıq SSRİ-nin bərpası mümkünsüzdür. İkincisi, əlbəttə, Putin emosional baxımdan özünü SSRİ-nin dağılmasıyla barışmayan kimi göstərir və bunu ötən çıxışlarından birində “geopolitik fəlakət” adlandırıb. Amma reallığı, digər siyasətçilər kimi, o da yaxşı anlayır... Bunu Rusiya-Belarus ittifaqının alınmaması, əksinə iki dövlət arasında müəyyən gərginliklərin yaranması təcrübəsi də göstərdi. Buraya Rusiyanın Ukrayna, Gürcüstan və s. keçmiş müttəfiq respublikalarla münasibətlərindəki gərginliyi də əlavə etsək, hər şey aydın olar... Və üçüncüsü, hesab edirəm ki, Putinin artıq neçənci dəfə  keçmiş SSRİ-ni “tarixi Rusiya torpaqları” adlandırması daxili vəziyyəti ağırlaşan bir çox ölkələrdə işlənən siyasi metodun təzahürüdür. Yəni, belə çıxışlar adətən daxili auditoriyaya hesablanır. Və hazırda ciddi siyasi-iqtisadi böhran yaşayan Rusiyanın rəhbəri belə çıxışları ilə vətəndaşları “Rusiya böyükdür, nəhəngdir, hamıdan güclüdür, keçmiş ərazilərini də bərpa edəcək” kimi illüziyalara qapdırmaqla başını qatmağa çalışır... İngilis gəmisi ilə bağlı son məsələ də göstərir ki, artıq Kremlə  edilən təzyiq artmaqdadır... Və təbii ki, buna cavab olaraq çox zaman  belə populist bəyanatlar səslənməlidir” – deyə keçmiş baş diplomat vurğulayıb.
 


Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər