Tarix: 03-02-2021 | Saat: 17:38
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının bu ilki qış sessiyasında tamamilə fərqli bir ruhda iştirak etdi. Bu dəfə biz qalib dövlətin nümayəndələri kimi bu təşkilatın sessiyasında təmsil olunduq. Bu çox, qürurverici anlar idi.
Bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, qış sessiyasının gündəliyinə daxil olan məsələlər geniş müzakirə edilib və bütövlükdə sessiya məhsuldar keçib: “Bu il Azərbaycanın bu mötəbər təşkilata üzv seçilməsinin 20 ili tamam oldu. Bu münasibətlə Strasburqda mərasim keçirildi. Mərasimdə ötən illər ərzində Azərbaycanın təşkilatda təmsilçiliyi, Azərbaycan-Avropa Şurası əlaqələri haqqında fikirlər səsləndirildi. Xüsusilə, qalib dövlətin təmsilçiləri olmaqdan qürur duyduğumuzu bəyan etdik”.
Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunması nümayəndə heyətimizin daim gündəmində olub: “AŞPA müstəvisində nümayəndə heyətimizin üzvləri öz fəaliyyətini bu yöndə səfərbər edirdilər. O zamanlar biz əsassız iddialarla çox üzləşirdik. Çünki erməni lobbisi və anti-Azərbaycançı mərkəzlər məsələni diqqətdən yayındırmaq və ölkəmizə qarşı qərəzli sənədlərin qəbul edilməsi üçün bütün imkanlarından istifadə edirdilər. Bunların fonunda bizim əsas amalımız milli maraqlarımızı müdafiə etmək idi və bu yolda mübarizə aparırdıq.
Bu dəfə isə son dərəcə qürurlu idik, ərazi bütövlüyünü bərpa edən ölkənin nümayəndələri kimi AŞPA-nın qış sessiyasında təmsil olunduq və fəxarət hissləri keçirdik”.
Deputat hesab edir ki, mübarizə bundan sonra da davam edəcək: “Çünki erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr hələ də öz təxribatçı fəaliyyətlərini davam etdirir. Ermənistan nümayəndə heyəti Azərbaycan tərəfindən həbs olunmuş erməni diversantların məsələsini qaldıraraq bundan ölkəmizə qarşı istifadə etməyə çalışdı. Belə təqdim olunurdu ki, guya onlar hərbi əsirlərdir. Amma biz bəyan etdik etdik ki, bu hərbçilər 10 noyabr razılaşmasından sonra həbs ediliblər.
10 noyabrdan sonra hərbi əməliyyatları davam etdirənlər terrorçulardır, onlar Azərbaycan qanunları və beynəlxalq hüququn norma və prinsipləri əsasında cinayətkar kimi mühakimə ediləcəklər. Mövqeyimiz bundan ibarət oldu ki, Ermənistanın qurumdakı təmsilçiləri və onların havadarları məntiqdən, reallıqdan uzaq və qarşılıqlı qəbul edilmiş prinsiplərə zidd olan fitnəkar, saxta düşüncələrdən əl çəkməlidir.
Ermənistan xalqının gələcəyindən həqiqətən narahat olanlar bilməlidirlər ki, o xalqın gələcəyi üçün bu gün yalnız bir yol var. O da əməkdaşlıqdır. İki dövlət arasında bu istiqamətdə artıq müəyyən vacib addımlar atılıb. AŞPA-dakı Ermənistan deputatlarının öz dövlətlərinin mövqeyi ilə uyğun gəlməyən davranışları nəyi ehtiva etməsi və haradan qaynaqlanması qaranlıq və anlaşılmazdır.
Ancaq erməni deputatlar xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər.
Müzakirələrdən sonra AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi qəbul edildi. Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğradı”.
Millət vəkilinə görə, əslində erməni tərəfi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə görə cavab verməlidir: “Prezident İlham Əliyev bugünlərdə Azərbaycan Televiziyasına müsahibəsi zamanı fikirlərini geniş şəkildə bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.
Telegraf.com
Digər xəbərlər