Saytımızı qiymətləndirin


 
 

Zelenskinin sülh planına rusiyalı və ukraynalı ekspertlərdən ZİDD RƏYLƏR
Tarix: 25-08-2026 | Saat: 15:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenskinin sülh planına rusiyalı və ukraynalı ekspertlərdən ZİDD RƏYLƏR

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədəki müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü yeni təklif beynəlxalq gündəmdə müzakirə olunur. Təklif atəşkəsin elan edilməsini, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsini və tərəflər arasında bufer zonasının yaradılmasını nəzərdə tutur. Planın ABŞ və Avropa rəsmiləri ilə birgə hazırlanması isə onun mümkün danışıqlar prosesində hansı rolu oynaya biləcəyi ilə bağlı sualları artırır.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlamasında ukraynalı politoloq Stanislav Jelixovski bildirib ki, sözügedən təklifi yekun sülh sazişindən daha çox, gələcək danışıqlar üçün potensial çərçivə kimi qiymətləndirmək lazımdır.

"Mən bu təklifi yekun sülh sazişindən daha çox, danışıqlar üçün potensial çərçivə kimi qiymətləndirərdim. Onun ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, görünür, bu sənəd Ukrayna, ABŞ və Avropadakı tərəfdaşlar tərəfindən birgə hazırlanıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerlə aparılan müzakirələr ümumi bir çərçivədə birləşdirilib. Buraya atəşkəs, qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi və üçüncü tərəfin idarə edəcəyi mümkün azad iqtisadi zonanın yaradılması kimi məsələlər daxildir”.

Politoloq qeyd edib ki, Kiyev üçün əsas məsələ atəşkəsin və qoşunların geri çəkilməsinin etibarlı təminat mexanizmləri ilə müşayiət olunmasıdır:

“Ukraynanın perspektivindən yanaşdıqda, bu ideya yalnız o halda ölkənin maraqları ilə uyğun sayıla bilər ki, atəşkəs və qoşunların geri çəkilməsi real və etibarlı təminat mexanizmləri ilə müşayiət olunsun. Kiyev sadəcə Rusiyaya yenidən qruplaşmaq və daha sonra hücumu bərpa etmək imkanı verəcək fasiləni qəbul edə bilməz.Bu baxımdan, təklif olunan bufer zona faydalı ola bilər. Lakin onun dəqiq coğrafiyası, idarəetmə prinsipləri, monitorinq mexanizmi və hərbi statusu həlledici əhəmiyyət daşıyacaq. Ən əsası isə Ukraynaya Rusiyanın bu mexanizmdən birtərəfli şəkildə istifadə edə bilməyəcəyinə dair təminatlar lazımdır”.

S.Jelixovskinin fikrincə, hazırkı mərhələdə ən mühüm və həllini gözləyən məsələ təhlükəsizlik təminatlarıdır:

“Təhlükəsizlik təminatları hələ də həllini gözləyən əsas məsələdir. Ukraynanın yalnız siyasi bəyanatları kifayət hesab edəcəyi ehtimalı azdır. Kiyevə uzunmüddətli hərbi yardım, hava hücumundan müdafiə sistemləri və raketlərin tədarükü, kəşfiyyat və peyk dəstəyi, Ukraynanın müdafiə sənayesinin inkişafının davam etdirilməsi, həmçinin Rusiyanın atəşkəsi pozacağı təqdirdə beynəlxalq səviyyədə dərhal cavab verilməsini nəzərdə tutan razılaşdırılmış mexanizm lazım olacaq.Avropanın son dövrlərdə verdiyi öhdəliklər – o cümlədən hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi və Ukraynaya uzaqmənzilli raketlər istehsal etməyə imkan verən razılaşmalar – belə bir təhlükəsizlik arxitekturasının tədricən formalaşdığını göstərir”.

O vurğulayıb ki, ABŞ və Avropa rəsmilərinin prosesdə iştirakı Vaşinqtonun yanaşmasında müəyyən dəyişiklik ehtimalını göstərir, lakin bunu hələ ABŞ siyasətində fundamental dönüş kimi qiymətləndirmək olmaz:

“ABŞ və Avropa rəsmilərinin prosesdə iştirakı əhəmiyyətlidir. Çünki bu, Tramp administrasiyasının sürətli siyasi razılaşmaya nail olmaq cəhdlərindən daha koordinasiyalı danışıqlar çərçivəsinin formalaşdırılmasına doğru irəliləyə biləcəyinə işarə edir. Amma mən hələ bunu Vaşinqtonun siyasətində fundamental dəyişiklik adlandırmazdım.Həlledici məqam ABŞ-ın Rusiya bu təklifi rədd edəcəyi təqdirdə Moskvaya qarşı iqtisadi və siyasi təsir imkanlarından istifadə etməyə hazır olub-olmayacağıdır”.

Politoloq hesab edir ki, sözügedən plan eyni zamanda Moskvanın real niyyətlərinin müəyyənləşdirilməsi baxımından mühüm sınaq ola bilər:

“Bu plan, şübhəsiz ki, ciddi danışıqlara yol aça bilər, lakin mən eyni zamanda bunu Moskvanın real niyyətlərinin sınağı kimi də qiymətləndirərdim. Əgər Rusiya atəşkəsin və hərbi qüvvələrin qarşılıqlı şəkildə geri çəkilməsinin əsas prinsipini qəbul edərsə, danışıqlar daha çətin məsələlərin, o cümlədən ərazi və təhlükəsizlik təminatlarının müzakirəsinə keçə bilər. Əgər Moskva hətta bu çərçivəni belə rədd edərsə, Vaşinqton və Avropa hökumətləri Rusiyanın həqiqi kompromisə hazır olmadığı qənaətinə gəlmək üçün daha ciddi əsas əldə edəcəklər”.

S.Jelixovski bildirib ki, belə bir vəziyyətdə Ukrayna və ABŞ diplomatik səylərlə yanaşı, Rusiyaya qarşı daha ciddi təzyiq mexanizmlərindən də istifadə etməli ola bilər:

“Belə olan halda Kiyev və Vaşinqton diplomatiyanı daha güclü təzyiq vasitələri ilə birləşdirməli ola bilər. Bura daha sərt sanksiyalar, Rusiyanın enerji gəlirlərinə qarşı daha ciddi məhdudiyyətlər, Ukraynaya əlavə hərbi yardım və Ukraynanın uzaqmənzilli zərbə imkanları ilə hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsi daxil ola bilər. Ən vacib məqam ondan ibarətdir ki, atəşkəsi sülhlə eyniləşdirmək olmaz. Əsl sınaq təklif olunan mexanizmin atəşkəsin sadəcə növbəti Rusiya hücumundan əvvəlki operativ fasiləyə çevrilməsinin qarşısını alıb-almayacağıdır.Əgər Ukrayna, ABŞ və Avropa real icra və təhlükəsizlik mexanizmləri yarada bilsələr, bu təklif ciddi danışıqlar üçün əsas baza rolunu oynaya bilər. Əks halda isə onun növbəti müvəqqəti diplomatik təşəbbüsə çevrilməsi riski var”.

Saytımıza açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova isə bildirib ki, Rusiya hazırda müzakirə olunan sülh planına mənfi yanaşır:

"Rusiya bu sülh planına mənfi yanaşır. Biz görürük ki, hazırda yaradılması təklif olunan bufer zonaya xarici idarəetmənin tətbiqi nəzərdə tutulur. Guya neytral ölkənin ərazisi olacaq bu zonanın idarəçiliyinin isə əslində Rusiyaya qarşı çıxış edən avropalılara verilməsi planlaşdırılır. Onlar Donbası nəzarətdə saxlamaq və idarə etmək, eyni zamanda orada rus dilini və Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etmək istəyirlər. Bütün bunları isə "neytral zona" adlandırırlar. Yəni mahiyyət etibarilə bu ərazi Rusiyaya qarşı olan qüvvələr tərəfindən idarə olunacaq. Təbii ki, Rusiya bununla razılaşmayacaq”.

Politoloq qeyd edib ki, Moskva müharibənin əsas məqsədlərindən birinin Ukraynanın Rusiyaya qarşı dövlətə çevrilməsinin qarşısını almaq və ölkədəki mövcud siyasi kursun dəyişdirilməsidir:

“Rusiya artıq bir neçə dəfə bəyan edib ki, müharibəni ərazilər uğrunda deyil, Ukraynanın Rusiyaya qarşı dövlətə çevrilməsini, rus dilinin və Rus Pravoslav Kilsəsinin qadağan edilməsini, eləcə də Rusiya ilə dostluq münasibətlərinin qurulmasının qarşısını alan rejimin dəyişdirilməsi uğrunda aparır. Hazırda Ukraynada məhz Rusiyayönlü mövqelərinə görə çox sayda insan həbsdədir. Buna görə də Zelenskinin təklif etdiyi planın həyata keçirilməsi ilə bu rejim heç bir şəkildə dəyişməyəcək. Belə olan halda Rusiyanın həmin plana razılaşmasının heç bir mənası yoxdur”.

                         

D.Qrevtsovanın fikrincə, hərbi əməliyyatların hazırkı təmas xətti boyunca dayandırılması da gələcəkdə yeni münaqişə riskini aradan qaldırmır:

“Üçüncü səbəb isə hərbi əməliyyatları təmas xətti boyunca dayandırmağın mümkün olmamasıdır. Çünki bu halda bu və ya digər ərazinin Rusiyaya, yaxud Ukraynaya mənsubluğu məsələsi həll olunmamış qalacaq və gələcəkdə həmin ərazilər uğrunda yenidən müharibənin başlanması riski yaranacaq. Rusiya hazırda belə bir imkan təklif edir: öz qoşunlarını Dnepropetrovsk, Xarkov və Sumı vilayətlərindən çıxara bilər, bunun müqabilində isə Ukrayna Donbasdakı qoşunlarını geri çəkməlidir. Yəni söhbət müəyyən mənada ərazi mübadiləsindən və hər bir tərəfin həmin ərazilər üzərində nəzarətinin faktiki olaraq təsbit edilməsindən gedir. Zelenski isə bunu etmək istəmir. O, əlbəttə, Rusiyanın öz qoşunlarını Sumı və digər vilayətlərdən çıxarmasını istəyir, lakin Ukraynanın da öz qoşunlarını həmin ərazilərdən çıxarmasına razı deyil. Bununla yanaşı, mövcud vəziyyətin ərazi statusunun tanınmasını da istəmir.Beləliklə, Zelenski Rusiyanı məğlub olmuş ölkə kimi göstərmək istəyir: Rusiya bütün qoşunlarını geri çəksin, Ukrayna isə əvvəlki mövqelərində qalsın. Rusiya isə, əlbəttə, özünü məğlub tərəf kimi göstərmək istəmir. Çünki onun həm döyüş meydanında hərbi uğurları, həm də müəyyən üstünlükləri var”.

D.Qrevtsova vurğulayıb ki, mövcud vəziyyət rəsmiləşdirilmədən hərbi əməliyyatların dayandırılması gələcəkdə yeni qarşıdurmaya səbəb ola bilər:

“Əgər Ukrayna yerdə mövcud olan reallıqları rəsmiləşdirmək istəmirsə, o zaman hərbi əməliyyatları hazırkı təmas xətti boyunca dayandırmaq gələcəkdə yeni döyüşlərin başlanmasına gətirib çıxara bilər. Çünki bu halda həmin ərazilərin kimə məxsus olması məsələsi yenidən gündəmə gələcək. Dördüncü səbəb isə ondan ibarətdir ki, davamlı və möhkəm sülh üçün müharibənin bütün səbəbləri aradan qaldırılmalıdır. Əsas səbəb isə Qərbin Ukraynanı özünün Rusiyaya qarşı alətinə çevirmək və ukraynalıların əli ilə Rusiyaya qarşı mübarizə aparmaq istəməsidir. Burada Rusiyanın Ukraynada aradan qaldırmaq istədiyi əsas məsələlər rus dilinə qoyulan məhdudiyyətlərin, Rus Pravoslav Kilsəsinə qarşı qadağaların və Rusiya ilə əməkdaşlıq etmək istəyən şəxslərə qarşı təzyiqlərin aradan qaldırılmasıdır. Bunlar sülh sazişində öz əksini tapmalıdır”.

Politoloq sülh sazişində bu məsələlər əksini tapmayacağı təqdirdə hərbi əməliyyatların dayandırılmasının Rusiyanın maraqlarına uyğun olmadığını bildirib:

“Əgər bu müddəalar sülh sazişində yoxdursa, o zaman hərbi əməliyyatları dayandırmağın nə mənası var? Axı müharibəyə səbəb olan əsas amillər aradan qaldırılmayacaq.Əgər bütün bunlar olduğu kimi saxlanılarsa, hazırda Ukraynada yetişən gənclər gələcəkdə kamikadzelərə çevrilə və Rusiyaya göndərilərək avtobuslarda, metroda və yaşayış binalarında partlayışlar törədə bilərlər. Rusiya isə belə bir vəziyyətə heç bir halda yol verə bilməz”.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər