Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə 2007-ci ildə keçirilmiş seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə 5 il həbs cəzası verilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb.
Paris Cinayət Məhkəməsi 70 yaşlı Sarkozini Liviya lideri Müəmmar Qəddafi rejimindən vəsait almaq üçün “cinayətkar sövdələşmədə” təqsirli bilib. Hakimlər hesab ediblər ki, Sarkozi öz tərəfdarları vasitəsilə korrupsiya sazişi imzalayaraq seçki kampaniyasını həmin pullarla maliyyələşdirib.
Məlumata görə, hökm icra olunacaq və sabiq prezident yaxın həftələrdə həbsxanaya göndəriləcək. Bu, şərti cəza deyil, real həbs qərarıdır. Bununla belə, ittihamın digər bəndləri üzrə Sarkozi bəraət alıb.
Xatırladaq ki, bu, Sarkozinin ilk məhkumluğu deyil. O, daha əvvəl “Bizmout” işi çərçivəsində korrupsiya ittihamı ilə məhkum edilmiş və bir illik cəzanı elektron qolbaqla ev dustaqlığında çəkmişdi. 2024-cü ilin fevralında isə sabiq prezident 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı “Bigmalion” işi üzrə də həbs cəzası almışdı. Hazırda həmin iş üzrə onun kassasiya şikayəti araşdırılır.