BMT Baş Assambleyasında çıxış edən Kolumbiya Prezidenti Qustavo Petro İsrailin Baş naziri Benyamin Netanyahunun və onun ABŞ və Avropadakı müttəfiqlərinin məsuliyyətə cəlb olunaraq həbs edilməli olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, Petro Qəzza zolağında baş verənləri “genosid” adlandıraraq, beynəlxalq hüququn dərhal işləməsini tələb edib.
“Netanyahunun və onun ABŞ, Avropadakı müttəfiqlərinin törətdiyi genosidə baxın – onların azadlıqda qalmasına yol vermək olmaz. BMT beynəlxalq məhkəmələrin qərarlarının icrasını təmin etməlidir”, – deyə Petro vurğulayıb.
Kolumbiya lideri həmçinin qeyd edib ki, Qəzzada baş verən hadisələr qarşısında diplomatiya artıq öz rolunu tükədib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında qərarların vetolarla ləngidilməsi qəbuledilməzdir.
Prezident Petro beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağıraraq, insanlığın bu vəziyyəti bir gün belə davam etdirməyə haqqı olmadığını bəyan edib.