Tarix: 07-10-2026 | Saat: 14:39
Bölmə:Karusel / Siyasət | çapa göndər
Sülh itkin düşmüş şəxslərin ailələrin həyatına və qəlbinə çatmalıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə parlamentinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib.
O bildirib ki, sülh danışıqları və razılaşmalar hərbi əməliyyatlara son qoya bilər, lakin davamlı sülh barışıq tələb edir: “Cənubi Qafqaz münaqişə, məcburi köçkünlük və dərin humanitar iztirablarla üzləşib. Azərbaycan 1980-ci illərin sonlarından, xüsusilə də 1990-cı illərin əvvəllərindən etibarən qovulma, məcburi köçkünlük və itkin düşmüş şəxslərin faciəsi ilə üzləşib.
1990-cı illərin əvvəllərindən etibarən itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi bu gün də mühüm humanitar narahatlıq olaraq qalır. Onların arasında qadınlar, yaşlı insanlar və uşaqlar da daxil olmaqla mülki şəxslər var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Cənubi Qafqazda davamlı sülh perspektivi əvvəlkindən daha real görünür.
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ilkin sülh sazişində itkin düşmüş şəxslərlə bağlı müddəanın yer alması mühüm göstəricidir. Bu, məsələnin daha geniş sülh prosesinin tərkib hissəsi kimi tanındığını göstərir.
Bu açıq yaranın sülh quruculuğu və barışıq prosesinin ayrılmaz hissəsi kimi qəbulu, şübhəsiz ki, insanlar arasında qarşılıqlı etimadı artıracaq və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacaq".
Digər xəbərlər

















