Tarix: 06-09-2025 | Saat: 19:26
Bölmə:Karusel / Dünya | çapa göndər
Pekində keçirilən hərbi paradda Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında kameraların qeydə aldığı söhbət dünya mediasında rezonans doğurub.
İki liderin orqan köçürülməsi vasitəsilə insan ömrünün uzadılmasından, hətta 150 yaşa qədər yaşamağın mümkünlüyündən bəhs etməsi zarafat kimi görünsə də, mövzunun arxasında ciddi elmi müzakirələr dayanır.
Qarabaginfo.az bildirir ki, son onilliklərdə orqan transplantasiyası minlərlə insanın həyatını xilas edib.
Məsələn, bəzi böyrəklər insan bədənində 50 ilə qədər fəaliyyət göstərə bilir. Ancaq əməliyyatlar risklidir, hər köçürmədə böyük cərrahi müdaxilələr edilir, üstəlik, orqanın adaptasiyası üçün xəstələr ömür boyu immuniteti zəiflədən güclü dərmanlardan istifadə etməlidirlər. Bu da infeksiyalara qarşı həssaslığı artırır, əlavə xəstəliklər yaradır.
Elm isə dayanmadan yeni yollar axtarır. Ksenotransplantasiya (genetik dəyişdirilmiş donuz orqanlarının insana köçürülməsi) artıq sınaq mərhələsindədir. Bir neçə uğurlu əməliyyat keçirilsə də, nəticələr hələ uzunömürlülüyə zəmanət vermir. Digər yanaşma isə kök hüceyrələrdən süni orqanlar yetişdirməkdir. Alimlər insan timusu və bağırsaq toxumaları üzərində ilk təcrübələri aparıb, amma hələ tam funksional orqan hazırlamaq mümkün olmayıb.
Mütəxəssislər bildirirlər ki, nəzəri olaraq yeni orqanların dəfələrlə dəyişdirilməsi ilə ömrü uzatmaq mümkündür. Amma insan bədəni yaşlandıqca yalnız orqanların deyil, bütün sistemlər (immunitetdən tutmuş hüceyrə regenerasiyasına qədər) zəiflədiyi üçün “ölümsüzlük” konsepsiyası real görünmür. Londonlu professor Nil Mabbottun sözləri ilə desək: “Çox yaşamaq mümkündür, amma bu, sağlam yaşlanmaq demək deyil”.
Bu gün texnologiyalar insanlara bir qədər uzun, amma daha çox sağlam ömür bəxş etməyə yönəlib. Yəni Putin və Sinin arzuladığı “sonsuz həyat” hələ də fantastika olaraq qalır. Elm hələlik ölümsüzlük deyil, daha yaxşı yaşlanma yollarını axtarır.
Digər xəbərlər