Tarix: 05-09-2025 | Saat: 22:25
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə yerli "Altay" tanklarının kütləvi istehsal prosesinə start verilib. Tanklar Ankarada yerləşən BMC zavodunda istehsal edilir.
BMC şirkətinin İdarə Heyətinin sədri Fuad Tosyalı bildirib ki, zavod ötən il qurulmasına baxmayaraq, artıq kütləbi istehsalı həyata keçirməyə başlayıb. Şirkətin törəmə qurumu olan "BMC Power" hazırda gücü 400–1500 at gücü arasında dəyişən yerli hərbi mühərriklərin hazırlanması üzərində işləyir.
Tosyalının sözlərinə görə, şirkətin yaratdığı BATU güc qurğusu “Altay” tanklarında istifadə edilməzdən əvvəl genişmiqyaslı sınaqlardan keçməlidir.
“Mühərrikin 10 min kilometr məsafəni qət etməsi və məhsuldarlıq testlərindən uğurla çıxması nəzərdə tutulub. Hazırda bütün proqram qrafik üzrə davam edir, hər hansı nasazlıq qeydə alınmayıb. Tankla yanaşı, hava və müdafiə sistemləri də paralel olaraq sınaqdan keçirilir”, - deyə şirkət rəhbəri vurğulayıb.
Qeyd edək ki, tanklar istehsal prosesindən sonra Türkiyə ordusunun silahlanmasına qəbul ediləcək. Ancaq qardaş ölkə bununla məhdudlaşmağı düşünmür. Belə ki, yerli tanklar tərəfdaş ölkələrə də satıla bilər.
“Biz inanırıq ki, bu istehsal Türkiyə Silahlı Qüvvələrinin və tərəfdaş ölkələrin müdafiə ehtiyaclarını ödəyəcək”, – deyə Tosyalı qeyd edib.
Qarabaginfo.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, Azərbaycan da "Altay" tanklarını alacaq.
"Çünki bizdə hazırda Rusiya istehsalı T-72 və T-90 tankları mövcuddur. T-90 da öz taktiki-texniki xüsusiyyətinə görə müasir hərbin uğurları nəticəsində meydana gələn silahların qarşısında özünü doğrultmur. Azərbaycan öz cəbhəxanası üçün Türkiyənin artıq sınaqdan keçirilmiş və özünü doğrultmuş silahlarından ala bilər və alır da. Təbii ki, öz ordusunun cəbhəxanasına bu tanklardan da əlavə edəcək. Amma məncə bu tanklardan kütləvi sayda alınmayacaq. Komplektasiya üçün ağır texniklara da ehtiyac var".
Qeyd edək ki, tank 12.7 mm və 7.62 mm silah sistemləri ilə təchiz olunub. Tankın hazırlanmasının ilkin mərhələsində 200-dən artıq atış icra edilib.
Ekspert deyir ki, hər bir texnikanın, silahın öz taktiki-texniki xüsusiyyətləri var.
"Tanklar ağır coğrafi şəraitdə dağlıq ərazilərdə çox ləng hərəkət edirlər və əsas, rahat hədəflərdən biri olurlar. Tank ağır texnikadır, zirehinin ağırlığından asılı olaraq da çəkisi artır. İndiki tanklar 40-45 tondur. Laçında, Kəlbəcərdə bu tankların döyüş qabiliyyəti aşağı düşür. Bununla yanaşı heç bir dövlət tankları öz cəbhəsindən, silahlı qüvvələrinin arsenalından çıxarmayıb", - o deyir.
Onun sözlərinə görə, son illərdə qardaş Türkiyənin hərbi sənayesi fantastik dərəcədə yüksəlib.
"Azərbaycan üçün tankdan daha önəmli silahlar var. Ölkə cəbhəxanasının komplektləşdirilməsində o silahlara üstünlük verilir. Buna Pilotsuz Uçuş Aparatlarını göstərmək olar. Bu silahların böyük əksəriyyəti Türkiyə istehsalı idi. Ağır texnikalar özlərini ağır coğrafi şəraitdə istənilən formada doğrulda bilmir. Birinci və İkinci Qarabağ müharibələrində biz bunu gördük. PUA-lar tankları dənləyə-dənlləyə getdilər. Təsəvvür edin ki, bir tankın modifikasiyası, yenilənməsi, texniki göstəriciləri yüksəldilir. Bu zaman xərclər 3 milyona qədər qalxır. Hər bir dövlət istəyər ki, müdafiə xərclərini münasib, öz tələbatlarına uyğun, müasir hərbin tələb etdiyi çərçivələr içərisində qursun", - İbrahim Rüstəmov qeyd edib.
Digər xəbərlər