Tarix: 18-11-2024 | Saat: 23:41
Bölmə:Karusel / Təhsil | çapa göndər
Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.
Qarabaginfo.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində aparılan işləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fəaliyyətin ölçülməsinin vacibliyini, o cümlədən Azərbaycan ali təhsil müəssisələrinin ötən illərdə "QS dayanıqlılıq reytinqi"ndə nəticələrini və bu sahədə gözləntiləri qeyd edib.
Daha sonra QS-in vitse-prezidenti Ben Sauter “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” üzrə əsas statistik göstəriciləri və Azərbaycan ali təhsil müəssisələrinin nəticələri barədə təqdimatla çıxış edib. Bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi daxil olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.
Tədbir çərçivəsində sözügedən reytinqə daxil olan ali təhsil müəssisələri QS rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.
Tədbirin ikinci hissəsi dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası ilə davam edib.
Digər xəbərlər