Tarix: 18-11-2024 | Saat: 13:30
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bakıda COP29 çərçivəsində UNICEF-in təşkilatçılığı ilə Uşaq və Gənclərin Mətbuat Konfransı adlı tədbir keçirilib.
Qarabaginfo.az xəbər verir ki, çıxışına "Mən sizə milyonlarla uşağın adından müraciət edirəm" - sözləri ilə başlayan Tanzaniyanın 10 yaşlı təmsilçisi Corcina auditoriyanın diqqətini iqlim dəyişikliyinin ölkəsində yaratdığı problemlərə çəkib:
"Bizim həyatımız, sağlamlığımız iqlim dəyişikliyi probleminin yaratdığı fəsadların əsirinə çevrilib. Mən uşaq olsam da, gözəl Tanzaniyanın təbiətinin bu səbəbdən necə məhv olduğunu görə bilirəm və bunu dərk edirəm. Plastik tullantıların səbəb olduğu problemlər, eləcə də qlobal istiləşmə uşaqlarda xəstəliklərə səbəb olur. Bizim hər birimiz dünyada yaşıllaşma işinə töhfə verməliyik. Mən özüm şəxsən ölkəmdə 1000-dən çox ağac əkmişəm. Bunu ona görə etmişəm ki, istəyirəm, dünya quraqlıqdan, qlobal istiləşmədən xilas olsun. Bu ənənəni digər uşaqlar arasında da yaymaq istəyirəm. Çünki iqlim dəyişikliyi problemi ilk növbədə, bizə təsir göstərir".
Azərbaycanın təmsilçisi olan 16 yaşlı Rəsul da həmyaşıdlarını yaşıllaşma işində fəal olmağa çağırıb:
"Yaşıllıq olmasa, planetimizdə oksigen olmaz, nəfəs almaq çətinləşər. Həyatımızdan zövq almaq üçün biz çox sayda ağaclar və bitkilər əkməliyik. Çünki qlobal istiləşmə bizim oksigenimizi əlimizdən alır. Eyni zamanda planetimizin bütün uşaqlarının adından deyirəm ki, biz iqlim dəyişikliyinin qarşısını almağa yönələn bütün səy və təşəbbüsləri dəstəkləyirik. Hesab edirəm ki, səhiyyə və sosial xidmət sahələrində fəaliyyətin təkmilləşdirilməsi uşaqların müdafiəsi üçün görülməli olan zəruri tədbirlər sırasındadır".(apa)
Digər xəbərlər