Saytımızı qiymətləndirin


 
 

Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA
Tarix: 29-10-2024 | Saat: 17:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA

 

Sosial mediada Bakıdakı Məşədi Dadaş məscidinin mərhum imam-camaatı Hacı Şahin Həsənlinin qəbirüstü abidəsinin şəkilləri paylaşılıb. Şəkillərdən qəbirüstü abidədə bəzi yeniliklərin edildiyi görünür. Hacı Şahinin  məzarının yeni görünüşü ictimai müzakirələrə səbəb olub. Belə ki, onun türbəni xatırlatdığı, gələcəkdə ziyarətgaha çevirilə biləcəyini düşünürlər var.


Qarabaginfo.az xəbər verir ki, Hacı Şahinin qardaşı Hacı Elçin Həsənli isə Modern.az-a açıqlamasında deyilənlərlə razılaşmayıb:
“Qəbirüstü abidə düzəldilməmişdi. Sinə daşını sifariş verib gözləyirdik. Sifariş gecikdiyinə görə, məzarın üstü boş qalmasın deyə müvəqqəti iş görülmüşdü. Qəbirüstü elə qalmalı deyildi ki...”.
 

Mərhumun qardaşı məzarı ziyarətgaha çevirməyəcəklərini deyib:

“Qəbirüstü abidə indi necə var, elə də qalacaq. Yəni bundan sonra hansısa dəyişiklik edilməyəcək. Kim istəyirsə, ziyarətə gəlir. Məzarı ziyarətgah halına gətirmək barədə isə düşünmürük. Ola bilər ki, orada xırda əlavələr edək - lampa qoyaq və s. Hacının adını yaşatmaq üçün ailə olaraq biz xüsusi nəsə etmirik”.
 

İlahiyyatçı Elşad Miri isə məzarların ehtişamlı edilməsinin, dəbdəbəli sinə daşı qoyulmasının İslam dini ilə bir araya sığmadığını deyib: 

“Peyğəmbərin sağlığında oğlanları, qızları, yaxud həyat yoldaşları, əmiləri, digər yaxınları ölüb. Hansı birinin qəbri üzərində sinə daşı, yaxud ehtişamlı abidə düzəltdirib? Onların qəbirlərinin üzərində sinə daşı olubmu, xeyr. Bu gün təəssüflər olsun ki, bəzi insanlar sağlığında dəyər vermədikləri şəxslərin ölümündən sonra onların qəbirlərinin üzərində nələrsə etməklə hansısa mesaj vermək istəyirlər. Adam var ki, sağlığında ata-anasına elə də hörmət etməyib, lakin onlar dünyasını dəyişəndə qəbirlərinin üzərində möhtəşəm deyə biləcəyimiz elə abidələr qoydururlar ki, hamı bunlara "halal olsun, ata-anasına necə məzar daşı düzəltirib” desin. İslamda isə belə şeylər yoxdur”.
 

E.Miri onu da vurğulayıb ki, mərhum Hacı Şahinin məzarı üzərində də xüsusi nəsə edilməsi İslama uyğun deyil:


“Mərhum Hacı Şahinin məzarı üzərində belə nələrsə etmək məsələsinə gəldikdə, Allah ona rəhmət eləsin, o, artıq dünyasını dəyişib. Allah onun günahlarını bağışlasın. Etdikləri, danışdıqları ilə Allaha cavab verəcək. Onun qəbri üzərində belə nələrinsə edilməsi dinə görə doğru deyil. Amma kimsə nəsə etmək istəyirsə, buna Azərbaycan reallığında heç kim nəsə deyə bilmir. Təsəvvür edin ki, ömründə bircə dəfə namaz qılmayan, Quran oxumayan Mir Möhsün ağanın məzarını da ziyarətgaha çeviriblər. Həzrəti imam Əli heç vaxt Azərbaycanda olmadığı halda onun guya ayaq izi düşdüyü iddia edilən yeri ziyarətgaha çeviriblər. Azərbaycanda xiristianlığı yaymağa gələn şəxsin adına "Cərciz peyğəmbər" ziyarətgahı yaradıblar, insanlar ora axın edirlər. Ona görə deyirəm ki, bu məsələlərin İslama aidiyyəti yoxdur. İslamda qəbirüstünü ehtişamlı etmək, oranı ziyarətə çevirmək anlayışı yoxdur. Qəbiristanlıqlara gedib nəzir qoymaq İslamın istədiyi yanaşma deyil”.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər