Tarix: 05-03-2024 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, bu məqsədlə prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb.
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb).
Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
Digər xəbərlər