Saytımızı qiymətləndirin


 
 

Hoçaz döyüşü haqqında XATİRƏLƏR
Tarix: 17-02-2024 | Saat: 12:14
Bölmə:Karusel / Yazar | çapa göndər

 

Hoçaz döyüşü haqqında XATİRƏLƏR

Biz kifayət qədər güclü idik...

Qarabağ müharibəsini xatırlayanda çoxları kimi məni də acı təəssüf və dərin məyusluq hissi bürüyür. Ancaq məruz qaldığımız ümumi itkilərimiz fonunda xatırlayarkən qürur duyduğumuz, fəxrlə danışa biləcəyimiz epizodlar da az deyil. Düşmən üzərində qələbə duyğusunu bizə daddıran belə xoş epizodlardan biri – 24 il əvvəl baş vermiş Hoçaz döyüşü haqqında xatirələrimi paylaşmaq istəyirəm. Bu döyüş Laçının işğalından sonra rayonun şimal istiqamətində ermənilərə vurulan ilk sarsıdıcı zərbə idi. 

29 iyul 1992-ci il Günəşli bir yay günü idi. Mərhum Vaqif Quliyevin komandirliyi altında rotamız Alxaslı kəndindən Hoçaz istiqamətinə irəliləyirdi. Məqsədimiz Hoçaz kəndi ətrafında möhkəmlənmək idi. Laçını yaxşı tanıyanlar mərhum Rövşən Cavadovun ata yurdu olan Hoçazın hansı hərbi-strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirlər. İxtisasca tarixçi olan və Vağazin kənd orta məktəbinin direktoru vəzifəsini qoyaraq torpaq uğrunda savaşa atılmış Vaqif müəllim döyüş qaydalarını da gözəl bilirdi. Ona görə də hələ bir sutka əvvəldən Hoçaz istiqamətində 5-6 nəfərlik kəşfiyyat qrupu göndərilmişdi. İyulun 29-da təxminən saat 12.00 radələrində kəşfiyyat qrupu geri dönərək Sonasar kəndində bizə çatdı. Məlum oldu ki, düşmənin bir rotası bizdən qabaq Hoçaz kəndinə daxil olmuş və orada mövqelərini möhkəmlətməklə məşğuldur. Komandirimiz qısa müzakirə təşkil etdi və qəti qərara alındı ki, ləngitmədən düşmənə zərbə vurulsun. Hətta qəfil döyüş planı barədə yuxarı komandanlığa məlumat verməyi də lüzumsuz saydıq. Çünki təxminən 80 nəfərdən ibarət bir rota ilə 90-100 nəfərlik düşmən qruplaşmasına edilən bu həmlə kəşfiyyat xarakterli bir döyüş olmalıydı.

 

Dəqiq yadımdadır, düz 16.00 radələrində Hoçaz dağının yamacında meşənin içindən düşmənin bütün mövqelərini aydınlaşdırmışdıq və hər birimiz nə edəcəyimizi bilirdik. Vaqif müəllim ən cəsur döyüşçülərdən ibarət 15 nəfərlik bir qrupa Hoçaz dağından aşaraq kəndin cənubuna – düşmənin arxasına keçmək əmri verdi və yarım saatdan sonra ilk atəşin açılacağını bildirdi. Döyüş deyilən vaxt başladı. İlk həmlədə yaxın mövqelərdəki düşmənlərin bir-bir məhv edildiyi aydınca görünürdü. Qəfil və inamlı hücum öz işini gördüyündən cəmi yarım saat sonra düşmənin pərən-pərən olduğu, fürsət düşdükcə qaçmağa çalışdığı aydınca görünürdü. Lakin qaçmaq da asan deyildi. Düşmənin bütün mövqeləri tam nəzarətdə idi, xüsusən Cəmilin dəstəsinin arxadan gözlənilməz zərbəsi onların qaçmaq imkanını da tükətmişdi. Beləcə təxminən iki saat çəkən döyüşdən sonra ermənilər tərəfdən artıq bir atəş də yox idi. Düşmənin mövqelərinə gəldikdə isə hər tərəfə meyitlərin səpələndiyi bir mənzərə var idi. Onların təkcə döyüş meydanda qoyduğu cəsədlərin sayı 45-50 civarında idi. Düşmənin bütöv bir rotası məhv edilmişdi. Bir nəfər əsir götürülmüşdü. Növbəti gün əsir götürülən başqa bir erməni deyirdi ki, dünənki döyüşdən cəmi 10-15 nəfər canını salamat qurtarmışdır. Qalanların çoxu ölmüş, bir qismi isə yaralanmışdır.

 

Hoçaz döyüşü bizim üçün də itkisiz olmadı. Elə həmin döyüşdə rotamız ilk şəhidlərini verdi: Minkənddən Vüqar, Alxaslıdan Qasım və Polad, Hoçazdan Asəf və Kamil qardaşları, Vağazindən Müzəffər, Bozgüneydən Səməd. Onların hər biri qəhrəmancasına döyüşərək şəhid oldular. Asəf və Kamil qardaşlarının şəhid olması isə yəqin ki, Qarabağ savaşının ən təsirli hadisələrindən biri kimi tarixə düşdü. Hoçazın kənarındakı evlərdən birində olan 2-3 nəfər düşmən təslim olmaq istəmirdi. Evin hər tərəfi yaşıllıq və köhnə tikan çəpər olduğundan düşməni görmək mümkün deyildi. Yeganə variantın evə daha da yaxınlaşmaq olduğunu düşünən Kamil həmin evin təxminən 40 metrliyində iri ağ qayanın arxasında düşmən gülləsinə tuş gəldi. Qardaşı Asəf bunu bilincə özünü ona tərəf atdı. Mən də daxil heç kəsin xahiş və yalvarışı onu saxlaya bilmədi. Bəlkə də qardaşının yaralı vəziyyətdə hələ sağ olduğunu düşünən Asəf aşkar təhlükəyə baxmadan ona doğru qaçdı və qardaşının cansız bədəninə sarıldığı an öz döyüşçü yolunun sonuna çatdı. Kim bilir, bəlkə Asəf bu yolla özünü qardaş acısı çəkməkdən xilas etmək istəmişdi. Onların meyitləri döyüş meydanında xeyli müddət bir-birinə sarılmış vəziyyətdə qaldı.

 

Alxaslı kəndindən olan Bəylərov Poladın şəhidlik anı da çox təsirli idi. Döyüşdə yox, ovdaymış kimi qorxmazlıq göstərən Poladın son sözü də dəqiq yadımdadır: «Ə, sürək edin, mən vuracam!». Bu cümlədən sonra sifətində xoş bir təbəssüm olan Polad gözümün qabağında iri bir alça ağacının dibində üzü üstə yerə uzandı. Onun meyitini qaldıranda təsirli bir mənzərə var idi: ürəyindən iki güllə keçmiş Poladın üzündə təbəssüm mimikası qalmışdı. Sanki o, canını qurban verdiyi doğma torpağı gülə-gülə qucaqlamışdı.

 

Hoçaz döyüşündə rotamızın bütün heyəti şücaət göstərdi. Lakin iki epizod xüsusən maraqlı idi. Döyüşdə xüsusi qəhrəmanlıq göstərən Cəmil mənə dedi ki, bir ermənini düz gözündən vurdum. Düşmənin cəsədini mənə göstərdi və hər şey doğru idi. Güllə onun göz bəbəyindən girmişdi. Özü də elə dəqiqliklə girmişdi ki, hətta kirpiklərə də toxunmamışdı.

 

Digər yaddaqalan epizod isə sabahısı gün – iyulun 30-da oldu. İyulun 29-dakı döyüşdən sonra əvvəlki mövqeyimizə çəkildik. İyulun 30-da yenidən Hoçaza doğru yaxınlaşanda ermənilərin öz meyitlərini odun parçaları kimi yük maşınına yığdığını gördük. Yenidən döyüş başladı. Təxminən 40 dəqiqəlik döyüşdən sonra ermənilər 10-dan artıq itki verərək qaçdılar. Lakin kəndin kənarında olan məktəbin binasında bir neçə düşmən gizlənmişdi. Döyüşçülərimiz məktəbi tam əhatəyə aldığından onlardan ikisi qaçmağa çalışarkən məhv edildi. İçəridə qalanlar qaçmağın da mümkün olmadığını görərək müqavimət göstərdilər. Rəhmətlik Vaqif müəllim göstəriş verdi ki, atəşi dayandırın. Tam sakitlik olanda içəridəkilərə rusca dedi ki, 2 dəqiqəyə təslim olun, sizi öldürməyəcəyik. Vaxtın tamamında ultimatumu bir də təkrarladı, heç bir reaksiya olmadığını görərək hamıya məktəbin pəncərələrinə yayındırıcı atəş açmaq əmri verdi. Rəhmətlik özü qapıdan içəri keçən kimi atəşi dayandırdıq. Təxminən 10-15 saniyədən sonra içəridən əvvəlcə iki qısa atəş, daha sonra şappıltı səsi gəldi. Ardınca Vaqif müəllimin səsi eşidildi və gördük ki, o, bir ermənini boynunun arxasından tutaraq çölə sürüyür. Rəhmətlik dedi ki, birini içəridə gəbərtdim, bu alçaq o qədər yaxından atəş açdı ki, avtomatının alovu saqqalımı ütdü, qızmış lüləsi isə əlimi yandırdı. Ancaq yüksək fiziki hazırlığı olan Vaqif müəllif (rəhmətliyin boyu təxminən 185 santimetr idi) bir zərbə ilə onu yerə sərərək əsir götürmüşdü. Bu Hoçaz döyüşündə ələ keçən ikinci əsir idi.

 

Hoçaz döyüşünü tez-tez xatırlayıram. Keçən 24 il ərzində bu və bunun kimi epizodları sakitcə təhlil edəndə bircə qənaətə gəlirəm: biz kifayət qədər güclü idik. Sadəcə əhəmiyyətsiz təxribatlardan özümüzü qoruya bilmədik. Əgər belə təxribatları ram edə bilsəydik, nəinki Qarabağı, hətta qədim yurdumuz olan Qərbi Azərbaycanı da düşməndən azad edə bilərdik.

 

P.S. Yazıya Hoçaz döyüşündə şəhid olanların yalnız beşinin məzarının şəkilləri əlavə olunur. Şəhidlərdən 2 nəfəri – Müzəffər və Səməd doğma Vağazin kəndində dəfn olunublar, bu gün onların məzarı bizim üçün əlçatmazdır.

 

Məmiyev qardaşları

 

ƏRŞAD HÜSEYNOV
/Qarabağ qazisi/



Xəbəri paylaş

1790 dəfə oxunub.

Digər xəbərlər