Tarix: 09-06-2026 | Saat: 13:24
Bölmə:Karusel / Təhsil | çapa göndər
"Biz daha çox multidissiplinar ixtisaslara üstünlük verməyi planlaşdırırıq. Yəni söhbət yalnız bir sahəni əhatə edən ixtisaslardan deyil, müxtəlif ixtisasların kəsişməsində formalaşan proqramlardan gedir".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov AzEdu.az-ın suallarını cavablayarkən qeyd edib.
"Eyni zamanda hazırda əmək bazarında ən çox tələb olunan rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik kimi istiqamətlər üzrə kadr hazırlığına xüsusi diqqət ayırırıq.
Universitetimizdə bakalavr səviyyəsində tələbə sayını artıq bir neçə ildir artırmırıq və bunu artırmaq planımız da yoxdur. Bunun əvəzində təkrar ali təhsilə, yəni ömürboyu təhsil konsepsiyasına üstünlük veririk. Hesab edirik ki, təkrar ali təhsilin təşkili ilə bağlı qaydalarda da köklü dəyişikliklərə ehtiyac var".
Universitetimizdə magistratura təhsili alanların sayı artıb:
"Digər prioritet istiqamətlərimizdən biri magistratura təhsilidir. Məlumat üçün qeyd edim ki, son on ildə UNEC-də bakalavr-magistr nisbəti təxminən iki dəfə dəyişib, magistrlərin payı əhəmiyyətli dərəcədə artıb. Bu da universitetimizin strateji baxışının nəticəsidir. Magistrlərin sayının artması ali təhsil müəssisəsini tədqiqat universiteti modelinə daha da yaxınlaşdırır.
Biz artıq ötən ilin avqust ayından etibarən xarici texnologiya şirkətlərindən biri ilə süni intellektin təhsildə tətbiqi istiqamətində əməkdaşlığa başlamışıq. Sentyabr ayında ilk süni intellekt əsaslı məhsulumuzu tələbələrin istifadəsinə təqdim etməyi planlaşdırırıq.
Növbəti mərhələdə imtahan suallarının süni intellekt vasitəsilə hazırlanması, daha sonra isə həmin sualların cavablarının süni intellekt tərəfindən qiymətləndirilməsi üzərində işləyəcəyik. Bununla yanaşı, sillabusların və tədris materiallarının süni intellekt vasitəsilə hazırlanması da nəzərdə tutulan yeniliklər sırasındadır.
Bu gün isə Britaniya Şurasının birbaşa dəstəyi ilə həyata keçirdiyimiz mühüm bir yeniliyin şahidi olduq. Ümid edirik ki, bu təşəbbüs gözlədiyimiz nəticələri verəcək və tələbələrimizin ingilis dili bilikləri minimum orta səviyyəyə çatacaq. Bu isə onların gələcək təhsil və karyera planlarının reallaşmasına ciddi töhfə verəcək".
Digər xəbərlər


















