Tarix: 24-10-2023 | Saat: 17:52
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Cənab Prezident İlham Əliyev fəaliyyətinin ilkin dövrlərindən etibarən neft strategiyasından irəli gələn məsələlərin həllinə başladı”.
Bunu Prezident İlham Əliyevin prezidentliyinin 20 ili ilə bağlı APA-ya açıqlamasında BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov deyib.
Tarixçi alim bu təşəbbüsün yekunu kimi 2006-cı ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılmasını xüsusilə qeyd edib: “Prezident İlham Əliyev o zaman çıxışında qeyd etdi ki, bu təşəbbüs Ulu Öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində mühüm addımlardan biridir”.
İbrahim Zeynalov Azərbaycanın enerji müstəqilliyinin təmin edilməsi ilə bağlı “Şahdəniz” yatağında aparılan işlərin genişləndirilməsi məsələsinə də toxunub: “Azəri", "Çıraqlı", "Günəşli" neft yataqlarının yenidən istismara verilməsi də, şübhəsiz, neft strategiyasının əsas istiqamətlərindən biri idi.
Cənab Prezidentin bu yöndə növbəti siyasəti isə qeyri-neft sektorunun inkişaf etdirilməsi və Azərbaycanın getdikcə neft asılılığından qurtulması oldu. 2004-cü ildə Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət proqramı qəbul edildi və bu proqramın həyata keçirilməsi indiyə qədər də davam etdirilir. Bunun nəticəsi kimi rayonlarda iqtisadiyyatın ixtisaslaşmasına başlanıldı, eyni zamanda, mütəmadi yeni iş yerlərinin açılmasını misal çəkə bilərik”.
Professor qeyd edib ki, bütövlükdə, bu 20 il ərzində Azərbaycanın həm daxili, həm xarici siyasət proqramı Prezident İlham Əliyev tərəfindən düzgün müəyyənləşdirilib.
Professorun sözlərinə görə, bunlarla yanaşı, ən mühüm məsələ Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib: “Azərbaycan Ordusunun komplektləşdirilməsi, sahələr üzrə yeni hərbi hissələrin yaradılması, ən müasir silahların Azərbaycan Ordusuna gətirilməsi, Türkiyədə və digər ölkələrdə hərbi kadrların hazırlanması, bütün bunların nəticəsində Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına daxil olması istiqamətində böyük işlər görüldü”.
Alim Prezident İlham Əliyevin fəaliyyətində ən mühüm məsələnin Cənubi Qafqazda sülhün təmin edilməsi ilə bağlı Heydər Əliyev siyasətinin həyata keçirilməsi olduğunu vurğulayıb: “Türkiyə-Azərbaycan qardaşlığının, münasibətlərinin daha da möhkəmləndirilməsini bu siyasətin davamı hesab etmək olar. Və bütün bunların ən ümdə nəticəsi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi proqramının hazırlanması və Azərbaycan Ordusunun bu istiqamətdə hazırlanması idi. Əlbəttə, istər 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyul, Tovuz döyüşləri və nəhayət, 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, müharibəyə qədərki son 17 ildə ölkə prezidentinin ordu quruculuğu, ölkənin iqtisadi siyasəti və digər sahələrdə aparılan işlərin nəticəsi uğurlu olub. Prezident İlham Əliyev 200-300 ildən çox heç bir Azərbaycan rəhbərinə nəsib olmayan bir siyasəti həyata keçirdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ən uğurlu nəticə isə sonda antiterror əməliyyatının həyata keçirilməsi oldu. Prezidentin hakimiyyətinin 20 illik tarixindən danışanda onun fəaliyyətini xarici, daxili siyasət, Qafqazda və bütün dünyada sülh siyasəti, eyni zamanda, müstəqil Azərbaycanın möhkəmlənməsi, dünya inteqrasiya sisteminə qovuşmasının sürətlənməsi kimi bölmələrə ayırmaq olar. Azərbaycan məhz onun dövründə dünyanın böyük dövlətlərinin sırasında özünə layiqli yer tutdu”.
Digər xəbərlər