Tarix: 16-10-2023 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dünən sosial şəbəkələrin erməni seqmenti, sözün həqiqi mənasında, çalxalanırdı. Ermənilər 15 oktyabr tarixini özləri üçün matəm günü elan etdilər. Buradan iki nəticə çıxarmaq olar. Birincisi, Xankəndidə Azərbaycan Gerbinin və Azərbaycan Bayrağının ucaldılması ilə erməni separatizminin tabutuna sonuncu mismar da vuruldu. İkincisi, sentyabrın 19-u və 20-də keçirdiyimiz antiterror tədbirindən sonra erməni separatçıları qondarma xunta rejiminin bitirildiyini anlasalar da, əsrlər boyu zəhərləndirilən beyinləri hələ də kimlərəsə ümid edirmiş.
Erməni separatizminin nələrəsə ümid etməsi heç də təsadüfi deyil. Çünki Ermənistanda revanş hissinin birdəfəlik gömülməsinə mane olan səbəbkarlar çətəsi mövcuddur. Revanşistlər qondarma rejimin özünü buraxdığını gördükdən sonra məğlub edildiklərini anlasalar da, Fransanın, Avropa Parlamenti və Avropa Şurası kimi beynəlxalq təşkilatların Azərbaycana qarşı yönələn qərəzli addımları onlara bu reallıqla barışmağa imkan vermir. Çünki qeyd etdiyim dairələrin ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı ilə bağlı fundamental beynəlxalq prinsipləri heçə sayan açıqlama və qətnamələri, faktiki olaraq separatçılığın təşviqinə xidmət edir. Ermənistana məqsədli şəkildə təlqin olunur ki, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsin və bütün addımlarını vaxt qazanmağa yönəltsin. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə bağlı tarixi missiyasını yerinə yetirdikdən sonra bu mesajı verdi: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.
Ermənistandakı revanşist dairələrlə yanaşı, dünyanın aparıcı ölkələrində özünə himayədar və sığınacaq tapmış erməni lobbi təşkilatları da oktyabrın 15-ni matəm günü elan etdilər. Onlardan və havadarlarından fərqli olaraq, Azərbaycan xalqı, bütövlükdə Türk dünyası üçün bu tarix həqiqətin və ədalətin təntənəsi günüdür! Əminəm ki, beynəlxalq hüququn aliliyinə inanan, ədalətin qələbəsini arzulayan əksər dünya xalqları Xankəndidə baş verən bu tarixi hadisəyə hörmət və rəğbətlə yanaşırlar. Çünki 15 oktyabr həm də şər qüvvənin, haqsız tərəfin məğlub edildiyi gündür. Ermənistanın himayədarları üç onillik ərzində Qələbəmizə nə qədər mane olmağa çalışsalar da, bunun üçün ən çirkin və iyrənc üsullardan istifadəni özlərinə rəva görsələr də, Azərbaycan haqq yolundan bir addım geri çəkilmədi. Bu Qələbə təkcə ötən 35 ilin deyil, son iki əsri də aşan keşməkeşli tariximizin ən möhtəşəm Zəfəri, eyni zamanda, milli düşüncənin və ümumxalq təfəkkürünün müstəqil dövlətçilik məfkurəsi və şəksiz Lideri ətrafında həqiqi birliyinin tərənnümüdür. Prezident İlham Əliyev ötən il aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında qət etdiyimiz tarixi yolun əhəmiyyətini bu cür dəyərləndirmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
Xalqımız bütün dünyaya sübut etdi ki, həqiqətən, Torpaq uğrunda ölən varsa, Vətən olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qəhrəmən Ordumuzu qorusun. Azərbaycan xalqı dost və qardaş ölkələrin öyünə biləcəyi, bədxahlarımızı isə olduqca məyus edən başqa bir həqiqəti də dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, o, öz Prezidentinə tərəddüdsüz güvənir və qəbul etdiyi taleyüklü qərarların uğruna zərrə qədər şübhə etmir. Xalqımız dünyaya sübut etdi ki, qüdrətli Öndərsiz heç bir xalq tarixi zirvələri fəth edə, uğur qazana bilməz. Tarixdə şəxsiyyət faktorunun rolunu kiçildən və ya ona dəyər verməyən istənilən cəmiyyət özünü bu cür nailiyyətlərdən məhrum etmiş olur. Məhz buna görə tariximizə həkk olunan ən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, güclü və müstəqil Azərbaycanın qurulması ilə bağlı şanlı tariximizin təməlində Heydər Əliyevin xilaskar imzası, tarixi Zəfər salnaməsinin altında isə Ulu Öndərin siyasi və fiziki varisi Prezident İlham Əliyevin müzəffər imzası dayanır. İlahi və tarixi ədalətin təcəllisi, həqiqətin təntənəsi də elə budur!
Digər xəbərlər