“ABŞ prezidenti Co Bayden ağlını itirib və qlobal müharibə başlatmamış təcrid olunmalıdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin deyib.
Volodin bu açıqlaması ilə Baydenin bəşəriyyətin yeni dünya düzəninə ehtiyacı olduğuna dair sözlərini şərh edib.
“Dünya dəyişdi, çoxqütblü oldu. Onu ABŞ nümunələri ilə yenidən formalaşdırmaq cəhdləri qlobal fəlakətə gətirib çıxaracaq. Ağlını itirmiş Bayden dünya müharibəsi başlatmadan təcrid olunmalıdır”, – Volodin qeyd edib.
Onun sözlərinə görə, ABŞ hegemonluğu saxlamaq istəyi ilə dünyaya ancaq zərər gətirir. Nümunə kimi o, qurulmuş iqtisadi zəncirlərin məhv olmasını, Avropa İttifaqının dərin böhranını, Tayvan ətrafında gərginliyi, Ukrayna və Yaxın Şərqdəki silahlı münaqişələri göstərib.
Volodin bütün bu problemlərin Baydenin prezidentliyinin nəticəsi olduğunu vurğulayıb: “Biznesdə müflis olan birinə ikinci dəfə pul etibar etmirlər. Oxşar prinsip siyasətdə də keçərlidir. Dünyada heç kim razılaşmayacaq ki, qlobal təhlükəsizlik sistemini dağıdan Bayden və ABŞ öz mülahizələri ilə yeni dünya nizamı qursun”.