“Rusiya prezidenti Vladimir Putinlə danışıqların mənası yoxdur, çünki o, qeyri-adekvat insandır və məğlub olmasa, yenidən Ukraynaya hücum edəcək”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski İtaliya mətbuatına müsahibəsində deyib.
“Kimlə danışaq? Onun üçün bu, zarafatdır. İndi görəndə ki, zəifləyib, bütün dövlətləri sakitləşdirmək üçün nəsə axtarır ki, Rusiyaya sanksiyalar tətbiq etməsinlər. O, hansısa diplomatik addım ata bilər, amma inanın ki, bir ildən sonra yenə bizi öldürmək üçün gələcək. Onunla hər şey aydındır. O, qeyri-adekvat insandır”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Donbasda müharibəni dayandırmaq üçün 2019-cu ildən Putinlə danışıqlar axtarıb: “Lakin Rusiya prezidenti özünü şahzadə kimi apardı və görüşmək üçün format “tapa bilmədi”. İndi Putinlə danışmağın mənasını görmürəm”.
Zelenski bir daha xatırladıb ki, Ukrayna ordusu əks-hücum əməliyyatı hazırlayır və bu əməliyyat zamanı Rusiya ordusu işğal olunmuş ərazilərdən sıxışdırılacaq: “Nəticədə Rusiya cəmiyyətində Putinə dəstək azalacaq və onun Rusiyada daxili problemləri yaranacaq. O da bu problemləri həll etməli olacaq. Biz Krımın inzibati sərhədində olanda onun dəstəyi azalacaq, yaxın ətrafı, biznes ondan çıxış yolu tapmağı tələb edəcək”.
Ukrayna lideri onu da deyib ki, paralel olaraq sülh formulu üzrə sammit təşkil edəcəklər və münaqişəyə son qoymağa çalışacaqlar.