Saytımızı qiymətləndirin


 
 

Rza Talıbov üç dəfə istefa ərizəsi yazıb
Tarix: 31-03-2023 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rza Talıbov üç dəfə istefa ərizəsi yazıb

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj səngisə də, o və övladları üzləşdikləri problemləri bu günə kimi həll edə bilməyiblər. V.Talıbovun Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində çalışan kiçik oğlu Seymur Talıbov atasının “vurulmasından” dərhal sonra vəzifəsindən istefa verib ölkəni tərk etməyə müvəffəq olsa da, qardaşı Rza Talıbov bunu bacarmadı.

Qarabaginfo.az xatırladır ki, V.Talıbovun ötən ilin dekabrın 21-də qəfildən istefa verməsində sonra bir müddət ailə üzvlərinin və yaxın ətrafının başı üzərində qara buludlar dolaşdı. V.Talıbovdan dərhal sonra oğlu, qardaşı, qayınanası və digər yaxın qohumları bir-birinin ardınca tutduqları postlarla vidalaşdılar. Hələ o vaxt Talıbovların ən parlaq nümayəndələrindən sayılan böyük oğlu, general Rza Talıbovun istefa verdiyi barədə xəbərlər yayılsa da, sonradan bu məlumatlar özünü doğrultmadı. General Talıbovun idarə rəisi olduğu Dövlət Miqrasiya Xidməti bu informasiyanın həqiqətə uyğun olmadığını rəis Talıbovun öz vəzifəsini icra etdiyini açıqladı.

Qeyd edək ki, R.Talıbovun vəzifədə qalması müxtəlif səbəblərlə izah olunur. Müşahidəçilər onun istefa verib ölkədən getmək imkanının məhdudlaşdırıldığını iddia edirlər. Onların fikrincə, hakimiyyət Talıbovlarla “haqq-hesabı” başa çatdırmayana kimi Rza Talıbovun istefa verib ölkəni tərk etməsinə imkan yaradılmayacaq.

“Yeni Sabah”a daxil olan məlumatlar da bunu təsdiq edir. Dövlət Miqrasiya Xidmətinin adının çəkilməsini istəməyən məsul əməkdaşı saytımıza general Talıbovun indiyə kimi üç dəfə istefa ərizəsi yazdığını bildirib. Onun sözlərinə görə, Talıbovun könüllü şəkildə işdən getmək arzusu bu günə kimi baş tutmayıb. O, ərizəsini rəhbərliyə təqdim edəndə həmişə mənfi cavab alıb. 

Mənbə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan Rza Talıbovun nə vaxt yola salınacağı ilə bağlı dəqiq məlumata malik olmadığını deyib. O, generalın “çamadan” əhval-ruhiyyəsində olduğunu bildirib. İş yoldaşının sözlərinə görə, oğul Talıbov bu günə kimi vəzifəsini qoruya bilsə də, əvvəlki səlahiyyətlərinin hamısını itirib. Talıbovun Dövlət Miqrasiya Xidmətində tutduğu vəzifənin formal xarakter daşıdığını vurğulayıb.(Yenisabah.az)



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər