Qeyd edək ki, R.Talıbovun vəzifədə qalması müxtəlif səbəblərlə izah olunur. Müşahidəçilər onun istefa verib ölkədən getmək imkanının məhdudlaşdırıldığını iddia edirlər. Onların fikrincə, hakimiyyət Talıbovlarla “haqq-hesabı” başa çatdırmayana kimi Rza Talıbovun istefa verib ölkəni tərk etməsinə imkan yaradılmayacaq.
“Yeni Sabah”a daxil olan məlumatlar da bunu təsdiq edir. Dövlət Miqrasiya Xidmətinin adının çəkilməsini istəməyən məsul əməkdaşı saytımıza general Talıbovun indiyə kimi üç dəfə istefa ərizəsi yazdığını bildirib. Onun sözlərinə görə, Talıbovun könüllü şəkildə işdən getmək arzusu bu günə kimi baş tutmayıb. O, ərizəsini rəhbərliyə təqdim edəndə həmişə mənfi cavab alıb.
Mənbə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan Rza Talıbovun nə vaxt yola salınacağı ilə bağlı dəqiq məlumata malik olmadığını deyib. O, generalın “çamadan” əhval-ruhiyyəsində olduğunu bildirib. İş yoldaşının sözlərinə görə, oğul Talıbov bu günə kimi vəzifəsini qoruya bilsə də, əvvəlki səlahiyyətlərinin hamısını itirib. Talıbovun Dövlət Miqrasiya Xidmətində tutduğu vəzifənin formal xarakter daşıdığını vurğulayıb.(Yenisabah.az)