Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun antiAzərbaycan addımları haqda son günlər mediada iddialar səslənməkdədir.
Qarabaginfo.az xəbər verir ki, elə məlumatlardan birini də “Yeni Sabah”a MR-da xidmət edən yüksək rütbəli şəxslərdən biri verib. O, bildirib ki, İran Azərbaycanla sərhəddə ilk təlimi keçirdiyi vaxtdan Naxçıvanda Talıbov tərəfindən anlaşılması mümkün olmayan addımlar atılıb. Bunlarda biri də həmin vaxt bütün MR ərazisində küçələrdə, dövlət idarələrində Azərbaycan bayraqlarının yığışdırılması olub:
“Nə üçün belə bir qərar verildiyini anlaya bilmədik. Bir günün içərisində hər yerdən bayraqlar yığışdırıldı. Təkcə mərkəzdəki Bayraq Meydanındakı bayraq saxlanıldı. Bizim hərbi hissəyə də Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tərəfindən belə bir tapşırıq gəldi. Bayraqların hamısını yığışdırıb anbara qoydular.
Təkcə bu deyildi. Həmin təlimdən sonra Naxçıvan ordusunda rütbəni bildirən şevronların qola vurulması da Azərbaycan ordusundan fərqli şəkildə yerləşdirildi. Sanki Naxçıvan Ordusu tamamilə başqa bir ölkənin ordusu idi”.
Müsahibimiz deyir ki, Naxçıvan ordusunda yüksək rütbəli zabitlərin, Vətən Müharibəsi iştirakçılarının məcburi olaraq iməcliklərə aparılması böyük narazılıqlara səbəb olub: “Təsəvvür edin ki, polkovnik, polkovnik-leytenant, Vətən Müharibəsində Şuşaya qədər döyüşlərdə iştirak edən xüsusi təyinatlıların əlinə bel verirlər ki, küçədə ağac dibi belləməlisən, zibil yığmalısan. Etiraz etmək mümkün deyil. Ən xırda etiraz belə Kərəm Mustafayevə çatdırılır, o isə dərhal həmin zabitlə bağlı tədbir görür: vəzifədən azad edir, rütbəsi kiçildilir və yaxud da müxtəlif yollarla o adamı şərləyin cinayət işi açırlar”.