Saytımızı qiymətləndirin


 
 

QMİ-də Zəfər gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 07-11-2022 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

QMİ-də Zəfər gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsində Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

QMİ-nin Mətbuat Xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində Zəfərimizdən iki il ötür:

“Həmçinin, üçrəngli dövlət bayrağımızın fəxarətli bayram gününü qeyd edəcəyik. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Zəfər bayramının dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın qəlbində önəmi olduqca böyükdür. Azərbaycan xalqı 2020-ci ildə 44 gün ərzində tarixin dövlət imtahanından qalibiyyətlə keçdi. Beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli missiyanı müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Ordumuz həyata keçirdi. İllərlə həsrətində olduğumuz əzəli torpaqlarımızı işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək, məscidlərimizi, məbədlərimizi həqarətdən, sərvətlərimizi yağmalanmaqdan qurtarmaq yolunda haqq mübarizəmizi, dünya birliyinin göz yumduğu vandalizm hallarına, mədəni soyqırımı cinayətlərinə son qoymaq, dağıdılmış, ruhlar məkanına çevrilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq vəzifəsini şanlı Azərbaycan Ordusu ləyaqət və şərəflə yerinə yetirdi”.

QMİ sədri dini mərkəzin, din xadimlərinin bu dövrdə fəaliyyətinə toxunub: «İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz din xadimləri dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yolunda əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları sıradan çıxarmaq üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla apardığımız gərgin fəaliyyətlərimizlə ümumi Zəfərə öz töhfəmizi verdik. Din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə dini xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi layiqli şəkildə həyata keçirdik. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə yardımçı olduq”.

QMİ sədri Şeyxülislam A. Paşazadə bu il ərzində dünyanın müxtəlif nöqtələrində - Vatikan, Fransa, İngiltərə, Avstriya, İndoneziya, Bəhreyndə mötəbər tribunalardan Azərbaycan xalqının Zəfərini tərənnüm etdiyini, xalqımızın qəhrəman Ordusunun gücü ilə əldə etdiyi qələbəsindən, dövlət rəhbərimizin müdrik və müzəffər Ali Baş Komandanlığından bəhs etdiyini, dini konfessiya rəhbərlərimizlə bərabər ölkəmizin multikultural dəyərlərinin təntənəsindən danışdığını diqqətə çatdırıb

Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev öz çıxışında Vətən müharibəsində qazanılmış Zəfərin önəmindən bəhs edib, şanlı Azərbaycan Ordusunun rəşadətlərini xatırladıb, Azərbaycanın bütün dini konfessiyalarının təmsilçilərinin, din xadimlərinin Zəfərin qazanılmasında roluna toxunub.

Tədbirdə dini konfessiya rəhbərləri çıxış ediblər. Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili öz çıxışlarında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı uğurun tarixi əhəmiyyətindən danışıblar və sıralarında müxtəlif din mənsubları olan Vətən şəhidlərinin xatirəsini anıblar.

Zəfərin ikinci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin qazı və səlahiyyətli nümayəndələri Vətən müharibəsi dövründə din xadimlərinin xalqa, orduya dini-mənəvi xidmət göstərmələrindən, Şeyxülislam başda olmaqla dini mərkəzin tövsiyə və tapşırıqlarını mənəvi borc olaraq həyata keçirərək şəhidlərin dəfn mərasimlərində yaxından iştiraklarından duyduqları qüruru vurğulayıb, qazanılmış Zəfərin ali mənəvi dəyərindən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan dindarları, din xadimləri hər zaman Vətənin xidmətindədirlər və Azərbaycan Prezidentinin müdrik siyasətini dəstəkləyirlər. Tədbirdə iştirak edən Vətən müharibəsinin qazisi olan din xadimlərinin ürək sözləri dinlənilib və onlar Zəfər bayramı münasibətilə mükafatlandırılıblar. Bildirildi ki, bütün məscidlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhları dualarla anılacaq.

Tədbirdə dini konfessiya rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Zəfər Bayramı münasibətilə təbrik məktubu oxunub. APA



Xəbəri paylaş

1171 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır