Saytımızı qiymətləndirin


 
 

Xocalı soyqırımının qurbanları Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində anılıb
Tarix: 25-02-2022 | Saat: 21:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xocalı soyqırımının qurbanları Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində anılıb

Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 30 illiyi ilə bağlı anım tədbiri keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadaı Səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsar, diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor təşkilatlarının üzvləri, Moskvada təhsil alan tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu çıxışında bildirib ki, artıq Azərbaycan xalqı bu günü tamamilə fərqli hisslə qeyd edir: "Çünki qüdrətli ordumuz, igid oğullarımız güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında uzun müddət gözlənilən Qələbəni qazanıb. Bütün dünya ordumuzun nə qədər qüdrətli və müasir olduğuna, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək olduğuna, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin iradəsinin nə qədər möhkəm və qətiyyətli olduğuna şahid olub.

Bu müharibənin tək işğal altında olmuş torpaqları deyil, eyni zamanda şərəf və ləyaqəti qaytarmış, yaşlı nəslə gənclərin gözlərinə dik baxmaq, gənc nəslə isə Vətəni azad etmək kimi mühüm tarixi missiyanı yerinə yetirmək imkanını verib.
Bu müharibədə biz, bizim üçün hər biri son dərəcə əziz olan minlərlə gəncimizi itirdiк. Bu qurbanlar uzun illər işğal altında olan torpaqlarımızı azad etmək, Vətəni düşməndən təmizləmək, köçkünlərimizin nəhayət öz doğma yerlərinə qayıtması naminə verilib".

Səfir qeyd edib ki, Xocalı faciəsi Birinci Qarabağ müharibəsində ən miqyaslı və qanlı, lakin, təəssüf ki, yeganə faciəvi səhifə olmayıb: "Vaxtaşırı Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələri ilə başladığı haqda iddialar səslənir. İlk qan Sumqayıtda yox, daha öncə tökülüb". Diplomat 1983-cü ildən Xocalı soyqırımına qədər törədilən erməni vəhşiliklərinin və vandalizminin təkzibolunmaz faktlarını xronoloji ardıcıllıqla diqqətə çatdırıb. Dahi dövlət xadimi Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından sonra azərbaycanlıların bütün Ermənistan ərazisindən kütləvi şəkildə qovulmasına başlanıldığını söyləyən səfir bütün bu faciəvi hadisələrdə o vaxtkı erməni ziyalılarının mühüm neqativ rol oynadıqlarını da təəssüf hissi ilə vurğulayıb: "Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının yalnız başlanğıcı idi. İkinci mərhələ Dağlıq Qarabağın, daha sonra azərbaycanlıların yaşadığı 7 rayonun etnik təmizlənməsi ilə davam etdirilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı ən amansız qətliamlardan biri baş verib. Bir gecədə 613 nəfər qətlə yetirilmiş, onların arasında qocalar, qadınlar və uşaqlar olmuşdur. Sağ qalanların ifadələrində hücum edənlərin inanılmaz, heç cür haqq qazandırıla bilinməyən qəddarlığı haqda ifadələri öz əksini tapmışdır. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin hesabatında cəsədlərin əksəriyyətinin eybəcər hala salındığı və ya onlarda işgəncə izləri olduğu qeyd edilmişdir. Lakin insanlığa qarşı törədilmiş bu ağır cinayətlərə görə bu günə qədər heç kim məsuliyyətə cəlb olunmamışdır.

Ötən illərdə müxtəlif ölkələrdə Azərbaycan xalqının nümayəndələri Xocalı faciəsinə diqqət çəkərək, beynəlxalq təşkilatları, dünyanın müxtəlif ölkələrinin hökumətləri və parlamentləri tərəfindən qiymətin verilməsi və onun soyqırım aktı kimi tanınması üçün çalışmışlar. Bir çox ölkələrin, o cümlədən Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Qvatemala, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları Xocalı soyqırımını tanıyan aktlar qəbul ediblər.
Bütün bunlar Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən nəhəng ardıcıl işin hesabına mümkün olmuşdur. Xocalı faciəsi Birinci Qarabağ müharibəsi zamanı ən qanlı, ən dəhşətli, lakin yeganə olmayan faciədir. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Quqark, Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban, Xocalı - bu adların hər birinin arxasında onlarla, yüzlərlə günahsız qətlə yetirilmiş Azərbaycanın dinc sakini vardır".

Diplomat qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı insanlığa qarşı törədilən cinayətlərin dünya tərəfindən tanınması və pislənməsi üçün səylər göstərilməlidir:" Məlum olduğu kimi, bu cür cinayətlərə görə məsuliyyətə cəlb etmə müddəti yoxdur!"

P. Bülbüloğlu Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə göstərilmiş dəstəyə və əməkdaşlığa görə dərin minnətdarlığını bildirərək, soyqırım yaşamış xalq kimi yəhudilərin Azərbaycan xalqına qarşı edilmiş zülmü hər kəsdən daha yaxşı anladığını söyləyib. Səfir həmçinin bugünkü tədbirdə iştirak etməklə Azərbaycan xalqının dərdinə şərik olan Rusiya ictimaiyyətinin nümayəndələrinə, diplomat həmkarlarına təşəkkür edib.

“Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbinə ekspert İqor Korotçenko çıxışında bu dəhşətli cinayətlərin törədilməsi göstərişini verən və onların bilavasitə icrasına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasının vacibliyini vurğulayıb: “Bu cinayətin törədilməsində əli olanlar, şübhəsiz ki, cəzalarını almalı və bunun, ilk növbədə, belə dəhşətli hadisələrin nə indi, nə də gələcəkdə təkrarlanmaması üçün mühümdür. Erməni millətçi və separatizm ideyaları Sovet İttifaqının dağılmasının detonatoruna çevrilmiş və qardaş qırğınına, qanlı müharibəyə səbəb olmuşdur”.

Korotçenko eyni zamanda, Rusiyada Xocalı faciəsinin qanunvericilik səviyyəsində soyqırım aktı kimi tanınması üçün bütün zəruri tədbirlərin həyata keçirilməli olduğuna əminliyini ifadə edib.

İsraildən olan jurnalist və politoloq Arye Qut Xocalı faciəsinin Azərbaycan xalqının ağrısı olduğunu bildirərək, Azərbaycana öz dəstəyini ifadə edib. O vurğulayıb ki, Xocalıda baş vermiş faciəli hadisələrlə əlaqədar hər il İsraildə də tədbirlər keçirilir, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin xatirəsi yad edilir.

O, atası Əmir Qutla birgə yazdığı «Боль» adlı bədii-sənədli romanın yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verib. Kitab Xocalıda törədilmiş dəhşətli soyqırım aktından bəhs edir. Kitabın müəllifi sözügedən romanın bir neçə dilə tərcümə olunduğunu söyləyərək, Azərbaycan dilində xanım Leyla Əliyevanın dəstəyi ilə nəşr olunduğunu vurğulayıb.

Çıxışının sonunda Arye Qut təəssüflə qeyd edib ki, Xocalıda vəhşiliyi törətmiş Ermənistanın keçmiş siyasi rəhbərliyi hələ də azadlıqdadır.

Sonra yazıçı Yuri Pompeyev çıxış edərək, Xocalıda baş vermiş faciəli hadisələrin amansızlığını qeyd edib. Yazıçı qonaqlara “Qarabağın qanlı girdabı” kitabı haqqında məlumat verərək, kitab üzərində işləyərkən bu hadisələri hərtərəfli öyrəndiyini və bu kontekstdə Azərbaycan Respublikasının o vaxtkı hakimiyyətinin məsuliyyətsizliyini qeyd eeib. O, Seyran Ohanyan, Robert Koçəryan və Serj Sarqsyanın həmin vəhşiliklərin törədilməsində bilavasitə əli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Ermənistanın adları çəkilən keçmiş rəhbərlərinin axtarışa verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin son qərarının əhəmiyyətini vurğulayıb. Onların mülki şəxslərə qarşı törədilmiş bütün vəhşiliklərə görə Haaqa beynəlxalq məhkəməsi qarşısında çıxış etmələrinin vaxtının çatdığını söyləyib.

Sonra AMOR fəalı, həkim və otuz il əvvəl baş vermiş faciəli hadisələrin şahidi Orxan Kərimov doğulduğu Qaradağlı kəndində baş verənlərlə bağlı acı xatirələrini bölüşüb. Qohumları və dostları arasında Vətən uğrunda canından keçmiş şəhidlərin olduğunu qeyd edərək, o qanlı günlərin xatirəsinin tarix və gələcək naminə yaşadılmasının vacibliyini xüsusilə vurğulayıb.

Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Remember” adlı yeni videoçarx təqdim olunub.

Tədbirin sonunda Polad Bülbüloğlu tədbir iştirakçılarına təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına uğurla baş tutmuş rəsmi səfəri barədə ətraflı məlumat verib. Polad Bülbüloğlu səfər zamanı imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, bu sənədin ölkələrimiz arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardığını və yaxın illər üçün əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdiyini qeyd edib.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər