Tarix: 06-11-2026 | Saat: 21:48
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanın ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib.
Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, əvvəlcə rəhbər heyət Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, veteranları və xalqımızı bayram münasibətilə təbrik edib.
Baş prokuror çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun, dövlətimizin qüdrətinin, suverenliyinin və tarixi ədalətin bərpasının rəmzi olduğunu vurğulayıb.
Baş prokuror 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın həmrəyliyinin və milli iradəsinin təntənəsi olduğunu, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa edildiyini diqqətə çatdırıb.
Baş prokuror Vətən müharibəsi dövründə prokurorluq əməkdaşlarının mürəkkəb şəraitdə xidməti vəzifələrini layiqincə yerinə yetirərək qanunçuluğun təmin olunmasına töhfə verdiklərini qeyd edib. Həmçinin Ermənistanın təcavüzü və işğal dövründə törədilmiş cinayətlərlə bağlı toplanmış sübutlar əsasında keçmiş qondarma rejimin bir sıra "rəhbər" şəxslərinin cinayət məsuliyyətinə cəlb olunduğunu və layiqli cəzaya məhkum olunduqlarını vurğulanıb.
Prokurorluğun veteranı Munis Abuzərli çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, tarixi Qələbənin əldə olunmasında dövlətimizin qətiyyətli siyasətindən və Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edib, prokurorluğun xidmət ənənələrinin qorunmasının vacibliyini vurğulayıb.
Vətən müharibəsi iştirakçısı, Nizami rayon prokurorluğunun müstəntiqi Orxan Babayev isə çıxışında Vətənin müdafiəsində iştirak etməyin onun üçün böyük qürur olduğunu bildirərək, prokurorluq orqanlarında insan hüquq və azadlıqlarının qorunması və qanunçuluğun təmin edilməsi istiqamətində xidmət göstərməyin şərəf və məsuliyyətindən danışıb.
Sonda Azərbaycan Televiziyası tərəfindən Vətən müharibəsinə və qazanılmış şanlı Zəfərə həsr olunmuş “Qızıl payız” sənədli filmi nümayiş etdirilib.
Digər xəbərlər















