Saytımızı qiymətləndirin


 
 

Daşnak Ermənistanındakı dəhşətli QƏTLİAMLAR...
Tarix: 22-06-2021 | Saat: 11:56
Bölmə:Karusel / Multimedia | çapa göndər

Azərbaycanlılara qarşı soyqırımı dövlət siyasəti olub 

Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Daşnak Ermənistanında azərbaycanlılara qarşı törədilən qırğınlar haqqında yazılar verilir. Bütün bunlar tarixi həqiqətlərdir. Təhlil etmədən bəzi  mötəbər arxiv sənədlərində olan faktlara diqqət yetirək.

 
Məlum olduğu kimi, 1918-ci il  26 may tarixində İrəvan şəhəri ətrafındakı kiçik bir torpaqda Ararat Respublikası elan edildi. “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı sənəddə bununla əlaqədar olaraq yazılırdı:


“Ermənistan Respublikası Yeni Bəyazit, İrəvan və Aleksandropol qəzalarının hissələrindən yaradıldı”.

 
Bu respublikanın ərazisi təqribən 9 min kvadrat kilometr idi. Ermənistanın əhalisinin xeyli hissəsini türklər, müsəlmanlar təşkil edirdi. Anastas Mikoyan 1919-cu ildə “Erməni imperializmi haqqında” adlı məqaləsində yazırdı:


“Erməni xalqı üçün təəccüblü və tragikomediya olmasa da, özünün spesifikliyi və irticaçı xarakteri və məzmunu ilə erməni impe­rializmi mövcuddur. Ermənistan faktiki olara İrəvan quberniyasının ərazisini əhatə edir. Burada müsəlman əhali ermənilərdən bir qədər azdır. Lakin bu yeganə ərazidir ki, ermənilər əhalinin nisbətən böyük kütləsini təşkil edirlər”.


Beləliklə, ermənilər məqsədlərinə Cənubi Qafqazda türk torpaqlarında bir dövlət qurmaqla nail oldular. Azərbaycan onlara İrəvanı paytaxt olaraq güzəştə getdi.

 
Daşnak hökuməti az sonra ərazilərini genişləndirmək üçün azərbaycanlı əhaliyə qarşı qırğınlara başladılar. Tiflisdəki amerikan konsulu Smit dövlət katibinə 1918-ci il 15 iyul tarixli teleqramında Ermənistanın ərazisi barədə də məlumat verərək yazırdı:


“Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə qədərdir. Sərhədləri Dilicandan sənub-qərbdə Alagözə qədər, oradan isə Eçmiadzinin cənubundan İrəvanın şərqinə kimi, oradan da Sevan gölünə qədərdir”.

  
Daşnak hakimiyyəti azərbaycanlılara qarşı soyqırımını dövlət siyasətinə çevirdi. Bununla bağlı olaraq Anastas Mikoyan “Erməni imperializmi haqqında” adlı məqaləsində yazırdı:


“Erməni hökumətinin irticaçı-şovinist siyasəti nəticəsində əhalinin 2/5 hissəsini təşkil edən müsəlmanlar ölkənin hər hansı formada idarə edilməsindən və hakimiyyətdən uzaqlaşdırılırlar. Onlar öz vətənlərində xarici ölkə təbəələri kimi tam hüquqsuz vəziyyətə düşmüşlər. Xalq yalnız fiziki mövcudluğu barədə düşünür. Müsəlmanlar terrorizə edilmiş vəziyyətdədirlər. Başları üzərində soyğunçu quldur dəstələrinin təhlükəsini hiss edirlər. Onlar “vətənpərvərlik motivləri” ilə Ermənsitanda yad qüvvəni azaltmaq, onları daha çox məhv etmək istəyirlər. Müsəlmanların təqib edilməsinə yönəlik bu cinayətkar siyasət erməni zəhmətkeş kütlələrinin taleyi və vəziyyətinə öldürcü təsir edir, onlarla müsəlmanlar arsında dərin uçurum, tamamilə qan və qarşılıqlı nifrət, erməni xalqının müsəlmanlar tərəfindən daimi qisas və yeni qanlar törədiləcəyi təhlükəsi qarşısında qalması barədə şübhələr yaradır. Müsəlman və erməni zəhmətkeş xalqları arasında belə qarşılıqlı terrorizə edilmiş vəziyyət məşhur “parçala və hökm sür” ideyasını həyata keçirən cinayətkar Daşnaksütyun Partiyasının hakimiyyətini möhkəmləndirir və əbədi edir”.

 
Azərbaycanlılara qarşı qırğınların genişləndirilməsi ilə bağlı olaraq A.Mikoyan 1918-ci il mayın 29-da çap etdirdiyi “Cənubi Zaqafqazıyada erməni-tatar münasibətlərinə dair” adlı məqaləsində yazırdı:


“...bütün rütbələrdəki şovinislər və başıpozuq erməni silahlı bandaları milli nifrət və qəddar qisas hissindən vəhşiləşərək 135 min  nəfərlik  müsəlman  əhalisi  olan  200  kəndə  od  vurdular  və tamamilə dağıtdılar”.

 
Bu qırğınlar digər sənədlərdə də etiraf edilirdi. Bolşevik xadimlərinin “İki ay ərzində Azərbaycanda siyasətimiz (may-iyun)” adlı hazırladıqları sənəddə vurğulanırdı:


“Ermənistan Respublikası yaradılarkən onun ərazisindəki 250 müsəlman kəndi məhv edilmişdir”.

  
“Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı sənəddə yazılırdı ki, erməni silahlı dəstələrinin fəaliyyətində əsas məqsəd erməni iri ticarət burjuaziyasının köməyi ilə Ermənistanda diktatura qurmaq və “müstəqil daşnak respublikasının” sərhədlərini Türkiyənin (Şərqi Anadolunun yeddi vilayəti), Gürcüstan (Axalkələk, Borçalı) və Azərbaycan (Qarabağ, Naxçıvan və b.) hesabına genişləndirmək idi.Ona görə də azərbaycanlı əhaliyə qarşı qırğınlar törədilirdi. Belə bir fakt maraqlıdır ki, daşnaklar hakimiyyətə gələrkən Ermənistan ərazisində 1 milyon 200 min əhali var idi. 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə isə ölkə əhalisi cəmi 770 min nəfər idi. 1918-1920-ci illərdə Ermənistanda qırğınlaırn nəticəsində əhalinin milli tərkibi dəyişdirildi. Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5% azaldı. Türklər 77%, kürdlər 98%, yezidi kürdlər (sənəddə yezidlər yazılmışdır – M.Q.) 40% azaldı. Əgər 1918-ci ildə Ermənistanda ermənilər 885 min nəfər idilərsə, 1920-ci ildə 690,5 min nəfər olmuş və ya 22% azalmışdılar. Türklər isə əgər 1918-ci ildə 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuş və ya 77% azalmışdılar. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98% azalmışdılar. Yezidlər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40% azalmışdılar. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7% azalmışdılar. Digər müllətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43% azalmışdı. 1918-1920-ci illərdə daşnak hökuməti azərbaycanlı və kürd kəndlərinin dinc əhalisini “dövlət tələblərini yerinə yetirməmək” bəhanəsi ilə bombardman edərək dağıtdı, amansızlıqla öldürdü və ya qaçqına çevirdi.

  
Daşnaksütyun 30 aylıq hökmranlığı dövründə Ermənistanda azərbaycanlı əhalinin 60%-ni məhv etdi. Ermənistanın bütün türk olmayan əhalisi qanundan kənar elan edilmişdi. Azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə Daşnaksütyunun ölkəni erməniləşdirmək ideyası və digər milli azlıqları təqib etməsi ölkədə milli qırğını artırmışdı. Daşnak hökuməti erməni millətindən olmayanları hakimiyyət orqanlarına yaxın buraxmamaq haqqında bir dekret də vermişdi. Erməni dilini bilməyən ermənilər isə vəzifələrində qalmışdılar. Erməni olmayanlar dövlət və hökumət strukturlarından uzaqlaşdırılmışdılar.


Daşnaklar “azərbaycanlılar bizim düşmənlərimizdir” şüarı altında onların kəndlərini bombardman edir və dinc əhalini öldürürdülər. Məsələn, Baş Gərni dəstəsinin rəisi, podpolkovnik Məlikşahnəzərov 1918-ci il noyabrın 7-də erməni diviziyasının rəisinə təcili məruzəsinə bu rayonun bütün kəndlərinin bombardman edilməsi və 30 türk kəndinin tutulması barədə məlumat verir, qalan 29 kəndin bombardman edilməsinə icazə verilməsini istəyirdi. Mərkəzdən icazə alan daşnak silahlı dəstələri Baş Gərni rayonunda onlarla azərbaycanlı kəndi yerlə yeksan, əmlakını talan etdilər, qadınları, qocaları, gəncləri və uşaqları öldürdülər. Baş Gərni rayonunun taleyi Ermənistanın azərbaycanlılar və kürdlər yaşayan digər rayonlarına da nəsib oldu. Daşnakların hakimiyyəti dövründə Baş Gərni, Böyük Vedi, Basarkeçər, Şərur, Qarabağ, Zəngəzur və başqa rayonlar dəfələrlə bombardmana məruz qaldılar.

 
 Sovet dövründə hazırlanmış bir arayışda daşnakların siyasəti barədə belə yazılırdı:


“1918-ci ilin sonlarında daşnaklar Zəngəzur qəzasında əhalisi 150 min nəfər olan 400 kəndi yer üzündən sildilər”.

  
Gürcütsan arxiv sənədlərində yazılır ki, erməni dəstələri 1918-ci il noyabrın 23-də Ovçular, Davudan, Atqız, Şabadin, Həşim, Quşçular kəndlərini dağıtdılar və azərbaycanlıları kütləvi surətdə öldürdülər, bu hücum zamanı 1000 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirildi.


Böyük Britaniya nümayəndəsi Koks dekabrın 20-də göndərdiyi teleqramda yazırdi:


“Ermənilər Aleksandropol-Culfa xətti boyunca azərbaycanlı kəndlərinə hücum etdilər”.

 
1919-cu il yanvarın 3-də Arpaçay sahilində yerləşən Taylar, Koşenan, Tillik, yanvarın 9-da isə işğal etdikləri Gülbag kəndində dəstələrini cəmləşdirdilər. Ermənistan ərazisində ermənilər tərəfindən tutulan, əhalisi öldürülən və qaşqına çevrilən əazərbaycanlı kəndlərinin sayı 482 idi.

 
Daşnaklar Qarabağda və Zəngəzurda minlərlə azərbaycanlıları qaçqına çevirmişdilər. Vəziyyət o qədər ağır idi ki, hətta ingilis zabitləri qaçqınlar olan yerlərə gedə bilmirdilər. İngilis jurnalisti Skotland Liddelə Şuşada bir ingilis zabiti demişdi ki, Zəngəzurda ermənilərin əlindən didərgin düşən 40 minə qədər azərbaycanlı qaçqın vardır. Oraya heç bir ingilis zabiri təkbaşına gedə bilmir.

   
1919-cu ilin may və iyun aylarında müsəlmanlar Eçmiadzin, Kağızman və Sürməli qəzalarında kütləvi surətdə öldürüldülər. Ermənistan qoşun hissələri 1919-cu ilin son iki ayında Eçmiadzin qəzasında 62, Sürməli qəzasında 34, İrəvan qəzasında Zəngibasar istisna olmaqla bütün kəndləri dağıtdılar. Əhalini qırdılar. Canlarını birtəhər qurtaranlar isə qaçqına çevrildilər. Araz çayını keçmək istəyən minlərlə adam həlak oldu.

 
1919-cu ilin noyabr ayında Zəngəzur qəzasının Oxçin rayonunun ermənilər tərəfindən 20 azərbaycanlı kəndi mühasirəyə alındı. Kəndlər darmadağın edildi. Zəngəzur qəzasının Zeyvə kəndində yaşayan ermənilər noyabrın 29-30-da ətraf kəndlərin silahlıları ilə birləşərək azərbaycanlılar yaşayan Qarağac kəndinə hücum etdilər.


Daşnaklar Karsı ələ keçrimək üçün 1920-ci ilin yanvar ayında yarı boşalmış Şuragəl sahəsində artilleriya atəşləri ilə demək olar ki, bütün kəndləri yandırdılar. Əhalinin bir hissəsi öldürüldü, bir hissəsi isə Ağbabaya qaçdı. Müqavimət göstərməmələrinə baxmayaraq, Daynalığ, Molla Musa, Aralıq kəndlərinin əhalisini və müqavimət göstərən kəndlərin əhalisini tamamilə qırdılar. Bundan sonra daşnaklar Zərudəşdə doğru hərəkət etdilər. Müqavimət göstərən 20-yə yaxın kəndi tamamilə yandırdılar. Minlərlə insan qarda qaçarkən dağlarda və Kars çayını keçərkən həlak oldu. 12 kənddən – Çəmik, Qoçəli, Çatax, İncəli, Qırıq, Pumqar, Qızıloğlu, Gülvüran, Qaraqala, Gülbaşı, Qızıl Çaxma, Punqarabılı kəndlərindən təzminat aldıqdan sonra müqavimət göstərən kəndlərin əhalisini qırdılar.


 Yuxarıda qeyd edilənlər Daşnak Ermənistanında  azərbaycanlılara qarşı soyqırımının dövlət siyasətinə çevrildiyini təsdiq edən yalnız bəzi faktlardır.


İrəvan ətrafında dağıdılmış azərbaycanlı yaşayış məntəqəsi (1918-1920).


İrəvan ətrafından dağıdılmış azərbaycanlılara məxsus yaşayış məntəqəsi (1918). (Modern.az)


Musa Qasımlı, millət vəkili,

AMEA-nın müxbir üzvü, professor



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər
11-12-2021, 13:02 Sabah yağış yağacaq