Saytımızı qiymətləndirin


 
 

““Zəngəzur dəhlizi Rusiyaya lazımdır” iddiası nağıldır” –TOFİQ ZÜLFÜQAROV /MÜSAHİBƏ
Tarix: 08-09-2024 | Saat: 09:06
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azpost.info-ya müsahibə verib.

Diplomat Azərbaycan-Ermənistan sülh danışıqları, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi məsələsi ilə bağlı suallarını cavablandırıb:

-Hazırda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh sazişi istiqamətində danışıqları necə qiymətləndirmək olar?

-Ermənistan faktiki olaraq danışıqlardan yayınır, siyasi təxribatlarını davam etdirir. Siyasi təxribatlar davam etdiyi müddətdə isə nəticə əldə etmək çətindir. Bəli, müəyyən təmaslar var, biz görürük ki, komissiyalarla bağlı hansısa razılaşmalar əldə edilir. Amma ümumilikdə sülhü yaxınlaşdıran addımlardan İrəvan yayınır. Əvəzində Azərbaycanı ittiham edən bəyanatlar səsləndirilir. Məsələn, bir neçə gün əvvəl Ermənistan tərəfindən bəyan edildi ki, Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olması haqqında bənd guya Ermənistana qarşı ərazi iddiasıdır. Azərbaycan da, Gürcüstan da özlərini ilk müstəqilliyi nəticəsində yaranan dövlətlərin varisi elan edib. Ermənistan isə biclik edərək özünü Araratın varisi yox, Ermənistan SSRİ-nin varisi kimi bəyan edib. Onlar yaxşı başa düşürdülər ki, əraziləri SSRİ vaxtı qanunsuz və süni şəkildə artırılıb. Onlar istəyirlər ki, öz siyasətlərində əsas  xətt olan anneksiya siyasətini davam etdirsinlər. İrəvan hər yola əl atır ki, qonşulardan ərazi qoparsın, Ermənistan Konstitusiyasında göstərilən maddəni, ərazi iddiasını çıxarmasınlar. Məlumdur ki, Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasında ərazi iddialarına son qoyulmasıdır. Bunu isə Ermənistan etmək istəmir. Bu halda hansısa sülhdən necə danışmaq olar?!

Ermənistan bəyan edib ki, 2027-ci ildə konstitusiya islahatı həyata keçiriləcək…

-Birincisi, bununla zaman qazanmaq siyasətini həyata keçirirlər. Gözləyirlər ki, 2027-ci ilədək bəlkə nəsə dəyişdi. Əsas məqsədləri isə dediyim kimi, anneksiya siyasətinin davam etdirilməsidir. Ümumiyyətlə, münasişənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, torpaqları işğal edib, etnik təmizləmə aparıb, işğalı 30 il davam etdirib. Biz isə BMT-nin Nizamnaməsinə uyğun olaraq işğalçını  güc tətbiqi ilə ərazilərimizdən çıxarmışıq, işğala son qoymuşuq. İndi isə tələb edirik ki, Ermənistan işğalına əsas yaradan  qanunlar dəyişdirilməlidir. Əgər Ermənistan ərazi iddialarına son qoymaq istəmirsə, demək ki, işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Buna görə də Ermənistan silah alır, təxribat xarakterli bəyanatlar yayırlar, sülhdən qaçırlar. Əgər belədirsə, o zaman tərəflər arasında imzalanan yeganə sənəd 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatdır. Həmin Bəyanat hərbi-texniki sənəddir. O zaman həmin sənədin icra olunmamış hissəsi icra edilsin.

-Sülh hansı reallıq çərçivəsində mümkün görünür?

-Biz də, ermənilər də başa düşməliyik ki, bir tərəfdə on milyonluq Azərbaycan, digər yanda 90 milyonluq Türkiyə var. Bizim arxamızda Türk Dövlətləri Təşkilatları mövcuddur ki, bu da o anlamı verir ki, ümumilikdə, 200 milyonluq türk faktoru var. Ermənistan isə ortada iki milyonluq əhali ilə qalıblar. İndi Ermənistan seçim qarşısındadır. Yenə də kiminsə oyuncağına çevrilib bizə qarşı çıxsalar, gec-tez uduzacaqlar. Həmişə olduğu kimi, ağaları onları hansısa mərhələdə satacaqlar. İndi Bakı İrəvana açıq şəkildə deyir: siz seçim qarşısındasınız. Ya Azərbaycanla normal şəkildə davranıb əlaqələr qurmalıdır, ya da nəticə ermənilər üçün ağır olacaq. Ermənistan anlamalıdır ki, geosiyasi vəziyyət dəyişib və Azərbaycan artıq geosiyasi faktordur. Ermənistan bəlkə də elə bilir ki, kimlərsə ona kömək edəcək, bu vasitə ilə Azərbaycanı məhv edəcək. Belə bir ehtimal isə əlbəttə, mümkün deyil. Hesab edirəm ki, İrəvandakı başbilənlər reallığı dərk etməlidirlər və tez zamanda qərar verməlidirlər, sülh istiqamətində addım atmalıdırlar. Bunu Ermənistanın varlığı üçün etməlidirlər. Əks halda,dediyim kimi, nəticə onlar üçün ağır olacaq.

-Rusiya sülh danışıqlarında vasitəçiliyə qayıtmaq niyyətindədir və Prezident Vladimir Putinin də, digər rusiyalı rəsmilərin də dilindən bu səslənib. Ermənistan isə bunu rədd edir. Moskvanın vasitəçiliyə qayıtması perspektivi nə qədərdir?

-Rusiya 2020-ci ildəki formata qayıtmaq istədiyini demir. Moskva hesab edir ki, Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndi hələ də icra olunmayıb və qüvvədədir. Moskva vasitəçilik formatını başqa cür görür və deyir ki, sülh danışıqlarına dəstək verməyə hazırdır. Söhbət sərhədlərin müəyyənləşməsindən, kommunikasiyaların blokdan çıxarılmasından gedir. Demək istəyirəm ki, Rusiya bəyanatında demir ki, vasitəçi olmaq istəyir, deyir dəstək vermək istəyir. Dəstək verməklə vasitəçilik etmək isə ayrı-ayrı məsələlərdir.

İkincisi, Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli komissiya formatı Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndinin icrasına yönəlmiş qurumdur. Ermənistan isə bundan imtina edir. Çünki Bəyanatda Zəngəzur dəhlizi məsələsini İrəvan qəbul edib, amma indi icra etməkdən boyun qaçırır. Azərbaycan isə imtina etmir, deyir ki, Rusiya bacarırsa, Ermənistanı məcbur etsin.

Məsələ belədir ki, ABŞ da əslində Zəngəzur dəhlizini qəbul edir. O Brayen İrəvanda səfərdə olarkən bildirmişdi ki, Vaşinqton Zəngəzur dəhlizində maraqlıdır və istəyir ki, Qərbin Mərkəzi Asiya ilə arasındakı kommunikasiyalar İran və Rusiyanın təsirindən azad olsun. Azərbaycan da buna razıdır. Bizim məqsədimiz odur ki, Naxçıvanla bağlantı olsun, amma Ermənistanın nəzarəti altında olmasın. Əgər ABŞ bunu təmin edəcəksə, etsin, Bakı narazı deyil. Əgər Rusiya bunu təmin edirsə, Bakı buna da razıdır. Biz bu məsələdə çox açığıq.

Ermənistan göstərmək istəyir ki, guya Zəngəzur dəhlizi Rusiyaya lazımdır. Birincisi, bu, nağıldır. Çünki Rusiyanın Xəzər üzərindən İranla əlaqəsi mövcuddur. Yeri gəlmişkən, bu kommunikasiyaları Rusiya uzun müddət Ermənistanın xeyrinə istifadə edib, oradan silahlar daşınıb, yüklər daşınıb və s. Bilirsiniz, Ermənistanın imtinalarda niyyəti normallaşmanın baş tutmamasıdır. Bu da dediyim kimi, rəsmi İrəvanın anneksiya siyasətindən əl çəkməməsi ilə bağlıdır. Bəziləri deyirlər ki, Ermənistan cəmiyyəti sülhə hazır deyil, revanşistlər imkan vermir və s. Amma əslində Ermənistan elitasının özü anneksiya siyasətinin davamında maraqlıdır.

-Paşinyan bir neçə gün əvvəl bəyan etdi ki, Moskva heç bir məsələdə vasitəçi ola bilməz və Azərbaycanla vasitəçisiz danışıq mümkündür. Hətta Azərbaycan lideri ilə sərhəddə görüşü də istisna etmədi. Rəsmi Bakı da uzun müddətdir vasitəçisiz danışıqlar təklif edir. Bu təklifin perspektivi nə qədərdir və vasitəçisiz danışıqları Rusiya pozmağa cəhd edə bilərmi?

-Rusiya bunu nəyə görə pozmalıdır ki?! Bilirsiniz, Rusiyanın istəyi Qərbin vasitəçiliyinin olamamasıdır ki, buna da nail olub. Moskva hər zaman Qərbin vasitəçiliyinə qarşı olub ki, faktiki olaraq Qərb vasitəçi deyil. Təkbətək görüşə, danışıqlara gəlincə, bu, Bakının istəyidir və dəfələrlə bu təklif İrəvana verilib. Biz əvvəldən deyirik ki, bizə nə Rusiyanın, nə də Qərbin vasitəçiliyi lazımdır. Vasitəçi istəyən Ermənistan idi. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilən vaxt Paşinyan Moskvaya səfər etdi və orada bəyan etdi ki, İrəvan üçün Rusiyanın təklifi qəbuldur, onun üzərində işləmək istəyir. Ermənistan danışıqlarda hansısa oyunçunu vasitəçi kimi ortaya salmaq niyyətində idi ki, həmin güc İrəvanın xeyirinə Azərbaycana təzyiq etsin. Azərbaycan isə bu vəziyyətdən çıxmaq üçün birbaşa görüşlərin nəticə verdiyini, bunun üçün də vasitəçisiz danışıqları təklif edirdi. İndi Paşinyanın dedikləri həm Bakının mövqeyinə uyğundur, həm də Rusiyaya mesajdır ki, Qərb vasitəçi olmayacaq. Ona görə də Moskva birbaşa görüşə, danışıqlara mane olmayacaq. Bəli, Rusiya istəyərdi ki, danışıqlarda birbaşa vasitəçi olsun. Amma bunun üçün Azərbaycanın da razılığı olmalıdır. Bakının isə mövqeyi sadədir – nə Qərbin, nə də Rusiyanın vasitəçiliyi lazımdır.

-Zəngəzur dəhlizi demişkən, İran tərəfindən Zəngəzur dəhlizi ilə bağlı verilən son bəyanat və səfirinin Rusiya XİN-ə çağırılması, etiraz bildirilməsi göstərdi ki, Moskva ilə Tehran dəhliz məsələsində həmfikir deyillər. Bu fikir ayrılığı nədən xəbər verir?

-İranın bəzi dairələri Zəngəzur dəhlizi məsələsində sanki Qərbin siyasətini həyata keçirir. Qərbdə başa düşürlər ki, Rusiya artıq Ermənistanı müdafiə etmək istəmir və buna həvəsli deyil, imkanı da yoxdur. İndi Qərb istəyir ki, bu məsələdə İran öz xidmətini göstərsin. Baxın, vaxtilə İran sərhədlərimizdə hərbi təlimlər keçirəndə Qərb ölkələri buna qarşı hansısa bəyanat səsləndirdimi? Təbii ki, yox. Qərbin bəlkə də əsas məqsədlərindən biri odur ki, Azərbaycanı İranla toqquşdursun. Bununla həm İranı, həm də Azərbaycanı zəiflətsin. Amma Bakı buna getmək istəmədi, gərginliyi aradan qaldırmağı bacardı. Məsələ burasındadır ki, İranda da sağlam dairələr var və onlar yaxşı başa düşürlər ki, toqquşma İranın məhvinə gətirib çıxaracaq. Orada müxtəlif milli azlıqlar var. Azərbaycana qarşı həmlələr müxtəlif böhranlara gətirib çıxaracaq.

İkincisi, kim deyir ki, Zəngəzur dəhlizi sərhəd boyu olacaq? Bəlkə dəhliz sərhəddən 5-10 kilometr şimaldan keçəcək. O zaman dəhlizin İrana nə aidiyyəti olacaq. İranla Ermənistanın sərhədindəki torpaqlar qalacaq. Demirlər ki, Ermənistanla sərhəd lazımdır, o zaman 5 – 10 kilometrlik ərazi qalır arada, götürsün. Demək istəyirəm ki, Tehranın bu məsələdə məntiqi zəifdir. Deyirlər ki, sərhədlərin dəyişməsini istəmirlər. Lap yaxşı, sərhəd dəyişmir axı.

-Bir neçə gün əvvəl Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı əsasnamə razılaşdırıldı. Bu əsasnamədən gözlənti nədir?

-Bu, texniki sənəddir. Beynəlxalq təcrübəyə əsaslanaraq belə sənədlərin qəbul olunması qeyri-adi deyil. Komissiyanın üzvləri dövlətlərin müxtəlif sahələrini təmsil edən nümayəndələrdir. Tərkib genişdir, müzakirə olunan məsələlər də vacibdir və müxtəlif sahələri əhatə edir. Bu əsasnamə iş reqlamentini tənzimləyən sənəddir. Bu cür sənədlərdə göstərilir ki, görüşlər hansı şəkildə təşkil olunacaq, ildə neçə dəfə olacaq, mövzular nə olacaq, sənədlər nələr olacaq, əsas götürüləcək, təkliflər nədir və s. Ölkələr arasında bu cür əsasnamələr qəbul edilir. Azərbaycanla Rusiya, Gürcüstan arasında da belə sənədlər var. Çünki bu ölkələrlə delimitasiya, demarkasiya tam başa çatmayıb, danışıqlar aparılır.

-Bu əsasnamə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasına müsbət töhfəsini verəcəkmi?

-Bilirsiniz, sərhədlərlə bağlı Azərbaycan üçün ən problemli hissə Ermənistanladır. SSRİ dağılandan sonra Alma-Ata Bəyannaməsi qəbul olunub və həmin sənədə əsasən ölkələr sərhədlərini müəyyənləşdiriblər. Azərbaycanla Ermənistan arasında isə sərhədlərlə bağlı problem bir qədər mürəkkəbdir. Ona görə ki, Alma-Ata Bəyannaməsinin qəbulundan qabaq, 1989-cu ildə Ermənistan SSRİ adminstrativ sərhədlərindən imtina edib. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Ermənistan Müstəqillik Bəyannaməsində Qarabağı Ermənistanın ərazisi kimi göstərib və bu Bəyannaməyə istinad edilərək iddianı konstitusiyasına salıb. Eyni zamanda, ərazi iddiaları ilə bağlı digər aktlar da qəbul ediblər. Demək olar ki, Ermənistan SSRİ adminstrativ sərhədlərindən imtina ediblər. Bu, imtina Azərbaycanla sərhədə aiddir. Məsələn, Ermənistan Gürcüstanla sərhədlərini Alma-Ata Bəyannaməsinə əsasən qəbul  edib. Yaxud da, Türkiyə ilə sərhədləri də həmin Bəyannaməyə əsasən qəbul ediblər. Azərbaycana gəldikdə isə fərqli yanaşma var. Ərazi iddiası ortadadır ki, bu, məsələni mürəkkəbləşdirir. İndi biz də başa düşmürük ki, Ermənistanın ərazisi konkret haradır. Paşinyan Ermənistanın ərazi bütövlüyü dedikdə haraları nəzərdə tutur?! Çünki Ermənistan müxtəlif variantlar səsləndirir. Qanunlarında isə variant fərqlidir, ərazi iddiası var. Ona görə də əsasnamənin təsirlərinin necə olacağını demək çətindir.

Anar ABDULLA

Azpost.info



Xəbəri paylaş

959 dəfə oxunub.

Digər xəbərlər
4-02-2019, 10:25 Bürclər- 4 fevral


Bu gün, 08:25Quterreş Bakıdadır