Saytımızı qiymətləndirin


 
 

Dağlara dağ çəkənlər...
Tarix: 17-08-2024 | Saat: 22:38
Bölmə:Karusel / Yazar | çapa göndər

daglara-dag-cekenler

Mən hələ də bu fikirdəyəm ki, biz qələbəmizin  böyüklüyünün tam fərqində deyilik. Biz, yəni lap elə bütövlükdə xalq. Kimlərsə məsələnin mahiyyətini tam dərk edə bilər, amma xalq olaraq, toplum olaraq nə qədər böyük bir problemimizin həll edildiyinin, uzun bir tarixi dönəmin bizim qələbəmizlə başa çatdığının fərqində deyilik. Mən belə düşünürəm. 

Ən böyük arzum isə budur ki, bir gün bu düşüncədə yanıldığım mənə sübut edilsin. Lap elə özüm-özümə sübut edim. Nə isə olsun, nə isə baş versin və mən anlayım ki, səhv düşünürmüşəm. Bir insan özünün səhv olmasını necə arzulaya bilərmiş? Demək ki, mümkündür... 

Hələlik isə o “nə isə” baş vermir. Doğrudur, şəhidlərimə xalq sayğısı da, şəhid ailələrinə, qazilərə dövlət qayğısı təqdir olunacaq səviyyədədir. İnsanlar işğaldan azad olunan ərazilərdə gəzdikcə, öz tarixi yudlarına geri döndükcə şəhidlərimizi anıb rəhmət verməsi, qazilərimizə can sağlığı diləyir. Bunu hər gün televiziyalarda verilişlərdən görmək, sosial şəbəkələrdə paylaşımlardan izləmək mümkündür. Bu çox gözəl və qürurverici haldır. Di gəl, məsələ şəkil paylaşıb “Burda olmağımızı şəhidlərimizə borcluyuq” deməklə bitmir. Türkiyəli qardaşlarımızın təbiri ilə desək, “sayğıda qüsurumuz” çoxdur...

Bütün bunları yazmağa məni vadar edən, bu gün izlədiyim bir videodur. Gözəl və özəl Laçınımıza gedən yolun kənarındakı vəziyyətlə bağlı çəkilmiş video. Gözəl olduğunu gedən-getməyən hər kəs bilir, özəl olduğunu da ona görə yazıram ki, Laçın bizim qalamız, Qarabağımızın qarantı olan kilidimizdir. Amma baxdığım videodan belə görünürdü ki, Laçının gözəlliyinin qəsdinə duranlar var. Belə getsə, Laçın özəl olaraq qalsa da, gözəl olaraq qala bilməyəcək. Bəlkə siz də görmüsünüz, görməmisinizsə mütləq baxın. Yol aşırımındakı bulaqdan su içməyə, su götürməyə yenən hörmətli vətəndaşlarımız o bulağı ətrafını, bulağın axdığı yol kənarını elə bir vəziyyətə qoyublar ki, adam  əsəb və ikrah hissi keçirmədən baxa bilmir. Videonu çəkən adam “burada piknik edirlər” desə də, görüntülərdən bəlli olur ki, orada “piknik ediləsi”, oturulası yer yoxdur. Demək ki, insanlar sadəcə bir neçə dəqiqəlik, su içib, su qabı doldurmaq üçün dayandıqları ərazini bu vəziyyətə salıblar. Gör indi “piknik etsələr” nələr baş verərdi...

Kimsə məndən inciməsin, amma şəhidinin ruhuna hörmət edən bir vətəndaş, 44 günlük Zəfər Savaşının, antiterror əməliyyatlarının mahiyyətini anlayan insan bu işi görə bilməz. Qazisinə hörmət edən edən toplum bunu etməz. Siz məni məsələni çox şişirtməkdə, qeyri adi paralellər aparmaqda günahlandıracaqsınız, o məsələnin buna dəxli olmadığını deyəcəksinizsə, icazə verin sizə bir xatirəmi danışım. 

Necə ki, İzmir Türkiyənin ən gözəl şəhərlərindən biridir, eləcə də “Alsancak” İzmirin ən gözəl yerlərindənir. Dəniz kənarında, yamyaşıl çəmənlik düşünün, həm də yüzlərlə metr uzunluğunda. Alsancak həm də Kurtuluş Savaşında Atatürkün əsgərlərinin düşmənləri sürüyüb dənizə tökdüyü yerdir. O düşmənlər ki, elə bizim düşmənimiz kimi, çıxarkən evləri, binaları bir-bir yandırıb çıxırdılar. Od tutub yanan İzmirə türk əsgərinin “süpürüb” dənizə tökdüyü düşmən mənzərələri “su səpirdi”. Mən İzmirdə olanda filmlərdən, tarix kitablarından gördüyüm bu mənzərəni gözümün önünə gətirməyə çalışırdım. Əlbəttə ki, yanan binalardan, dağılan evlərdən əsər belə qalmamışdı. Türkiyə dövlətinin qüdrəti ilə bütün yaralar sarılmışdı. Necə ki, bizim dövlətmiz indi işğaldan azad edilən ərazilərdə 30 illik dağıntının, talanın izlərini yox etməklə məşğuldur.

Axşamlar Alsancağın çəmənləri üzərində yüzlərlə insan əylənir. Topa- topa yığılan gənclər, öz aralarında mahnı oxuyur, içki içir, yemək yeyirlər. Sahil boyu gəzdikcə qarşımıza öz ailəsi ilə çəmənlikdə oturan orta yaşlılar, hətta ahıllar belə çıxırdı. Axşamın gec saatlarında əyləncələr yavaş-yavaş səngiyir, insanlar yığışıb evlərinə gedirdilər. Mən xüsusi olaraq fikir verirdim, bir nəfərin oturduğu yerdə bircə qırıntı belə çəmənliyə atılmır, içilən yüzlərlə butulka içkidən bir şüşə belə gözə dəymirdi. Hər kəs öz süfrəsini sonuncu zibilinə qədər təmizləyib özü ilə aparır və ya yaxınlıqdakı zibil qabına atırdı. İlk günlərdə bunun hansısa qorxudan edildiyini, əks halda cərimələrin tətbiq edildiyini düşünürdüm. Digər tərəfdən “bu qədər insanın olduğu yerdə yerə atılmış hər hansı bir şeyin kim tərəfindən atılması necə təyin oluna bilər ki, cərimələnsin?”- deyə düşünürdüm. Bir gün təsadüfən söhbətləşdiyim orta yaşlı bir insandan soruşdum ki, bu adamlar zibilləri yığmasalar çoxmu cərimə olunarlar? Nə yaxşı hamı belə səliqəli, səhmanlıdır? O türk qardaşın cavabını heç zaman unutmaram. Elə öz dediyi kimi yazım, əminəm ki, siz də unutmayacaqsınız. 

- Abi, yok öylə bir şey ya. Cəza, falan yok. Bu toprakda bizim şəhidlərimizin kanı akmış, biz buraya nasıl çöp (zibil) buraka bilirik ki?

Vəssalam! “Üstündən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, bir savaşa, bir şəhidə, vətən torpağına necə dəyər verilə bilər?” sualına ən mükəmməl cavab idi bu kəlmələr. 

Biz, təkcə işğaldan azad olunmuş ərazilərə yox, vətənin hər qarışına, hər ovuc torpağa bu münasibəti sərgiləməliyik. Xəzər boyu qarpız qabığı, qağıdalı və tum “qəbristanlığına” çevirdiyimiz çimərliklərimiz üçün də, yediyimizi yeyib, yemədəyimizi qolumuz gəldikcə tulladığımız, içdiyimiz içkilərin şüşələrini sındırıb otluqlarını tökdüyümüz turizm məkanlarımız, istirahət yerlərimiz, ocaqlar qalayıb söndürməyi unutduğumuzdan cayır -cayır yanan, amma əslində ciyərimiz olan meşələrimiz üçün də eyni şeyi düşünməliyik. Biz o türkiyəli qardaşın fikirlərini aşılamalıyıq. Anlatmalıyıq ki, təkcə şəhidlərimizə, qazilərimə qarşı yox, bütün xalqımıza qarşı hörmətsizlikdi o zibillər. O zibili atanlara bütün yollarla izah olunmalıdır, başa salınmalıdır ki, belə olmaz. Bu yol ekoloji fəalların könüllük prinsipi əsasında da ola bilər, qurumların həyəcan təbili çalması ilə də ola bilər, tv, radio və sosial şəbəkələrdə maarifləndirilmə ilə də. Bunların heç biri işə yaramazsa, dövlət baba öz sərt üzünü göstərməli, çox ciddi cərimələr tətbiq olunmalıdır. O adamlar cərimə olunacaqlarını bilsələr, öz zibillərini maşınlarında yaşadıqları yerə qədər gətirəcəklər. Hələ bəlkə məhlədəki zibil qabına atmayıb evə də apararlar. İnanın, apararlar. Laçının o gözəlim dağlarını zibilləyən adamdan nə desən gözləmək olar!

Çingiz Özgür



Xəbəri paylaş

659 dəfə oxunub.

Digər xəbərlər