Saytımızı qiymətləndirin


 
 

“Əkərm Əylisli dünya miqyaslı yazıçımızdır, gərək belə etməyəydi…”-Qocaman yazıçı Vaqif Nəsib /MÜSAHİBƏ/2-Cİ HİSSƏ
Tarix: 06-11-2024 | Saat: 11:04
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 Qocaman yazıçımız Vaqif Nəsib Azpost.info-ya müsahibə verib. Müsahibənin 2-ci hissəsini oxuculara təqdim edirik.

Əvvəli burada 

 Azərbaycan ədəbiyyatının tanınmış imzalarından olan Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olub. Onun yazdığı bir çox əsərlər oxucular arasında maraqla qarşılanıb. “Omaroğlunun qayıtması” hekayəsi ədəbi ictimaiyyətdə hadisə sayılıb.

V.Nəsib Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968–1969), “Qobustan” jurnalı redaksiyasında məsul katib (1969–1975), “Gənclik” nəşriyyatında baş redaktorun müavini (1975–1983), “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Mən zərərli vərdişlə azacıq fasilə verirəm. (Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir). Vaqif müəllim yenə yola baxır. “Keşlə” bazarının qarşısından keçən uzun yola. Sükutu qırmaq mənim borcumdur…

Bəzi adamların fikrincə, ədəbi cameədəki ədalət prinsipləri ötən əsrdə qaldı. Yəni Sovet dönəmində yazıçılar indiki dövrlə müqayisədə daha çox prinsipial, daha da ədalətli mövqe tuturdularmı?

– Yox. Yazıçılar…Bilirsən nə idi…Deyəcəm… Deməli, Sovet dövründə ədəbiyyatın əsl tərifinə çevrilən belə bir biabırçı şüar var idi ki, ədəbiyyat belə partiya işinin xüsusi bir hissəsi olduğuna görə o, öz fəaliyyəti ilə mütləq partiyanın təbliğatında iştirak etməlidir. Kommunistlər deyirdilər ki, bəs partiyanın təkanverici qüvvəsi kimi bizim ədəbiyyatın da özünün, istisnasız olaraq partiya tezisləri ilə səsləşən prinsipləri olmalıdır. Sovet dövründə elə məhz buna görə də partiya təbliğatını gücləndirmək məqsədilə ümumiyyətlə yazıçı və şairlərə, ədəbiyyat təşkilatlarına, ədəbi mühitə və mətbu orqanlara böyük dəstək verirdilər. Elə mənim özüm. Mən uzun illər, SSRİ dönəmində “Gənclik” nəşriyyatında baş redaktor, redaktor müavini işləmişəm. O illərin iş üsulları belə idi: əvvəlcə planı biz tuturduq, sonra da lap yuxarılara, düz Mərkəzi Komitəyə qədər gedib çıxırdı, o, bu, baxırdı, yoxlayırdı… Bax, həmin Sovet sistemində belə lazımsız müdaxilələr var idi, hamısı da formal xarakter daşıyırdı.

Amma, amma! Onu da deyim ki, çox vaxt istedadsız yazarlar çap olunsa da onların gözünə üç-dörd istedadlı adamı da qatıb çap edirdilər. Belə… Hə, yeri gəlmişkən, bir məsələni deyim… Bir dəfə məni zəng edib dedilər ki, Sovet dövrünün yazıçısı kimi sizi efirə qoşuruq ki, o dövrdə guya Azərbaycan Yazıçılar İttifaqında “qazaxlı” klanından danışasınız. Özündənrazı bir neçə cavan idi, bu mövzuda danışanlar.

Mən də dedim ki, Yazıçılar İttifaqında heç vaxt yerlibazlıq olmayıb, belə yerlibazlığı edən əsas qüvvələr Azərbaycan SSRİ-nin Mərkəzi Komitəsində işləyən məmurlar idi. İkincisi də, hamı bilir ki, o zaman kim Azərbaycan Yazıçılar İttifaqına sədrliyə seçilib, rəhbər vəzifəyə gəlirdisə, ətrafına öz inandığı adamları yerləşdirildi, bu işi də mərkəzlə razılaşdırırdılar. Çünki hətta AYB-nin rəhbəri də asılı idi, onun vəzifəsi isə həmişə mərkəzi komitənin naviqatoru rolunu oynayırdı. Axı burada qazaxlıların çevrəsini özbaşına kim yarada bilərdi ki?  Mehdi Hüseynin bu qalmaqallarda axı nə günahı var? Onun dövründə Hüseyn Arif, İsa Hüseynov kimi böyük istedad sahibi olan qələm adamları yetişmişdi. Tək-tük qazaxlı olan əsas iki sima. İsanı, Hüseyni Mehdi zorla yazıçı, şair etmişdi?. Onların arasında ən gənci də Nəriman Həsənzadə idi. Mehdi Hüsеyn onun şeirini oxuyub və çox da xoşuna gəlib. Heç haralı olduğunu da bilməyib. Nərimanı tapmağı tapşırıb.

Deyilənə görə, əslində özüm də bilmirəm, düzdü danışılanlar, yoxsa yalandı, amma belə eşitmişəm ki… Utancaq bu gənc şair, yəni Nəriman həmin görüşə görə o qədər çox sıxılırmış ki, büzülə-büzülə də Mehdi Hüsеynin otağına girir. Mehdi müəllimin bu giriş heç xoşuna gəlmir, sərt bir tövrlə ona deyir: “Çıx otaqdan, təzədən gir içəriyə, kişi kimi gir”( gülür). Demək istəyirəm ki, hamıya da məlumdur, Səməd Vurğun da, Süleyman Rəhimov da, başqaları da belə işləyib. Belə hücum Süleyman Rəhimova da olmuşdu. Onu tənqid edirdilər ki, niyə Qasım Qasımzadəyə vəzifə verib, halbuki Qasımzadə hətta Rəhimovun özündən də qat-qat ədalətli, istedadlı adam idi. Yaxşı tanıyırdı deyə, Süleyman Rəhimov məhz ona etibar etmişdi. Hə, axı burada nə var ki?.. Məsələn, sabah məni də Azərbaycan Yazıçılar Birliyinə rəhbər qoysalar, bu cür işləyərəm. Lap yaxından tanıdığım, həm də çox etibar elədiyim, dostum saydığım Mübariz Məsimoğlunu gətirərəm birliyə rəhbər işə, çünki tanıyıram da. Mübariz kimi qələm adamını, şairi AYB-dən xaric etdilər. Amma, o, nəydi adı onun.. SəlimBabullaoğlu orada işləyir. Axı Mübariz Məsimoğlu şair kimi Səlim Babullaoğlundan da istedadl qələm sahibidir.

Mızıldanıb, mövzunu dəyişmək istəyirəm: “Gəlin, belə müqayisələrdən ötək, Vaqif müəllim… Yenə sualım var, yorulmamısınz ki?”. Üzümə baxır, dinmir və beləliklə də mən ağsaqqal yazıçının bu susqunluğunu razılıq əlaməti kimi qəbul edib yazıçıdan dostları barədə də soruşuram. Kim bilir, bəlkə də hər şeyi danışdı…

-Uzaq düşdüyünüz və yaxud bilərəkdən unutduğunuz dostlarınız çoxdur, yoxsa sadiq dostlar?

-Vallah, yaşlı adama bu sualı vermək bir az adama qəribə gəlir. Mənim dostlarımın çoxusu məzardadır. Sənə deyim ki, indiki cavanların içində yetişən, mənə də böyük hörmət göstərən sadiq dostlarım da var. Məsələn, mən evdə qızdırma içində xəstə yatanda, ədəbiyyat cameəsində 85 illiyim qeyd edilməyəndə, Mübariz Mənsimoğlu başda olmaqla təxminən qırx nəfərədək dostumuz bir yerə yığışıb ki, gərək Vaqif Nəsibə yubiley keçirək. Keçirdilər də. Bir axşam qızdırmalı vəziyyətdə zəng etdilər, zorla məni yatağımdan qaldırıb çağırdılar həmin yubileyə, məclisə. Hətta çəkən də gətirmişdilər. Elə bunun özü dostlarımın sədaqətini, mənə olan hörmətini göstərir.

Bunların hamısı bir insanın ömrünə sığan dəyərdir, sayğıdır. Onu da deməliyəm ki, mənə qarşı ən böyük yaxşılıqları yazıçı Elçindən, Elçin Əfəndiyevdən görmüşəm. Elçin Baş Nazirin müavini işləyəndə xəbər tutmuşdu ki, mənim 80 çap vərəqlik hələ çap olunmamış əsərlərim var. Bir gün də Elçin mənə zəng edib dedi ki, iyirmi beş çap vərəqi kitabım dərc olunacaq. Nəfis şəkildə çap olunmuş bu kitabım məndən ötrü çox böyük abidə oldu. Üstəlik də bu kitabda ən yaxşı əsərlərim toplanıb. İnan ki, bu kitaba Elçinin özü elə gözəl ön söz yazmışdı ki… Elçin çox böyük ustalıqla şair Vaqif Nəsibin də, yazıçı Vaqif Nəsibin də qiymətini vermişdi. Mən Elçindən böyük qayğı görmüşəm. Bizim kənd məsafəsinə görə ermənilərlə daha yaxın olduğundan təhlükəli ərazi sayılırdı. O vaxtlar isə Elçin səlahiyyətli şəxs olsa da əslində bu işlərə, yəni torpaq işlərinə qətiyyən qarışmazdı, amma, sağ olsun, mənə görə ağız açmalı oldu və yerli vəzifəlilərdən xahiş elədi ki, yaradıcılıqla məşğul olmaq üçün mənə də imkan yaratsınlar. Bununla da məsələ həll olundu. Bir neçə müddət sonra Əskipara kəndindən aralıda, yəni Səməd Vurğunun adını daşıyan, Yuxarı Salahlı kimi tanınan kənddə mənə 10 sot torpaq verildi, həm də mənim işləməyim üçün yaradıcılıq evi tikdilər. Elçinin mənə elədiyi yaxşılıqları unuda bilmərəm. Elçin həmin kitabla həm mənim ömrümü uzatdı, həm də mənə elə bir oksigen vadisi verdi ki, doyunca rahat nəfəs alım.

XX-XXI əsrlər Azərbaycan ədəbiyyatında sizin təsirinizlə yazılan bir nəsr əsəri belə varmı?

-İndi şüa əsridir, hamı şüalanıb. O altıncı hiss deyirlər e, dağda çobanda da var. Bu mənada, yazıçı kimi sənin yazdıqlarını, ya da yazmaq istədiklərini başqaları da yaza bilər, yaxud da yazıb. Ona görə də indiyə qədər mənim təsirimlə yazılan əsərə rast gəlməmişəm.

-Bayaq dostluqdan danışdınız, sizin də az macəralarınız olmayıb. Bəlkə Vaqif Nəsib Əkrəm Əylislinin günahının ucbatından davaya düşdüklərini danışsın?

-Yox. İndi Əkrəmin vəziyyəti çox pisdir, elə ona görə Əkrəm Əylisli haqqında belə mövzulardan danışmaq istəmirəm. Öncə, onu deyim ki, Əkrəm Əylisli Azərbaycan ədəbiyyatında öz yeri olan bir yazıçıdır. Hətta belə hesab edirəm ki, Əkrəm Əylisli bizim dünya miqyaslı yazıçımızdır. Hətta deyərdim ki, Nobel mükafatına layiq olan yeganə yazıçımızdır. Məncə, onun ABŞ-da da kitabı çıxmışdı, deyəsən, dörd cildliyi idi, amma gedə bilmədi ora, nəyə görəsə buraxmadılar. Mənim eşitdiyimə görə, o vaxt bir neçə adamın dilindən eşitmişdim Aeroportda gözləyən Əkrəm kiminləsə mübahisə etdiyindən çox qızışıb, səs-küy qoparıb. Nə bilim… Bəlkə də qoymayıblar ki, gedib Amerikada ağzına gələni danışar, axı Əkrəm çılğın adamdır. Əlbəttə ki, onun adı bədnam olan romanı qəzəblə, qınaqla qarşılandı, mən də çox məyus oldum, çox sarsıldım, möhkəm səs-küy saldılar, haqlı olanlar da vardı. Amma qəribə olan daha bir məqam var. Axı Əkrəmin belə roman yazdığından, oxumasam da, hətta mənim də xəbərim vardı. Çünki bu əsərin çoxdan yazıldığını eşitmişdim. çap da olunmuşdu, nəyə görəsə birdən kiminsə yadına bu roman düşür. Əkrəmin bu əsəri nəyə görə yazdığı da məlumdur. Ancaq bax, bir şeyi anlamıram ki, niyə Əkrəm birdən hədəfə tuş gəldi. Azərbaycan yazıçısı kimi gərək belə etməyəydi də. Əkrəm – Sərgüzəştdi. Ancaq onu deyim ki, indi Azərbaycanda dünya çapına çıxmaq istəyən yazıçı gərək rəhbərlikdən dəstək alsın. Reallıq belədi.

-Vaqif müəllim, gəlin, kinodan danışaq… Sizin öz ekranını gözləyən ssenariləriniz də var. Bu gün vəziyyət necədir, heç yada salan, ssenari sifariş verən varmı?

-Mənim “Oğul çiyni” adlı ssenarim vardı. “Qobustan” jurnalında da çap olunmuşdu və çox böyük də səs-küy yaratmışdı.  Bir qaçağın taleyindən bəhs edən ssenarim həm də Azərbaycan analarına ithaf idi. O vaxt, Ədil İsgəndərovun rəhbərlik etdiyi kinostudiyadan məni axtarıb tapmışdılar ki, bəs, sənin bu ssenarin əsasında lmin çəkilişlərinə başlayacağıq. Elə o ərəfədə də nəsə baş verdi və Ədil İsgəndərovun haqqında “İzvestiya” qəzetində felyeton dərc edildi. Sonra da Ədil İsgəndərovun adını saldılar yuxarıların “qara dəftərinə”, kişini işdən çıxardılar. Bu hadisədən heç çox ötməmiş, Ədil İsgəndərov vəfat etdi.

O boyda sənətkarı urvatla da dəfn eləyə bilmədilər. Mən həmin ssenarinin pulunu, 6 mini də əvvəlcədən almışdım. Ədil İsgəndərov rəhmətlik deyirdi ki, qadam, oradakı pinəçi obrazını özüm oynayacam.

Daha sonra onun yerinə Cəmil Əlibəyovu təyin etdilər. Getdim, dedilər ki, sənin bu ssenarin antisovet əsərdir, ta mən də dinə bilmədim, çünki 6000 mini qaytarmağa imkanım yox idi. Cəmil Əlibəyovu yaxşı tanıyırdım, pis adam da deyildi, vaxtı ilə “Gənclik” jurnalının baş redaktoru olanda Əkrəm Əylislinin, Fikrət Qocanın, mənim yetişməyimdə də böyük əməyi olmuşdu. Beləcə, həmin ssenari də qaldı.

-Vaqif Nəsib öncə ustadının adını çəksin, daha sonra böyük yazıçı olub-olmadığını desin, biz də bilək…

-Əvvəla, mən onun tam əleyhinəyəm ki, bir yazıçı zamanın sınağından keçməmiş özünü böyük adlandıra. Bəzi yazıçılar indi də özünü böyük, ölməz hesab edirlər, bu düzgün deyil axı, belə yanaşma olmaz! Elə qələm sahibləri, elə yazıçılar olub ki, bir əsr sonra adı, izi silinib gedib, heç özündən sonra bircə sətri belə qalmayıb. Əsl yazıçının qiyməti, bir əsr sonra, bəlkə də 200 ildən sonra bilinir. Mənim fikrim belədir. Biz də ədəbiyyat yolunda savaşan mücahidlərik, canlı şəhidlərik, yazmasaq, dura bilmərik. Bu həm də ruhsal mənada bir asılılıqdır. Ona görə də ən ali məqsəd əsl yazıçı olmaqdır. Belə. Qaldı ki, mənim ustadımın kim olmağına, konkret yazıçı adı çəkə bilmərəm, yoxdur. Bizdə, bizim Azərbaycan ədəbiyyatında belə bir yazıçı yoxdur ki, deyim, mən ancaq onu özümə ustad hesab edirəm. Azərbaycan yazıçısı kimi nəsrdə öz seçilən imzası, öz yolu, öz üslubu olanların hər birindən yazıçı kimi nəsə öyrənmişəm. Belə deyim də, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının, İsa Hüseynovun, Elçinin, Əkrəmin, şeirimizi ritorikadan qurtaran Əli Kərimin əsərləri birlikdə mənim ustadıma çevrilib.

P.S. YOXSA?..

Vaqif Nəsib Sarıhüseynoğlu dedi ki, son olaraq bir Pərsəngim var. Anlamadım nə demək istədiyini. Və qocaman yazıçımız mənə başa saldı ki, o P. S-i özünün kəşf elədiyi adla söyləyir, yəni Pərsəng. Vaqif müəllim söhbətimizin son duracağında böyük həvəslə gözləyən P. S. əlavəsinə öz əlavəsini edir. Dedi ki, mütləq bunu da yazmağımı, hamının da bilməsini istəyir.

Nəğməkar şair kimi Vaqif Nəsib “Cəmilə”, “Di laylay”, “Əlvida”, “Gəncə” kimi bir çox mahnı mətnlərinin müəllifi  olub. Həm də fəxrlə söyləyir ki, onun şeirlərinə yazılmış mahnıları Heydər Əliyev Sarayında Rəşid Behbudov kimi böyük sənətkar ifa edib.

Amma çoxları bir faktı da bilmir ki…

Elə əsl Pərsəng və yaxud da P. S. buradan başlayır…

P.S. PƏRSƏNG VƏ YAXUD QISA ARAYIŞ…

Öncə deyilir ki, ilk şeir olaraq Azərbaycan rəhbəri Heydər Əliyevdən bəhs edən və ona həsr edilən bu mahnının mətninin iki müəllifi  olmalıymış- O və Fikrət Qoca.

Mahnı mətnini hazırlamaqdan ötrü hətta onlara tövsiyə edilib ki, birlikdə işləsinlər, amma sonra mətni ancaq ona tapşırıblar.

TƏFƏRRÜATI İLƏ

Sovet dövründə respublikaya rəhbərlik etmiş mərhum president Heydər Əliyevə həsr olunan şeirin, həm də ilk mahnı mətninin müəlli Vaqif Nəsibdir. “Alqış yol göstərən” adlanan bu nəğmənin sözləri Vaqif Nəsibin, musiqisi isə Tofiq Quliyevindir. Vaqif müəllim onu da xüsusi olaraq qeyd edir ki, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Alqış yol göstərənə” adlı mahnı yetmişinci, yaxud da ola bilsin ki, səksəninci illərdə, keçmiş Lenin Sarayında Rəşid Behbudovun kimi sənətkarın ifasında səslənib. Bu mahnının musiqisi, sözü, həmçinin də ifa elə gözəl bir-birini tamamlayırdı ki, həmin dövrdə Azərbaycanın rəhbəri kimi şəxsən Heydər Əliyevin özü də bu mahnıya heyran qalıb nəğməni və onun müəlli ərini ayaq üstə uzun müddət alqışlamışdı.

VƏ P. S. ADLANAN PƏRSƏNGİN SONU.

Yazıçı, şair Vaqif Nəsib Sarıhüseynoğluna daha sualım qalmadığından bu qocaman yazarla sağollaşıb onun əliylə göstərdiyi istiqamətə, dayanacağa yön alıram…

Söhbətləşdi: Oqtay Qorçu

Azposrt.info



Xəbəri paylaş

245 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır