Tarix: 08-02-2022 | Saat: 11:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Deputat AŞPA-ya verdiyi bəyannamədə nələri gizlədib?
Londonda ailə üzvlərinin külli miqdarda vəsaitinə məhkəmə yolu ilə əl qoyulan Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycan mətbuat nümayəndələrini təhqir etdiyi müraciətində bütün pulları qanuni biznes fəaliyyəti ilə əldə etdiyini bildirib. Bu fikirləri o, lap əvvəldən - Londonda məhkəmə prosesi başlayandan səsləndirir. Və Azərbaycan cəmiyyəti onun bu açıqlamalarına inanmır, çünki ölkə insanı Feyziyevin sahibi olduğu “Avromed” şirkətini heç vaxt yaxşı yöndən tanımayıb, daha doğrusu, şirkət özünü belə tanıtmayıb. Bu, necə olub? Sualın cavabını tapmaq üçün qısa bir araşdırma aparmaq kifayətdir...
Azərbaycanda sayı yüz minlərlə ölçülən şəkərli diabet, qan və onun komponentlərinin çatışmazlığı, hemofiliya, talassemiya, böyrək çatışmazlığı və sair sağalmaz xəstəliklərdən əziyyət çəkən insan var. 2000-ci illərin əvvəllərindən - dövlət belə xəstələrin dərman, avadanlıq təminatını öz üzərinə götürəndən indiyədək “Avromed” bu təminatın təchizatçısıdır. Eyni zamanda şirkət ölkə üzrə ən geniş aptek şəbəkələrinin də sahibidir. Bu baxımdan, ölkədə dərman qiymətlərinin dəvə belinə qalxması, imtiyazlı xəstələrin dövlət verən dərmanlarının vaxtında çatdırılmaması, çatdırılanın keyfiyyətinin aşağı olması və sair problemlər əhalinin diqqətini daim bu şirkətin üzərində saxlayıb. Şirkət isə heç nəyə, heç kimə baxmadan öz işində olub.
Məlumdur ki, “Avromed” 20 ilə yaxındır səhiyyə qurumlarının “sevimlisi”dir: az qala bütün sifarişlərin alıcısı olmaqla. Tək səhiyyə qurumları deyil, ayrı-ayrı nazirliklərin tabeliyindəki tibbi qurumların da. Tenderlərin qeydiyyatı sisteminə baxdıqda, “AvroMed Company” MMC-nin yalnız Səhiyyə Nazirliyi deyil, Gənclər və İdman, Müdafiə Nazirliyindən, Dövlət Miqrasiya Xidmətindən, Daxili İşlər Nazirliyindən, Dövlət Sərhəd Xidmətindən, Bakı Metropolitenindən, Dövlət Dəmir Yolu QSC-dən də külli miqdarda sifarişlər almış olduğunu görmək olur. Nəzərə alsaq ki, təkcə şəkərli diabet xəstələrinə dövlət hesabına tibbi təyinatlı vasitə (şəkərölçən aparatlar) və dərman preparatlarının alınmasına ilk illərdə 10-12 milyon manat, daha sonra 30 milyon manata yaxın vəsait ayrılıb, onda C.Feyziyevin “biznes”inin nə qədər uğurlu olduğunu təsəvvür etmək mümkün olar. Bir nümunə gətirək: 2012-ci ildə “Avromed” müxtəlif qurumların keçirdiyi 20 tenderdən qalib çıxardılıb. Bu tenderlərin 15-də təkbaşına, 5-də isə digər şirkətlərlə birgə. Təkbaşına aldığı sifarişlərin həcmi 36 milyon 195 min 605,15 manat təşkil edib. Birgə aldığı satınalmanın məbləği isə 2 milyon 31 min 959,85 manat olub. Şirkət 2013-cü ildə 30 tenderin, 2014-cü ildə 35 tenderin, 2015-ci ildə - büdcə xərclərinin kəskin azaldığı ildə 20 tenderin, 2016-cı ildə 10 tenderin qalibi olub. 2017-2021-ci illərdə də aldığı sifarişlərin həcmi yüz milyonlarla manata çatıb.
Ələsgər Əhmədoğlu
Hüquqşünas Ələsgər Əhmədoğlu bildirir ki, C.Feyziyev ictimai şəxsləri təhqir etməkdənsə, Londonda əlindən alınan vəsaitin Azərbaycandan qanuni yollarla çıxarıldığını sübut edən sənədləri təqdim etməliydi: “Amma nədənsə onu tənqid edən, onun hesab verməli olduğunu deyənlərə böhtan yaxarkən, özünün müsadirə olunan 11 milyon 500 min manat vəsaitini və habelə müsadirə edilməyən 23 milyon manat üçün (toplam 34 milyon 500 min manat) ölkə qanunvericiliyinə əsasən 6 milyon 900 min manat mənfəət vergisini ödədiyinə dair bank çıxarışının şəklini paylaşmayıb. Çünki əgər ölkədən bu qədər vəsaiti çıxarıbsa, bu, xalis mənfəəti olduğuna görə ona müqabil olaraq 20 faiz miqdarında mənfəət vergisi ödəməli idi. Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir və 105.1-ci maddəyə görə, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.
Vergi Məcəlləsinin 122-ci maddəsinin tələbini də nəzərə alsaq, toplam 10 milyon 400 min manatdan çox vergi ödənişi olmalı idi. (122.1. Rezident müəssisə tərəfindən ödənilən dividentdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur).
Cavanşir Feyziyev yaydığı statusunda aydın şəkildə vurğulayıb ki, “bu vəsaitlər 1987-2010-cu illər ərzində mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər”.
Yekunda isə özgüvənini göstərərək deyir: “Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur”.
Bu ifadələri yazarkən Cavanşir Feyziyev nədənsə bu dediklərini təsdiq edən sənədləri əlavə etməyi “unudub”".
Hüquqşünasa görə, C.Feyziyev xüsusilə indiki statusunu - Milli Məclis üzvü olan şəxslərin biznes fəaliyyətinin qadağan olunduğunu bilərək, məsələyə qatmamaq üçün bütün gəlirlərinin məhz 2010-cu ilədək əldə olunduğunu vurğulayıb: “Amma unudur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsi onun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim etməli olduğu məlumatlar arasında onun 34 milyon 500 min manat gəlirinin (bundan artığının da təbii) miqdarı və mənbələri haqqında məlumat da olmalı idi. Seçki Məcəlləsinin 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; tələbi olduğuna görə, MSK da 2010-cu, 2015-ci və 2020-ci illədrədə Cavanşir Feyziyevi namizəd kimi qeydə aldığına görə bu məlumatlar MSK-ya təqdim edilmiş olmalıdır. Məsələ ictimai müzakirəyə, habelə bundan sonra məhkəmə müstəvisinə çıxacağına görə bir siyasətçi kimi Feyziyev bu məlumatları yaymaqla bağlı siyasi məsuliyyət daşıyır. Yəni 2010-cu ildə MSK-ya hansı məlumatı verdiyinə dair”.
Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev isə diqqəti Cavanşir Feyziyevə məxsus “Avromed” şirkətinin son illərdə aldığı dövlət sifarişlərinə yönəldir: “Bu şirkət bir ildə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və s. qurumlardan nə az, nə çox - 122 milyon 800 min manatlıq 17 tender ”udub". İl təzə başlayıb, bu ilin ilk ayında 8 milyon manatlıq 4 tender “udub”. Hələ bu açıq mənbələrdə göstəriləndir. 2017, 2018, 2019, 2020, 2021-ci illərdə təkcə şəkər xəstələri üçün Səhiyyə Nazirliyindən şirkətə hər birinin dəyəri 29-31 milyon manat olan tenderlər verilib. 5 ildə təkcə bir istiqamət üzrə bir quruma 150 milyon manatdan çox. Bu qədər pul dövlət büdcəsindən təsisçisi meymun olan bir şirkətə də getsə, o şirkət “uğurlu biznes” olar".
Hafiz Babalı
Araşdırmaçı-jurnalist Hafiz Babalı C.Feyziyevin Azərbaycandakı biznesinin miqyasını araşdırıb: “C.Feyziyev özü deyir ki, ”Avromed"dəki payını 2016-cı ildə satıb. Şirkətin rəhbərliyindən isə 2010-cu ildə - deputat olanda gedib. Baxmayaraq ki, cənab Feyziyev şirkətdəki payını, şəriklərinin payını açıqlamır, onun 2016-cı ilədək şirkətdə payçı olaraq qalması belə qanun pozuntusudur.
Cavanşir Feyziyev deputatlığa namizəd kimi Azərbaycanda gəlir bəyannaməsi verir. O, bir müddət əvvələ qədər həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü idi. AŞ PA-nın qaydalarına görə, nümayəndə heyətinin üzvləri maraqlar haqda bəyannamə doldurub verməlidirlər. Cavanşir Feyziyev 2020-ci ilin fevral ayının 28-də bəyan edib ki, son iki ildə onun Milli Məclisin üzvü kimi gəlirləri 58 922 manat olub. Başqa yerdən tutduğu vəzifəyə görə, o cümlədən səhmdar kimi 1 qəpik də əldə etməyib. Eyni zamanda o, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olduğunu, 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktoru, “Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisi olduğunu bəyan etməyib. Halbuki öz internet bloqunda bunu qeyd edib( https://cavansir.feyziyev.com/ictimai.php).
Bəyannamədə AŞ PA üzvlərinin hər hansı mənbədən əldə edə biləcəkləri pul, hədiyyə və digər maddi nemətlər barədə də suallar var. Deputat həm onlar üzrə, həm də digər kateqoriyalara aid edilməyən və onun Parlament Assambleyasında, xüsusən məruzəçi və ya seçki müşahidə missiyasının üzvü kimi vəzifələrinin icrasına təsir göstərə biləcək hər hansı digər maddi maraqlar barədə bəndləri cavabsız buraxıb. Yəni Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun sədri kimi bu ölkədəki bank hesablarında olan vəsait, onlardan əldə etdiyi faiz gəlirləri barədə məlumat verməyib.
Bəyannamə tələblərindən biri deputat Feyziyevin həyat yoldaşının və digər ailə üzvlərinin, o cümlədən ödənişli və ya könüllü işçilərinin onun Parlament Assambleyasındakı vəzifələrini, xüsusən məruzəçi və ya seçki müşahidə missiyasının üzvü kimi yerinə yetirməsinə təsir edə biləcək hər hansı iqtisadi, kommersiya, maliyyə və ya digər mənafeləri barədə məlumatın verilməsini tələb edir. Lakin C.Feyziyev bu bölməni də cavabsız qoyub".
H.Babalının sözlərinə görə, C.Feyziyev öz səhifəsində 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisi olduğunu qeyd edir: “Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel"in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Yəni deputatın biznes fəaliyyətindən çəkildiyini söyləmək mümkün deyil".(Yeni Müsavat)
Digər xəbərlər