Tarix: 05-01-2022 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycan müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqləyib".
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Yeni il təbrikində bildirib.
Fransalı diplomat 2022-ci ilin ötən illə müqayisədə Azərbaycan üçün daha yaxşı perspektivlər vəd etdiyini deyib. "Ermənistanla mümkün sülh perspektivi heç vaxt bu qədər inandırıcı olmamışdır, ölkə daxilində köçkün düşmüş insanların öz torpaqlarında yenidən məskunlaşdırılması layihəsi konkretləşir, neft və qazın qiyməti Azərbaycan üçün əlverişlidir, Bakının böyük qonşuları və əsas xarici tərəfdaşları ilə münasibətləri geniş şəkildə müsbətdir", - deyə diplomat bildirib.
Səfir Qrossun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan əlaqələri son bir ildə daha da möhkəmlənib. "Avropa İttifaqının 27 dövləti Azərbaycana regional bağlantı, davamlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi naminə konkret öhdəliklərlə dərin əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq böyük beynəlxalq çağırışlarla üzləşən daha suveren Avropa və Azərbaycan Respublikasına xidmət edə bilər və etməlidir".
Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təşviqinə toxunan Fransanın Azərbaycandakı səfiri onun ölkəsinin Prezidentinin bu istiqamətdə səylərini 2022-ci ildə davam etdirəcəyinə əminliyini ifadə edib.
"Fransa Səfirliyi 2022-ci ildə əməkdaşlıq imkanlarının, o cümlədən minaların təmizlənməsi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməkliyi və xüsusən də Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək".
Azərbaycanın Sovet İttifaqı dağıldıqdan sonra tənəzzül edən iqtisadiyyatını yenidən bərpa etdiyini vurğulayan Fransa səfiri Azərbaycanın indi daha inklüziv, sosial, demokratik, innovativ və kreativ cəmiyyətə doğru irəliləmək üçün resurslara malik olduğunu qeyd edib. "O, Ermənistanla sülh təşəbbüsü həyata keçirməklə, iqlim dəyişikliyi və COVID-19 ilə mübarizə səylərini birləşdirməklə, biomüxtəlifliyin qorunması, qadın hüquqlarının təşviqi və kiber-təhlükəsizlik təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyin təminatçısı olmaq vasitələrinə malikdir". (report.az)
Digər xəbərlər