Saytımızı qiymətləndirin


 
 

Stiven Houkinq və Ramiz Mehdiyevin qara dəliyi
Tarix: 29-12-2021 | Saat: 11:41
Bölmə:Karusel / Yazar | çapa göndər

Stiven Houkinq və Ramiz Mehdiyevin qara dəliyi

Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyası açıqlama yaydı ki, qurumun Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən müəssisənin 100-ə yaxın əməkdaşına, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə müxtəlif çeşiddə ərzaq yardımı edilib. Yayılan xəbəri fotolar müşayiət edirdi. Alimlərin, elm adamlarının ərzaqla dolu qutuları qucaqlarına aldıqları yerdə şəkilləri çəkilmişdi. 

Bu görüntülər ictimaiyyətdə hiddətlə qarşılandı. Onlar alimlərə qarşı hörmətsizlik edildiyini, bir "karopka" ərzağa möhtac duruma salındıqlarını bildirirdilər. Mövzu hələ də aktualdır.

Təsadüfdən bu ərəfədə mən məşhur alim Stiven Houkinqin kitabını oxuyurdum. Sözügedən xəbəri görəndə gözümün qabağına AMEA-nın prezidenti Ramiz Mehdiyev, Stiven Houkinq və qara dəliklər gəldi. Ona görə də yazının başlığını “Stiven Houkinq və Ramiz Mehdiyevin qara dəliyi” qoydum. Əslində, yazıya onların ikisinin fotosunu qoymaq istəyirdim. Amma bu Stiven Houkinqə hörmətsizlik olar deyə düşünüb sonradan fikrimi dəyişdim.

Stiven gənc yaşlarından hərəkət qabiliyyətini itirmişdi. Sonrakı bütün həyatını əlil arabasında keçirdi. Tale elə gətirdi ki, o danışmaq qabiliyyətini də itirdi. Amma müasir texnologiyanın sayəsində insanlarla ünsiyyət qura bilirdi. Əsrarəngiz beyni vardı: düşünür, mühakimə edir və inanılmaz məntiq özəlliyinə sahib idi...

Stiven fizika, xüsusilə də kosmos sahəsində böyük nəzəriyyələr ortaya qoydu. Təkcə dünyanın yaranışını araşdırmadı, həm də dünyanın çöküşü ilə bağlı öz arqumentləri sayəsində proqnozlar irəli sürdü. Bu yarımcan adam kosmologiya elminə can verdi.

Yaşadığı ömrün böyük hissəsini isə qara dəliklərin araşdırılmasına həsr etdi. Heç bir alimin nail ola bilmədiyi uğurlar qazandı. İz qoydu bu dünyada...

Ramiz Mehdiyev də alimdir. O da “qara dəlikləri” araşdırır. Onun qara dəliklərində isə qaranlıq hadisələrin baş verdiyi heç kimə sirr deyil. Təkcə son 1-2 ildə bu qaranlıq dünyada baş verən onlarla olay işıq üzünə çıxıb. Hədəf elm deyil, daha çox pul qazanmaq, var-dövlət toplamaq. Əslində, o da bu dünyada iz qoymağa çalışır. Sadəcə, strategiya fərqlidir. 

Mən Azərbaycan elmindəki elmsizliyi təkcə Ramiz Mehdiyevin əsəri hesab etmirəm. O, cəmi iki ildir ki, bu elm yuvasına rəhbərlik edir. Bəs ondan əvvəl nə olmuşdu? Bəyəm, ondan əvvəl alimlərimizin əlləri Nobelləmi oynayırdı?! 

Alimlik təkcə elmi bilik deyil, həm də xarakterdir. Qucağına broyler toyuğu ilə doldurulmuş yardım "karobka"sı götürən ailmin təbii ki, xarakterində problemlər var. Sözsüz, kimsə deyə bilər ki, onun buna ehtiyacı olub. Amma bu, boş laqqırtıdan başqa bir şey deyil. Əmin olun ki, bir qutu yardım heç balaca uşağın da ehtiyacını ödəyə bilməz. 

Bəs bu durum niyə yaranır? Biz niyə bu qədər “özünəməxsusuq”? Dünyanı irəli aparan proseslər bizi niyə geri çəkir? Bu sualların cavabını bilmirəm. Bəlkə də cavab Mörfi qanunundadır: Bizim dünyada (indiki halda - ölkədə) hadisələrin hamısı lazım olan kimi baş vermir.

Və sonda:

2021-ci ili başa vururuq. Dünya hələ də savaş içində, insanlar hələ də bir-biri ilə sidik yarışındadır. Yersiz təkəbbür, acgözlük insanların bu həyatını əsl cəhənnəmə çevirir. Özünü çox əhəmiyyətli hesab etmək istəyi gözləri kor, qulaqları kar edir. Amma kimsə oturub düşünmür ki, o bir fərd olaraq dünya, tarix və kainatımız üçün bir qum dənəsindən fərqli deyil. Bunu anlayanda savaşlar da, yersiz rəqabətlər də bitəcək. Niyə cənnətə getmək üçün ölmək lazımdır? Cənnəti bu dünyada, yer kürəmizdə yarada bilərik. Bu olmadı, ölkəmizdə, o da olmadısa, öz həyətimizdə və həyatımızda...  

Elnur Məmmədli



Xəbəri paylaş

513 dəfə oxunub.

Digər xəbərlər