Saytımızı qiymətləndirin


 
 

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...
Tarix: 15-10-2021 | Saat: 21:31
Bölmə:Karusel / Dünya | çapa göndər

“The Financial Times” yazır ki, “Türkiyənin qırıcı təyyarə problemi var”, çünki ABŞ onilliklərdir NATO üzvü olan bu ölkənin sifariş etdiyi 100-dən çox təkmil F-35 qırıcı təyyarəsi almasını qadağan edib. Halbuki bu qırıcılar Türkiyə hərbi hava qüvvələrinin bel sütununu təşkil etməli idi.

ABŞ bununla da Rəcəb Tayyib Ərdoğanı Vladimir Putindən Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemi aldığına görə cəzalandırır. Qəzet yazır ki, Ankara bir gün öz hərbi hava qüvvələrini özünün istehsal etdiyi qırıcılarla quracağına ümid edir, amma hələlik qocalmaqda olan F-16 qırıcılarından ibarət donanmasına güvənir. Məqalədə xatırladılır ki, Ankara elə bu səbəbdən Vaşinqtondan 40 yeni F-16 istəyib. Türkiyə habelə 80 köhnə təyyarənin yenilənməsi üçün ehtiyat hissələri almaqdan ötrü sorğu göndərib. 

Türkiyənin müdafiə sənayesi üzərinə ABŞ sanksiyaları 2020-ci ilin dekabrında qoyulub. Halbuki onun qonşusu və köhnə rəqibi Yunanıstan həm Fransadan “Rafale” qırıcıları, həm də ABŞ-dan F-35 təyyarələri alır.

ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemini özünün F-35 qırıcıları üçün hədəf hesab edir. Bu səbəbdən Ankara ümid edir ki, onun F-16 xahişi ilə bağlı problemi olmamalıdır. Məqalədə deyilir ki, Türkiyənin bu  sifarişinin yerinə yetirilməsi təkcə ABŞ müdafiə sənayesi üçün sərfəli olmazdı, həm də ABŞ və onun müttəfiqləri arasında münasibətləri sağlamlaşdırardı.

Qəzet qeyd edir ki, Qərb müttəfiqləri Ərdoğanın Putinlə yaxınlaşmasında maraqlı deyillər. Hazırda Vaşinqtondakı Carnegie Beynəlxalq Sülh Fondunda çalışan keçmiş diplomat Alper Coşkun deyir ki, ABŞ-ın Türkiyənin istəyinə qarşı çıxmaması Qərb üçün son dərəcə faydalı olardı: “Burda əsl imkanlar var. Bu, Türkiyənin müdafiə sisteminin, ən azı onun əhəmiyyətli elementinin transatlantik münasibətlərə bağlılığını təmin edərdi. Bu, bütün başqa sahələrdə də təlatüm yaradan dilemmadan çıxış yolu olardı”. 

Narahatlıq bundandır ki, Ərdoğanın başqa yolu qalmaya bilər. Məqalədə xatırladılır ki, 2019-cu ildə Rusiyada keçirilən aviasiya şousunda Putinlə dondurma yeyən Ərdoğan ondan yarızarafat Su-57 qırıcıları almağın mümkün olub-olmamasını soruşmuşdu. Bəzi Qərb rəsmiləri narahatdırlar ki, indi həmin zarafat gerçəyə çevrilə bilər.

Türkiyənin F-16 xahişinin yerinə yetirilməsini istəyən bir Avropa diplomatı müxbirə deyib: “Əgər amerikalılar bu satışa razı olmasalar, Türkiyə nə edəcək? Onlar qırıcıları ya Rusiya, ya da Çindən alacaqlar. Onlar bu boşluğu doldurmalıdırlar”.

Lakin məqalədə deyilir ki, ABŞ-ın inadından dönüb-dönməyəcəyi hələlik aydın deyil. F-16 qırıcılarının  Türkiyəyə satışı Ərdoğana çoxsaylı iradları olan Konqres tərəfindən bloklana bilər. 

Ərdoğan ABŞ-a yeni F-16-lar barədə sifarişdən əvvəl CBS telekanalına müsahibəsində demişdi:“Gələcəkdə heç kim bizim hansı ölkədən və hansı səviyyədə müdafiə sistemləri almaq qərarımıza müdaxilə edə bilməyəcək”.

Filadelfiyada mənzillənmiş Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn deyir ki,  qəzəblənmiş Konqres Ərdoğandan S-400 məsələsində kompromis gözləyir, amma Türkiyə prezidenti çətin ki, belə bir güzəştə hazır ola.

Bu vəziyyət Bayden administrasiyası üçün dilemma yaradır. Türkiyədən heç bir geri addım görmədən onun F-16 ricasına əməl olunması Ankara tənqidçilərinə əsassız lütfkarlıq kimi görünə bilər. Əgər F-16 məsələsində Türkiyəyə rədd cavabı verilsə, onda Ankaranın əlinə Rusiyaya üz tutmaq üçün girəvə düşəcək. Məqalədə deyilir ki, Türkiyənin müdafiə sahəsində Rusiya ilə daha dərin əməkdaşlığı Ankaranın maraqlarına xidmət etmir.

virtualaz.org



Xəbəri paylaş

1385 dəfə oxunub.

Digər xəbərlər