Tarix: 11-08-2021 | Saat: 19:54
Bölmə:Karusel / Multimedia | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qarabaginfo.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.
Hakim Ə.Hacıyev təqsirləndirilən şəxslərə hüquqlarını izah edib, ittihamın mahiyyətinin aydın olub-olmadığını onlardan soruşub: "İttihamın mahiyyəti sizə aydındırmı? Özünüzü təqsirli bilirsinizmi?" F.Mollazadə və S.Əlizadə ittihamın mahiyyətinin aydın olduğunu və özlərini qismən təqsirli bildiklərini deyiblər.
Hakim F.Mollazadəyə ifadə verməyi təklif edib. F.Mollazadə hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Digər təqsirləndirilən S. Əlizadə də hazırkı mərhələdə ifadə vermək istəməyib. Zərərçəkmiş qismində tanınan XİN nümayəndəsi dəymiş ziyanın tam ödənilməsini istəyib. Daha sonra prosesdə şahid qismində "Muğanbank" və "Əmrah Bank"ın əməkdaşı olmuş Rövşən Məmmədov dindirilib.
O, Səlim Əlizadəni tanıdığını deyib: "Səlim Əlizadə ilə Rəşad adlı tanışım vasitəsi ilə tanış olmuşam. Bundan sonra onu şirkətlərin rəhbərləri ilə tanış edirdim. Mənim tanış etdiyim şirkətlər süni şəkildə tenderlərin qalibi olublar. Daha sonra Xarici İşlər Nazirliyindən həmin şirkətlərin bankımızda olan hesablarına pul köçürülürdü. Şirkətlər də pulu nağdlaşdırıb 90 faizini Səlim Əlizadəyə verirdilər. Banka müştəri cəlb etdiyim üçün mən də dövriyyədən öz payıma düşəni alırdım".
Şahid digər təqsirləndirilən F.Mollazadəni tanımadığını deyib. Şahid qismində məhkəmədə dindirilən Rza Hümbətəliyev də analoji ifadə verib: "Öz adıma MMC açıb vermişdim Rövşənə. Necə fəaliyyət göstərdiyini bilmirdim. Şirkətin hesabına gələn pullardan mənə iki -üç faiz pul çatırdı".
Məhkəmə prosesi avqustun 18-də saat 16:00-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb.
Virtualaz.org
Digər xəbərlər