Tarix: 03-06-2021 | Saat: 20:04
Bölmə:Karusel / Multimedia | çapa göndər
Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən və istintaqı başa çatan Livan vətəndaşının sabah məhkəməsi keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etdiyinə görə istintaqa cəlb edilib.
Qeyd edək ki, ötən ay Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin bununla bağlı yaydığı birgə məlumatında deyilir:
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə olunub.
Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə qarşı çoxsaylı təxribatlara əl atıb.
Belə ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul etmiş, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
05.05.2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib".
Digər xəbərlər