Tarix: 30-09-2026 | Saat: 16:50
Bölmə:Karusel / Dünya | çapa göndər
Azərbaycan Milli QHT Forumunun üzv təşkilatının təmsilçisi Nigar Ramazanova Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib.
Qarabaginfo.az-ın xəbərinə görə, o, çıxışında Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi və itkin düşmüş şəxslərin taleyi məsələlərinə diqqət çəkib.
Onun sözlərinə görə, kütləvi mina çirklənməsi yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının təhlükəsiz şəkildə öz torpaqlarına qayıtmasına mane olur: “Torpaqlarımızın işğal altında olduğu onilliklər ərzində Ermənistan sistemli şəkildə Azərbaycan ərazilərini minalayıb və bu, indiyə kimi davam edən və mülki şəxslərin həyatı bahasına başa gələn bir təhlükə yaradıb”.
Nigar Ramazanova vurğulayıb ki, Qarabağ müharibəsi dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də məlum deyil: “Təəssüf ki, Ermənistan bu kütləvi məzarlıqların yeri və digər ətraflı məlumatları şəffaf şəkildə bizimlə bölüşməkdən imtina edir”.
O, BMT-nin İnsan Hüquqları Şurasını Ermənistanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə, bütün kritik məlumatları bölüşməyə, qurbanların, eləcə də onların ailə üzvlərinin fundamental hüquqlarına hörmət göstərməyə vadar etməyə çağırıb.
“Bu mühüm humanitar məsələləri BMT İnsan Hüquqları Şurasının platformasında səsləndirmək mənim üçün bir Qarabağ sakini kimi xüsusi əhəmiyyət daşıyır”, - Nigar Ramazanova əlavə edib.
Digər xəbərlər

















