Saytımızı qiymətləndirin


 
 

22 il ötən terror aktı - Dünya siyasətini dəyişən OLAY
Tarix: 11-09-2023 | Saat: 17:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

 

22 il ötən terror aktı - Dünya siyasətini dəyişən OLAY

Bu gün 11 sentyabr 2001-ci ildə ABŞ-ın Nyu-York şəhərində baş vermiş terror aktından 22 il ötür. Tarixi ədəbiyyata "əkiz qüllələrə terror hücumu", "9/11" olaraq düşən bu qanlı hadisə dünya siyasətində əsaslı dəyişikliklər yaratdı.

 

Qarabaqinfo.az ildönümü günündə terror aktı ilə bağlı faktları toplamağa çalışıb.

 

Hadisə eyni vaxtda həyata keçirilmiş koordinasiyalı 4 terror aktından ibarət olub. Həmin gün səhər saatlarında ümumilikdə 19 nəfərdən ibarət 4 terrorçu qrup təyyarələr qaçırıb. 2 təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpılıb. Nəticədə hər iki qüllə uçub, bitişik tikililərə ciddi ziyan dəyib. Üçüncü təyyarə Vaşinqton yaxınlığında yerləşən Pentaqonun binasına istiqamətlənib. Dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğrayıb.

 

Hücumlar nəticəsində 19 terrorçu nəzərə alınmazsa, 2977 nəfər həyatını itirib, daha 24 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti mülki şəxslərdir. Terror hücumu qurbanların sayına görə tarixdə ən böyük hadisələrdən biri kimi qeydə alınıb. Təyyarələr qaçırıldıqdan sonra bəzi sərnişinlər təyyarənin peyk telefonundan, eləcə də mobil telefonlardan hadisə barədə məlumat ötürməyə müvəffəq olublar. Onların məlumatlarına görə, terrorçular bıçaq da istifadə ediblər və soyuq silahla bəzi sərnişin, pilot və stüardessaları qətlə yetiriblər. 

 

 

Bundan əlavə, terrorçular qaz balonlarından istifadə edərək təyyarəni partlatmaqla hədələyiblər. Sonradan partlayıcılarla bağlı iddia təsdiqini tapmayıb. Təyyarələrdən birinin stenoqramına görə, ekipaj və sərnişinlər cib telefonlarından qaçırılan digər təyyarələrin Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıldığını öyrəndikdən sonra təyyarəyə nəzarəti bərpa etməyə cəhd ediblər. Məlumata görə, qəzaya uğrayan təyyarədəki terroçuların hədəfi öz aralarında “hüquq fakültəsi” kodu ilə adlandırdıqları Kapitol binası olub.

 

Hadisədən sonra ABŞ-da bütün kommersiya uçuşları ləğv edilib. Həmçinin ABŞ-a təyyarələrin enişi qadağan olunub. Havada olan daxili uçuşlar istisna olmaqla, digər ölkələrdən ABŞ-a gələn təyyarələr ya geriyə, ya da Kanada və Meksikadakı hava limanlarına yönləndirilirib. Hərbi Hava Qüvvələri və Milli Qvardiya qırıcıları ABŞ-ın iri şəhərlərində patrul həyata keçirib. Baş verən hadisələr ABŞ-da geniş informasiya xaosuna səbəb olub.

Sonradan yalan olduğu üzə çıxan bir sıra terror aktları barədə də məlumatların yayılması bir müddət tendensiya kimi davam etmişdi. Məsələn, ABŞ Dövlət Departamentinin binası yaxınlığında bomba yüklü avtomobilin partlaması, Vaşinqtonda ticarət mərkəzində yanğın və Truman binasının partladılması şayiələri geniş vüsət almışdı. Bundan əlavə, guya daha iki təyyarənin qaçırıldığı bildirildi. Fövqəladə vəziyyətlərdə hökumətin fəaliyyətini davam etdirmək planları, eləcə də liderlərin təxliyəsi planları işlənib hazırlandı.

 

 

Terror aktı zamanı ziyan görən və sökülməsinə qərar verilən binaların dağıdılması 2011-ci ilin fevralında tamamlanıb. Yaxınlıqdakı bəzi binalar isə ciddi ziyan görsə də, təmir edilib. Dünya Ticarət Mərkəzinin terror aktı nəticəsində məhv olması XX əsrin mühüm arxivləri və qiymətsiz sənət əsərləri, o cümlədən ispan sürrealisti Joan Mironun, heykəltəraşlar Auquste Roden və Aleksander Kalderin şah əsərləri məhv olub. Bu, ümumdünya mədəniyyəti üçün böyük itki hesab olunur.

 

ABŞ prezidentin şəxsi fotoqrafı tərəfindən çəkilmiş Con Kennedinin fotoşəkillərinin 40 min neqativi, rus əsilli amerikalı rəssam Luiza Nevelsonun böyük formatlı taxta heykəli, amerikalı rəssamlar Hunt Slonem və Roy Lixtenşteynin monumental əsərləri və bir çox başqa sənət əsərləri sıradan çıxıb. Partlayış və yanğın nəticəsində Pentaqon binasının bir hissəsi zədələnib və dağılıb. Hadisə zamanı qüllələrdə 16 min adam olub ki, onların əksəriyyəti evakuasiya edilərək sağ qalıb.

 

 

Bu terror aktının nəticələri kimi NATO qoşunlarının Əfqanıstan və Pakistanda Əl-Qaidə və Talibana qarşı cavab tədbirləri və ABŞ qoşunlarının və onların müttəfiqlərinin İraqa müdaxiləsi göstərilə bilər. Hadisəni törətdiyi təsbit olunan Əl-Qaidə terror təşkilatının lideri Usama Bin Laden 2011-ci ildə Pakistanda gizləndiyi məkanda zərərsizləşdirilib. Dünyanın siyasi mənzərəsini, beynəlxalq aktorların davranışlarını kökündən dəyişən bu olay bəşər tarixinin ən qara səhifələrindəndir.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər