Tarix: 27-10-2025 | Saat: 12:48
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramı çərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib.
Qarabaginfo.az xəbər verir ki, bu nailiyyət hava limanının karbon emissiyalarının idarə edilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsində davamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədə tanınmasını ifadə edir.
ACA proqramı Beynəlxalq Hava Limanları Şurası (Airports Council International – ACI) tərəfindən təsis edilmiş və hava limanlarının karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini qiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqram müstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarının enerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılması üzrə nəticələrini təsdiqləyir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru “Yaşıl Hava Limanı” təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit və Enerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Hava limanı artıq “ISO 14001:2015” (Ətraf Mühitin İdarəolunması Sistemi) və “ISO 50001: 2018” (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalq sertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusional səviyyədə təmin edildiyini göstərir.ı
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib ki, bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli və dayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır: “Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyət fəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızın mərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləri dayanır”.
“ACI EUROPE”un baş direktoru Olivye Yankovets isə qeyd edib: “Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçün qlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra 3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanın ən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyi sahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri və digər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətində fəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəm və onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləri birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.
3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsində deyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəli tərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsini əhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanı region və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanı olub.
Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsində akkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınının yarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekoloji öhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyir.
Hava limanı bu uğuru “Daha Yaşıl Gələcək üçün Birlikdə” (Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət və əməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcək mərhələlərdə də “Yaşıl Hava Limanı” təşəbbüsləri və ESG strategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.
Qeyd edək ki, “Airport Carbon Accreditation (ACA)” – “ACI” tərəfindən təsis edilmiş yeganə qlobal proqramdır. O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrə fəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir. Proqram “Level 1”, “Level 2”, “Level 3”, “Level 3+”, “Level 4”, “Level 4+”, və “Level 5” mərhələlərindən ibarətdir.
Digər xəbərlər















%20(4):1200.jpg)


