Tarix: 25-11-2025 | Saat: 14:59
Bölmə:Karusel / Dünya | çapa göndər
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan J.S. ifadə verib.
O bildirib ki, iş üzrə təqsirləndirilən Martin Ryanla feysbukda tanış olub.
“Martin Ryan mənə 2022-ci il sentyabrın sonu, oktyabrın əvvəli feyzbukda dostluq atdı. Profilinə baxdım. Ortaq tanışlarımız var idi deyə qəbul etdim. Sonra mənə yazdı. Biz danışdıq. O, burada bizneslə məşğul olmaq, ailə həyatı qurmaq planlarından danışırdı. Biz bir neçə dəfə görüşdük. Sonra ondan xəbər almadım. Telefonuna zəng çatmadı, dostlarının da məlumatı yox idi. Sonra DTX məni Martinlə bağlı ifadə üçün çağırdı”.
Şahid əlavə edib ki, Martinin casus olmasından xəbəri olmayıb: “Əgər belə olsaydı, özüm aidiyyəti quruma məlumat verərdim”.
Şahid bildirib ki, Martinin burada üç yaxın dostu olub. Azad, Ü.Ə və Z.M: “Onları görməmişəm. Martin Z.M-in ona ev tapmaqda köməklik etdiyini, Azadın ağıllı, Ü.Ə-nin isə səmimi biri olduğunu deyib”.
Daha sonra iş üzrə şahid qismində tanınan S.Ş. ifadə verib. O, Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda evini müqavilə əsasında kirayə verib: “Onun səfirlikdə nə işlə məşğul olduğu barədə məlumatım yox idi. Onu vasitəçi tapmışdı. Müqavilə əsasında Badamdarda yerləşən iki mərtəbəli evimi 2000 manata aylıq kirayə vermişəm. Kirayə manatla ödənilib və hər ay özüm gedib pulu təhvil alırdım. Şübhəli məqamla rastlaşmamışam. Loran ailəsi ilə birlikdə evdə qalırdı. Ayın sonu gələndə evə zəng etdim. Cavab gəlmədi. Evə getdim, gördüm ki, qapı bağlıdır və onunla yenidən əlaqə saxlamağa çalışsam da, cavab ala bilmədim. Fransa səfirliyinin “e-mail” ünvanına yazdım. Bir gün sonra cavab gəldi. Cavabda qeyd edilmişdi ki, Loran Qrard təcili şəkildə Fransaya gedib, evin açarları səfirlikdədir və təhvil veriləcək. Bir gün sonra səfirliyin xanım əməkdaşı açarı gəlib qapıda təhvil verdi. Evdə şübhəli heç nə görmədim”.
Digər şahid R.M. ifadəsində qeyd edib ki, istintaq dövründə ifadə verib. İfadəsində ona Martinlə tanışlığı, Azad Məmmədli ilə bağlı suallar verilib: “Mən Fransada təhsil almışam. Orada səfirliyin tədbirində dostum Diana vasitəsilə Martinlə tanış olmuşam. Sıx-sıx görüşümüz olmayıb, amma əlaqələrimiz var idi. Biz adətən azərbaycanlı tələbələrlə gəzirdik, əylənirdik. Ümumi olaraq orada 4 il təhsil aldıqdan sonra ölkəyə qayıtdım”.
Şahid əlavə edib ki, onun ölkədə şirkəti olub: “Bir müddət sonra Martin Azərbaycana gəlib və biz eyni vaxtda təhsil alan azərbaycanlılarla görüşürdük. Görüşün məqsədi o idi ki, həm dili unutmayaq, həm də əlaqələrimiz itməsin. Sonra Martin şirkət açdı. Mənim də şirkətim var idi. Birgə işlədik. İşlərimiz yaxşı gedirdi. İşimizi böyütmək qərarına gəldik. Bunun üçün də fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başladıq. O, bizə müştəri verməli idi. Ortaq şirkət açdıq. Direktoru da Martin oldu. Orada onların faiz payı çox olduğu üçün həlledici qərarı onlar verirdi. Mənim orada cəmi 15-20 faiz payım var idi. Şirkətin funksiyası verilən sifarişlərin çatdırılması idi. Kimsə, məsələn, 50 şərab çəlləyi sifariş edirdisə, biz onu həll edirdik. Sonrada faiz məsələsində problem oldu. İki il sonra şirkəti satmaq qərarına gəldik. Lakin bazar təklif dəyərindən aşağı olduğu üçün satmadıq. Bundan sonra Martinlə münasibətim soyuqlaşdı və biz iki il danışmadıq.”
Tərəflərin sualına cavab olaraq şahid bildirib ki, şirkətin fəaliyyəti zamanı Fransa və İspaniya şirkətləri ilə əlaqə qurublar. Onların sifarişlərinin çatdırılmasını yerinə yetiriblər.
Şahid bildirib ki, 2023-cü ilin yay aylarında Bakıdakı kafelərin birində Martin ona deyib ki, Fransa səfirliyinin ağsaçlı əməkdaşlarından biri ona Afrikada hansısa ölkədə fəaliyyət göstərən şəxsə pul köçürməyi təklif edib. Martin həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğu qənaətində olub.
Şahid həmçinin bildirib ki, 2023-cü ilin yay aylarında Martin onunla görüşmüş və görüş zamanı Fransa səfirliyinin əməkdaşlarından biri tərəfindən üzərində “fransız hərfləri” qeydləri olan klaviatura gətirəcəyini deyib. Martin Ryan həmin şəxslə Bakı şəhərində “Malakan bağı”nda görüşəcəklərini bildirərək ondan oraya birgə getməklərini xahiş edib. O da Martinlə birgə oraya gedib, bundan bir neçə dəqiqə sonra həmin şəxs də oraya gəlib. Görüş zamanı həmin şəxs adını ona bildirsə də, onun yadında həmin ad qalmayıb. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Martin Ryana klaviaturanı verdikdən sonra 5-10 dəqiqə Martinin Bakıdakı şərab satışı ilə bağlı onunla söhbət edib. Fransa səfirliyinin həmin əməkdaşı zahirən sarışın, saqqallı, təxminən 40-45 yaşlarında olan, orta çəkili, ortaboylu bir şəxs olub (ibtidai istintaq prosesində fotoşəkil üzrə tanınma zamanı şahid R.M. səfirliyin həmin əməkdaşını tanımışdır). Bu görüşdə Ü.Ə və Z.M. də onların yanında olub. Onun həmin görüş zamanı təcili işi yarandığından oradan ayrılıb, Martin Ryanla səfirliyin əməkdaşının söhbəti isə davam edib.
Şahid bildirib ki, görüşlərində söhbət zamanı Olqa adlı xanımın adı keçib: “Onun Martinlə əlaqəsi var idi. Martin söhbət zamanı Olqanın rus agenti olması barədə şübhələndiyini deyirdi. Lakin mən bunu ciddi qəbul etmirdim”.
Dövlət ittihamçısı şahidə Martinin casusluq etməsi, başqa şəxsləri buna təhrik etməsi ilə bağlı məlumatı və şübhəsi olub-olmaması ilə bağlı sual ünvanlayıb.
Şahid bildirib ki, bununla bağlı məlumatı olmayıb: “Onunla şirkətə görə iki il danışmamışam. Əgər məlumatım olsaydı, aidiyyəti strukturlara xəbər verərdim.
Şahid ifadələrinə münasibət bildirən Martin Ryan bildirib ki, onun oturum üçün icazəsi olmalı idi:
“Bunun üçün də direktor seçildim, aylıq 1500 manat maaş alırdım. Bundan əlavə təminatımı da verirdilər. Əgər mən Gürcüstanda oturum alsaydım, direktor R.M. də seçilə bilərdi”.
Məhkəmə digər şahidlərin ifadəsi ilə 12 yanvarda davam etdiriləcək.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
Digər xəbərlər

















