Tarix: 18-07-2025 | Saat: 13:12
Bölmə:Karusel / İdman | çapa göndər
Ali Məhkəmədə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovla bağlı hökmdən verilən kassasiya şikayəti və protestə baxılıb.
Qarabaginfo.az xəbər verir ki, bu gün hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, kassasiya şikayəti və protest təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nadir Əliyevə 7 il azadlıqdan məhrumetmə cəzası təyin olunub, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Alik Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər